Fuad Muradov hakimiyyəti necə aldadır?

II yazı


Fuad Muradovla Ceyhun Osmanlı bir-birilərinə salam vermirlər…

Deputatın rəhbərlik etdiyi Gənclər Təşkilatları Milli Şurası gücsüz bir quruma çevrilib…

Hidayət Orucov da gənclər sektoruna öz adamını yerləşdirib…

Ötən sayımızda Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin başında duran Elnur Aslanov və Ceyhun Osmanlı tandeminin fəaliyyətindən xəbər vermişdik. Bu sayımızda hakimiyyətin gənclər siyasətində maraqları toqquşan daha iki qrupun fəaliyyətindən bəhs edəcəyik.
Hazırda gənclər sektorunda Elnur Aslanovun “stavka” etdiyi Ceyhun Osmanlıya ən güclü və təhlükəli rəqib deputat, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovdur. Həyat yoldaşının prezidentin qızı Leyla Əliyeva ilə rəfiqəliyi hesabına artıq ikinci dönəmdir deputat seçilən Fuad Muradovun adı bir sıra qalmaqallarda hallanıb. Bir zamanlar hakimiyyətin rəsmən ən böyük gənclər qurumu olan Gənclər Təşkilatları Milli Şurasına sədr gətirildikdən sonra bu təşkilat sürətlə zəifləməyə və dayaqlarını itirməyə başlayıb. Hazırda Şuraya 60-dan artıq təşkilatın üzv olduğu deyilsə də, qurumun iclaslarına 10-15 təşkilat rəhbərindən başqa kimsə qatılmır. Ki, onların böyük əksəriyyəti də gənclik yaşını çoxdan adlamış, 35-45 yaşlı insanlardır. Hakimiyyəti müdafiə edən heç bir ciddi gənclər təşkilatının F.Muradovun liderliyini qəbul edərək Milli Şuraya üzv olmaması bu qurumun gücsüz və nüfuzsuz bir duruma düşməsi ilə nəticələnib.
Yuxarıda qeyd etdiyimiz kimi, ciddi rəqabətdə olan Fuad Muradovla Ceyhun Osmanlı arasında şəxsi münasibətlər bir-birilərinə salam verməyəcək qədər kəskindir. Hakimiyyətin iki ayrı-ayrı qrupunu təmsil edən bu gənc deputatlar arasında həm də ciddi kompramat savaşı gedir. Münasibətlərin kəskinliyi özünü Ceyhun Osmanlının sədri olduğu “İrəli” İctimai Birliyinin Gənclər Təşkilatları Milli Şurasının üzvü olmamasında, bu iki gənc deputatın Milli Məclisdə ayrı ayrı kreslolarda əyləşməsində də göstərir.
Bununla belə, Fuad Muradov hakimiyyəti aldadaraq hər ay özü üçün 30 min manatdan artıq vəsait ayrılmasını təmin etməyi bacarır.
Gənclər sektorunda nisbətən yeni, ancaq gücü kifayət qədər qiymətləndirilən daha bir qrupa isə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova rəhbərlik edir. AGAT sədri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun qardaşı nəvəsi, adı müxtəlif qalmaqallarda hallanan mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyevin isə yaxın qohumudur.
Bu barədə redaksiyamızı bilgiləndirən qaynaq qeyd edir ki, heç bir təşkilatçılıq bacarığı və əlahiddəliyi olmayan Gülsel Səfərovanın bu qədər irəli bir mövqeyə çəkilməsi heç də təsadüfi deyil: «Konkret olaraq Ədalət Vəliyevin himayəsi altında olan bu gənc xanım hətta aprel ayının 21-də keçirilən prezidentin gənclərlə görüşünə də məhz nazir müavininin bir neçə instansiyadan israrlı xahişi hesabına qatıla bilib».
Mənbəmiz bildirir ki, Gülsel Səfərovanın bu şəkildə qabardılması artıq iqtidara aid gənclər düşərgəsində də narazılıqla qarşılanmaqdadır. Hətta bu məsələ ilə bağlı hakimiyətyönlü gənclər qrupunun rəhbəri hesab olunan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanova şikayətlər də çatdırılıb: «Narazılar Gülsel Səfərovanın bu qədər qabardılmasının səbəblərini anlamadıqları kimi, həm də daha fəal və bacarıqlı gənclərin kölgədə qalmasına da etiraz ediblər».
Bu arada mənbəmiz mövzu ilə bağlı çox ilginc faktları da verdi. Bildirilir ki, artıq indidən iqtidardaxili qruplaşmalar 2013-cü ilin prezident seçkiləri davasına çıxıblar: «Hər bir qrup öz nəzarətində olan gənclər qolunu irəli çəkməyi düşünür. Və hətta bu məqsədlə prezidentin özünə belə yalançı faktlarla dolu hesabatlar təqdim olunur».

Mövzu “Xural”ın diqqətindədir.

XuralTAC

Redaksiyadan:

Yazıda adı çəkilən tərəfləri dinləməyə və mövqelərini dərc etməyə hazırıq. Ama maraqlıdır ki, bu təşkilatların hamısı ölü bir səssizliyə bürünüblər…

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button