Fuad Əhmədli 4 il azadlıqdan məhrum edildi

Hədəfimiz də, səngərimiz də, mübarizə yolumuz da, məqsədimiz də birdir, dəyişməzdir”.

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib.

Bu haqda dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Fuad Əhmədlinin məhkəmədə son sözlə çıxış edib. Onun çıxışını təqdim edirik:

“İstədim bir dəfə də olsa, zərrə qədər inanım ki, heç olmasa, bir dəfə ölkənin məhkəmə sistemi bir nəfəri, onun şəxsi istəklərini yox, Azərbaycan dövlətinin maraqlarını müdafiə edəcək. Təəssüf ki, olmadı.
Ümumilikdə hüquqlarının necə pozulduğunu anlaya bilməyən zərərçəkmşlərin, nəyə şahidlik etməli olduğunu başa düşməyən şahidlərin və aldığı sifarişi bacardığı və bacarmadığı bütün üsullarla yerinə yetirməyə çalışan sözdə dövlət ittihamçısının yer aldığı bu satirik tamaşanı mən yalnız bir cümlə ilə xarakterizə etmək istərdim: Susmadım, savaşdım, şərləndim və girovam!

Amma düzünü desəm, özümdən daha çox çox aylarda “cənab hakim” və “cənab prokuror” tutillları fonunda məhz sizin düşdüyünüz durmua acıyıram. Heç şübhəsiz ki, ən qatı düşmənimə belə arzulaya biıməyəcəyim bu durumu yaşamanız yerinə hələ 2-ci, 3-cü iclasda sifariş sahibi olanlara geri dönüb heç olmasa “vallah, bu dəfə heç cür alınmadı” cavabını versəydiniz, bu qədər gülünc vəziyyət yaranmazdı. Cənablar, sizin adınıza tam səmimiyyətimlə təəssüf edirəm. Təəsssüf edirəm ki, vaxtilə millətimizin müstəqillik savaşını açıq düşmənçilik edən general Yazov,  general Serbakov, Stepan Şaumyan və Əlikram Bayramov kimi ayrı-ayrı şəxslər şanlı tariximizin arzulaolunmaz və qaranlıq səhifələrində mənfi obrazlar olaraq səciyyətləndirildyi kimi, siz də tarixdə bu cür qalacaqsız. Amma şəxsən mən sifarişçi kim olursa-olursa və sifariş nə olursa-olsun bu cür rəzil bir iş tutmağa razı olmazdım. Etiraf etmək tələb olunursa, bəli, bəlkə də mən vəzifə səlahiyyətlərini aşmışam. Bu torpaqlarda, bu məmləkətdə işıqlı sabah və müstəqillik uğrunda mübarizə ilə səlahiyyətləndirildiyim halda, ilk gündən bəri üzərimə düşəndən daha artığını eləməyə çalışmışam. Heç olmasa, buna görə mühakimə olunsaydım, həbsimə belə etiraz etməzdim.

Geridə qalan on ay ərzində şəxsimə və ailəmə göstərdikləri hərtərəfli və misilsiz dəstəyə görə əqidə yoldaşlarıma sonsuz minnətdarlığımı bildirirəm. Sadəcə, ricam var: kimsə mənə və ya ailəmə “Qəzan mübarək, bəy” tipli xitabla müraciət etməsin. Çünki mən qəzamı deyil, istiqlal davasının nisbətən çətin mərhələsini yaşadığımı düşünürəm. Çünki mənim əsl qəzam Seymur Həzi, Taleh Bağırzadə, Gözəl Bayramlı, Faiq Əmirli, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, İlqar Məmmədov, Bayram, Qiyas kimi cəsur insanlar əsir götürülərkən yaşanıb. Bu dəfə isə olsa-olsa, qarşı düşərgənin çılpaqcasına qorxu nümayişindən daha artıq deyil.

Dostlar, unutmayaq ki, sizlərin rəşadəti, qədirbilən bacı və qardaşlarımızın mübarizəsi, hüquq və ədliyyə sahəsinin admiralı sayıla biləcək dəyərli vəkillərin, cənab Əsabəli Mustafayevin müstəsna təcrübəsi və ən əsası, canımız fəda olası analarımızım duaları sayəsində görüşəcəyimiz gün də uzaqda deyil.

Bundan daha vacibi isə respublikamızın müstəqilliyinə və milli istiqlaliyyətimizə qovuşacağımız gündür. Buna görə, fürsətdən istifadə edib müəyyən mənada, ölkə rəhbərliyinə təşəkkür edirəm ki, cameəmizin neçə-neçə dəyərli oğul və qızları olan sizlər hələ də öz milli azadlıq səngərini qoruduğu bir vaxtda, aranızda ən cəsatətsiz olan məni həbs etdilər.
“Qurtuluş günü” ərəfəsində illərin məhbəsinə məhkum edilməyim isə bir ayrı növ özünüifşa sənədinin təntənəsidir.
Qısaca, heç nə dəyişməyib, yoldaşlar. Balaca tədbirlər də və virtualda üzrlü səbəbdən gec-gec görünəcəyimi nəzərə almasaq, əmin ola bilərsiz ki, yanınızdayam. Hədəfimiz də, səngərimiz də, mübarizə yolumuz da, məqsədimiz də birdir, dəyişməzdir. Bir Fuad gedər, yerinə mini gələr.

Yaşasın hürriyyət aşiqləri!
Yaşasın istiqlaliyyət davamız!
Yaşasım doğma respublikamız -Azərbaycan”!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button