Freedom House: Azərbaycanda dissidentləri susdurmaq üçün maliyyə və psixoloji təzyiqlər göstərilir

24.03.2012

Demokratiya, siyasi azadlıqlar və insan haqlarını müdafiə edən Freedom House təşkilatı martın 23-də Azərbaycanda deputatlığa keçmiş namizəd, hazırda həbsdə olan Bəxtiyar Hacıyevin ailəsinə qarşı təzyiqlər barədə bəyanat yayıb.

Azərbaycan rəsmilərinin Hacıyevlər ailəsinə təzyiq göstərməsinin vurğulandığı bəyanatda universitet müəllimi Fikrət Hacıyevin bu yaxınlarda işdən çıxarılması, onun yaxın qohumu Bəxtiyar Hacıyevin siyasi motivlərlə həbs edilməsi, bununla da dissidentləri susdurmaq üçün maliyyə və psixoloji təzyiq göstərildiyi bildirilir. “Fikrət Hacıyev Gəncə Dövlət Universitetinin qərarına etiraz əlaməti olaraq fevralın 10-dan aclıq aksiyasına başlayıb. O, universitetdə korrupsiya hallarını tənqid etdiyinə görə vəzifəsindən azad edilib. 18 il universitetdə müəllim işləyən Fikrət Hacıyev akademik şuranın qərarından sonra işdən çıxarılıb. Tərəfdarları iddia edir ki, bu qərar onun universitetdəki korrupsiya hallarına göz yummaq istəməməsindən sonra qəbul olunub” – deyə sənəddə qeyd olunur.

Freedom House bildirir ki, Fikrət Hacıyev hərbi xidmətdən yayınmaqda ittiham olunaraq, 2 il müddətinə azadlıqdan məhrum edilən Harvard məzunu, gənc fəal Bəxtiyar Hacıyevin məhkəmə proseslərində iştirak etdikdən sonra yerli rəsmilərin təzyiqləri ilə üzləşib.

Çoxları Bəxtiyarın həbsini onun sosial şəbəkələr vasitəsilə insanları hökumət əleyhinə nümayişlərə çağırmasına cavab kimi qiymətləndirir. Bəyanatda deyilir ki, deputatlığa keçmiş namizədin fəallığının nəticəsi olaraq onun digər ailə üzvləri də işlərindən azad olunub.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button