Fransa Yeni Kaledoniyaya ordu yeridir
Sakit okeanın cənubunda Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyanı iğtişaşlar, müstəqillik tərəfdarları və əleyhdarları arasında toqquşmalar bürüyüb. Etirazlar Yeni Kaledoniyada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanuna görə başlayıb. Təşəbbüsün əleyhdarları hesab edirlər ki, bu, yerli əhalinin hüquqlarını zəiflədəcək. İğtişaşlar zamanı ölənlər var, fövqəladə vəziyyət tətbiq edilib.
Baş nazir Qabriel Attal bildirib ki, Fransa hakimiyyəti fövqəladə vəziyyətin tətbiq olunduğu Yeni Kaledoniyada etirazlara görə ordunu cəlb etmək qərarına gəlib: “Silahlı qüvvələrin hərbçiləri Yeni Kaledoniya limanlarının və aeroportunun təhlükəsizliyini təmin etmək üçün yerləşdiriləcək”.
Fransanın bu ərazi üzrə ali komissarı Lui Le Frank hərbi yardım istəyib, – Attal aydınlıq gətirib. Baş nazirin sözlərinə görə, Le Frank Yeni Kaledoniyada TikTok-un dayandırılmasına da göstəriş verib və komendant saatı elan edib.
Yeni Kaledoniyada etirazlar adalarda yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanun layihəsinə görə başlayıb. Sənədin əleyhdarları hesab edirlər ki, bu, yerli əhalinin seçki imkanlarını zəiflədəcək və Parisin təsirini artıracaq. Aprelin əvvəlində qanun layihəsi Fransa Senatı, mayın 14-də isə Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) tərəfindən təsdiqlənib. Yekun təsdiq iyunun əvvəlinə planlaşdırılır.
Etirazlar iğtişaşlara, qırğınlara və polislə toqquşmalara çevrilib. Səlahiyyətlilərin məlumatına görə, üç yerli sakin, həmçinin bir fransız polisi həlak olub.
2018-ci ildən 2021-ci ilə qədər Yeni Kaledoniyada Fransadan müstəqillik üçün üç referendum keçirilib, onlar müstəqillik tərəfdarlarının məğlubiyyəti ilə başa çatıb.