Fransalı deputatlar Bakıdakı erməni kilsəsində olublar

Fransa Milli Assambleyasının üzvləri, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyəti Bakıda yerləşən Müqəddəs Qriqori kilsəsində (Erməni kilsəsi) olublar.

Virtualaz.org bildirir ki, fransalı qonaqlara kilsənin tarixi, onun qorunub saxlanılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda yüksək səviyyədə təmin olunan dini və etnik tolerantlıq burada müxtəlif konfessiyaların sərbəst fəaliyyətinə imkan yaradır. Kilsədə erməni dilində minlərlə kitab qorunub saxlanılır. Bu kitabların arasında bir neçə yüzillik tarixi olan nadir Bibliya nüsxələri də var.

Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda, 27 il işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, dini, mədəni abidələri məhv etməsinə baxmayaraq, Azərbaycan həmişə başqa dinlərə və mədəniyyətlərə tolerantlıq nümayiş etdirib. Qonaqların diqqətinə çatdırılıb ki, Müqəddəs Qriqori kilsəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib.

Qonaqlar kilsədə gördüklərinin onlarda böyük təəssürat yaratdığını, Azərbaycanda dini və etnik tolerantlığın nümunəsi kimi qiymətləndirdiklərini bildiriblər.

Daha sonra Fransa Milli Assambleyasının üzvləri Azərbaycan-Fransız Universitetini (UFAZ) ziyarət ediblər…

Xatırladaq ki, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvləri noyabrın 12-dən Azərbaycana gəliblər. Səfərin əsas məqsədi Ermənistanın sentyabrın 27-də həyata keçirdiyi hərbi təxribatlarla əlaqədar Azərbaycana dəstək ifadə etmək, Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə qarşı hücumlarının nəticələri ilə yerində tanış olmaq, bu barədə Fransa ictimaiyyətini daha obyektiv məlumatlandırmaqdır. Nümayəndə heyəti səfər zamanı Milli Məclisin sədri Sahibə Qafarova, xarici işlər naziri Ceyhun Bayramov və digər yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşüblər. Həmçinin nümayəndə heyətinin Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü də keçirilib.

Səfər zamanı qonaqlar Gəncədə Ermənistanın hücumları nəticəsində baş vermiş dağıntılarla da tanış olublar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button