Fransa ilə yanaşı ABŞ və İngiltərə də Rusiyaya “yox” deyə bilər

Fransa Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə əleyhinə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsinə səs verməyəcək.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, bunu Fransanın BMT-dəki daimi nümayəndəsi François Delattre mətbuata verdiyi açıqlamasında bildirib. Layihəni imzalayıb imzalayacaqları barədə suala fransız diplomatın cavabı xeyli konkret olub:

“Qısaca desək, xeyr”.

François Delattre Rusiya-Türkiyə arasında getdikcə gərginləşən münasibətlərdən duyduğu nigarançılığı da dilə gətirib:

“Asanlıqla nəzarətdən çıxa biləcək və hamımızı qeyri-müəyyənliyə sürüyəcək təhlükəli bir hərbi gərginliklə qarşı-qarşıyayıq”.

Qeyd edək ki, Rusiyanın dünən BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi Türkiyənin Suriyaya quru əməliyyatlarına başlaması ehtimalının qarşısını almağı nəzərdə tutur. Fransanın mövqeyindən isə belə aydın olur ki, həmin qətnamə qəbul olunmayacaq. Çünki BMT nizamnaməsinə görə, Təhlükəsizlik Şurasının qəbul edəcəyi qərarın qüvvəyə minməsi üçün daimi üzvlərin hamısının və üstəgəl, 10 müvəqqəti üzvdən ən azı 4-nün ona səs verməsi lazımdır.

Fransa da Təhlükəsizlik Şurasının daimi üzvüdür. Deməli, yalnız onun əks mövqeyi belə “daimilərin” konsensusunu pozur, qətnamə layihəsinin rəsmiləşməsinin qarşısını alır.

Fransayla yanaşı ABŞ və İngiltərənin də Rusiyaya “yox” deyəcəyi gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button