Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda keçiriləcək bələdiyyə seçkiləri, Ermənistanın İsraildə səfirlik açmaq fikri və bəzi təşkilatı məsələlər müzakirə olunub.

“Azərbaycanda bələdiyyələrin yaranmasından 20 il keçir. 1999-ci ildə keçirilən birinci seçkilərdə 600 üzvümüz seçilmişdi. İkinci bələdiyyə seçkilərində artıq 130 üzvümüz seçildi. 2009-cu ildə keçirilən üçüncü seçkilərdə ümumiyyətlə bir nəfər belə seçilmədi. Bunun bir səbəbi olub – partiyanın mənsubiyətinin göstərilməsi. 2005-ci ildən başlayaraq Azərbaycan bütün demokratik təsisatlardan geriyə addımlamağa başladı. Prezident, parlament və bələdiyyə seçkiləri total saxtakarlıqla keçirildi. Bələdiyyələrin statusu aşağı salındı və faktiki olaraq bu gün bələdiyyələr səlahiyyətsiz vəziyyətdədirlər. Hesab edirəm ki, iqtidar seçki islahatları keçirilməyənə qədər seçkilərdə iştirak etmək mənasızdır. Bu seçki komissiyalarla demokratik, şəffaf seçkilərin keçirilməsi mümküsüzdür” –  Fuad Əliyev qeyd edib.

Sədr Aparatının üzvləri müzakirələrdən sonra partiyanın bələdiyyə seçkilərində iştrakının məqsədəuyğun olmadığını qeyd etdilər.

Ancaq partiyanın üzvlərinə bələdiyyə seçkilərində fərdi qaydada iştiraka məhdudiyyət qoyulmayıb.

Daha sonra Ermənistanın İsraildə səfirliyini açmaqda israrlı olması məsələsi müzakirə olundu. ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasının diplomatik qaydalarına zidd olduğunu qeyd etdi: “Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Tel-Avivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Kimdən çəkinirik? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın İranla sıx əməkdaşlığı var, indi isə İsraildə səfirlik açmaq niyyətindədirlər. Bu da İsrail-Ermənistan əməkdaşının möhkəmlənməsinə qətirib çıxardacaq. Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyini dəyişə bilər. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın atılmasın vaxtıdır”.

Daha sonra ALDP-nın müttəfiqi olan İraq Türkməneli Partiyasının sentyabrın 24-dı keçirəcəyi Qurultayla bağlı təbrik məktubu qəbul olundu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button