Fuad Əhmədli zindandan yazır: “Məhəmməd Əmin varislərinə salam olsun”

Şərlənmiş kişinin, şərlənmiş nəvələri qalib gələcək

Yenidən sizləri, yəni ölkənin ən işıqlı, məmləkətin ən dəyanətli insanlarını salamlamaqdan qürur duyuram. Hələ də zindanda olsaq da, vətənin sizin kimi qoruyucu insanlarına arxayın olub, azadlıq davamızı aparırıq. Hələ də ürəkdən təbrik olunası qardaş və bacılarımızın sorağını duyuruq və ruhlanırıq.
Əlbəttə, üzüldüyümüz bir məqam da var. O da sizlərlə çiyin-çiyinə dura bilməmək, havada dalğalanan üçrəngli bayrağın seyrindən məhrum olmaqdır. “Rəsulzadə”, “Azərbaycan”, “Heykəli bircə kənddə, nüfuzu məmləkətdə” şüarlarını birlikdə səsləndirmədiyimiz üçün üzülürəm. Sevgili himnimizi, qürur duyduğumuz “Koroğlu” üvertürasını sizinlə birgə dinləyə bilmədiyim üçün məyusam.
Əsas odur ki, sizlərin dəstəyi və çağdaş gəncliyin rəşadətiylə hər gün bu torpaqlarda gedən istiqlal savaşının, ümumbəşəri azadlıq prinsiplərinin təntənəsinə şahid oluruq.
İnanın ki, sizlərin susması üçün həbs edilən bizlərin qarşısında imperyırtıcılar pərt edildikcə, tanrıdan ən böyük mükafatımızın məhz siz əqidədaşlar olduğuna bir daha əmin oluruq. Bir də ki, biz sizinlə dünənin, bugünün tanışları deyilik. Artıq tanışlığımızın 99 ili tamam olur. Və tarixdən çox gözəı xatırlayırıq ki, birgə yaratdığımız hər 3 Milli Şuranın məqsədi azadlıq və demokratiya, xalqın rifahı, dövlətin qüdrətləndirilməsi və əbədi müstəqillik olub.
İki dəfə mərdliklə, Rəsulzadə-Elçibəy yolu keçərək, buna nail olmuşuq. İndi də üçüncü dəfə eyni missiya ilə yola çıxmışıq. Ö zaman kimi və nədə qınayırıq?
Yüzlərlə sifarişli həbslər, olmazın məhrumiyyətlər, sui-qəsdlər, böhtan kampaniyaları bizim qismətimiz olmalı deyildimi?
Biz bunları da, bunların gəmirici təfəkkürünü də çoxdan tanıyırıq. Hökumət sözçülərinin Rəsulzadə haqqında cəfəngiyyat dolu qarayaxmalarını da xatırlayırıq. Öndərin Gəncədəki büstünə çuval keçirilməsini də unutmamışıq.
Özləri də bilirlər ki, bu ölkəyə ağ günləri məhz Rəsulzadə sevdalıları gətirəcək. Bilirlər ki, şəri məğlub edən qüvvə məhz bugün şərlədikləri, ləkə atdıqları adamlar olacaq. Şərlənən kişinin şərlənmiş nəvələri qalib gələcək.
Dostlar, yolumuz çətin, amma o qədər şərəflidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button