FRANSA SENATINDAN XAİN QƏRAR

2012-01-24

Paris ermənilərə görə demokratiyanı çeynədi və türk düşmənliyinə imza atdı; İsa Qəmbər “dərhal Türkiyə-Azərbaycan Yüksək Strateji Əməkdaşlıq Şurasının toplantısı çağrılmalıdır”, dedi

Dünən Fransa Senatında “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarıldı. Qeyd edək ki, 2011-ci ilin dekabrın 22-də Fransa Senatının alt palatası “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsi qəbul edib. Daha sonra isə Senatın Konstitusiya komissiyasında rədd edilən qanunun dünənki müzakirələri gərgin keçib və 7 saatdan artıq çəkib.

Müzakirələr başlayan saatlardan Fransada yaşayan on minlərlə türk Senatın əsas giriş qapısının qarşısında aksiya keçiriblər. Bundan başqa müzakirələr getdiyi müddətdə başqa ölkələrdə də Fransa səfirlikləri qarşısında aksiyalar keçirilib.
Həmin saatlarda ermənilər də Senatın ön tərəfində aksiya təşkil ediblər, buna görə də təhlükəsizlik qüvvələri ciddi tədbirlər görüblər.

Müzakirələrdən əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib ki, “Fransa Senatında uydurma “erməni soyqırımı” haqqında qanun layihəsi qəbul olunarsa, bir daha bu ölkəyə getməyəcək.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan ümid etdiyini bildirib ki, Senat Fransanı öz dəyərlərinə zidd bir ölkəyə çevirməyəcək: “Müzakirə olunan qanun layihəsi Fransada fikir və söz azadlığına qarşı yönəlib. Bu, may ayında keçiriləcək seçkiyə hesablanmış bir kampaniyadır. Parisdə on minlərlə qardaşımız, soydaşımız bir araya gəlib bu qanuna etiraz edirlərsə, deməli, gələcəkdə bunun fəsadları çox ağır olacaq”.

Senatdakı gərgin müzakirələr, qeyd etdiyimiz kimi, saatlarla davam edib. Müzakirələr zamanı çıxış edən senator Natali Qule Fransada prezident seçkilərinə az bir vaxt qalmış hakim partiyanın Senatdakı üzvlərinin bu qanun layihəsindən özləri üçün mənfəət götürmək istədiklərini bildirib. «Aydındır ki, bu qanunun qəbulu sadəcə bir seçki oyunudur. Nə üçün biz tarixi tarixçilərə buraxmırıq, məgər dünyada iddia olunan bütün soyqırımları tanımağa borcluyuq? Belə getsə başqa xalqlar da bizdən oxşar qanunların qəbul edilməsini tələb edəcəklər. Ermənilər soyqırımından danışırlar, amma bu məsələnin obyektiv araşdırılması üçün öz arxivlərini gizlədirlər və açıqlamaq istəmirlər. Bundan başqa, bu qanun layihəsinin qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək. Bu gün Ermənistan totalitar, avtoritar İran və Rusiya rejimləri yanında Avropanın daim sadiq olan müttəfiqi Azərbaycana qarşı ərazi iddiaları edir, bu ölkənin ərazilərini işğal edib və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Xocalı şəhərində yüzlərlə azərbaycanlıları qətlə yetiriblər. Bu yaxınlarda Nikolya Sarkozi Cənubi Qafqaz ölkələrində səfərdə olmuşdu. Fransa prezidenti nədənsə bu ölkələrə eyni diqqəti göstərmədi. Ermənistanda bir gün qaldı və “soyqırımı qurbanları abidəsinə” əkili qoydu, Azərbaycanda isə cəmi bir-iki saat qaldı və Şəhidlər xiyabanına gedib əklil qoymadı. Bu cür münasibət göstərmək Fransa diplomatiyası üçün başucalığı deyil», deyə senator bəyan edib.

Müzakirələr zamanı bu məsələnin gündəmdən çıxarılması ilə bağlı Konstitusiya komissiyasını təklifi qəbul edilməyib. Senatın 167 üzvü məsələnin müzakirəsinin gündəlikdən çıxarılmasının əleyhinə, 86 üzvü isə lehinə səs verib. Onu da qeyd edək ki, müzakirələrdə Senatın 60 üzvü iştirak edib, digərilərinin adından isə vəkalətlərlə səs verilib.
Qanun layihəsinin müzakirəsinin gündəlikdən çıxarılmasını istəyən Senat üzvləri buna etiraz olaraq Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini deyiblər.

Fransa hökumətinin üzvü Patrick Ollier müzakirələr zamanı qanun layihəsinin lehinə çıxış edib və senatorların layihəyə səs vermələrini istəyib.
P.Ollier deyib ki, soyqırımın inkarı Fransanın da bölüşdüyü tarixi yaddaşın təhqir edilməsi və əzablara düçar olanları insanları unutdurmaq cəhdidir.
Senatın hüquq komitəsinin rəhbəri Jean-Pierre Sueur isə Senat üzvlərinə müraciətində bildirib ki, hansısa tarixi hadisə ilə bağlı səslənən fikirləri məhudlaşdırmaq olmaz.

Onun qənaətinə görə, tarixin necə yazılması millət vəkillərinin yox, tarixçilərin işidir.
Daha sonra bu qanunun Fransa Konstitusiyasına zidd olması təklifi səsverməyə çıxarılıb və bu təklif də rədd edilib. Səsvermənin nəticəsi belə olub. 81 lehinə, 171 əleyhinə. Səsverməyə çıxarılan üçüncü təklif isə bu qanun layihəsinin komissiyaya göndərilməsi ilə bağlı olub. Bu təklif isə 42 səs lehinə, 196 səs isə əleyhinə olmaqla rədd edilib.

Bundan sonra qanun layihəsi maddə-maddə səsə qoyulub. Bakı vaxtı ilə gecə təxminən saat 01:30 radələrində qanun layihəsinin qəbul olunması barədə rəsmi xəbər yayıldı. Qanun 127 lehinə, 86 əleyhinə olmaqla, qəbul edilib. Bununla da Fransa türk dünyasına qarşı xain bir addım ataraq üzərinə qara bir ləkə götürdü.
Bu qanunun qəbul olunmasının Fransa Konstitusiyasına zidd olduğunu və bu cür məsələlərə qiymət verilməsinin tarixçilərin işi olduğunu söyləyənlərə prezident Nikolya Sarkozinin tərəfdarları belə cavab veriblər: “Əsl cavabdehlik tarixçilərdən çox, dövlətlərindir”.

Qanunun qəbulunun əleyhinə olan Senat üzvləri onun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırlar. Bunun üçün 60 millət vəkili və senatorun imzası lazımdır.
Qeyd edək ki, bu qanun “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə həbs edilməsini və 45 min avro məbləğində cərimələnməsini nəzərdə tutur.
Fransa 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlini 2001-ci ildə “soyqırım” kimi tanıyıb.

Qanun layihəsinin qəbulunu gecə saatlarında əlaqə saxladığımız müxalifət düşərgəsinin təmsilçiləri qətiyyətlə pisləyiblər. Müsavat başqanı İsa Qəmbər öz fikirlərini belə ifadə edib: ““İstər hüquqi baxımdan, söz, ifadə azadlığı baxımından, istərsə də dövlətlərarası münasibətlər baxımından Fransa çox ciddi səhvə yol verdi. Bu sadəcə sözdə soyqırımın inkarının kriminallaşması deyil, bu əslində İFADƏ AZADLIĞININ KRİMİNALLAŞMASI deməkdir. Digər tərəfdən, bu Fransa ilə Türkiyə və Azərbacan arasında etimadın itirilməsi deməkdir. Müsavat Partiyası olaraq biz hesab edirik ki, Azərbaycan iqtidarı bu məsələyə indiyədək laqeyd yanaşdığını etiraf etməli, heç olmasa indi təcili olaraq siyasi mövqeyini ortaya qoymalıdır. İlk növbədə Fransanın Minsk qrupu həmsədrliyinin ləgvi istiqamətində hüquqi addımlar atılmalı və dərhal Türkiyə-Azərbaycan Yüksək Strateji Əməkdaşlıq Şurasının toplantısı çağrılmalı, birgə qərarlar alınmalıdır. Mən İcitmai Paltanın bu məsələ ilə bağlı təcili iclasının keçirilməsini təklif edəcəm. Azərbaycan müxalifətinin aparıcı qüvvələri olan Müsavat Partiyası, digər partiyalar və İP bu məsələyə dair bəyan etdiyi prinsipial mövqeni daha qətiyyətlə davam etdirəcək.”

Baş verən rəzalətə Türkiyə mediası və rəsmiləri üsyan püskürüblər.

“Yeni Müsavat”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button