Fuad Poladov vəfat etdi

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladov vəfat edib.

Bu barədə “Report”a onun ailəsindən məlumat verilib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.

Mərhumla vida mərasimi bu gün evində, Babək prospekti 10 ünvanında keçiriləcək. Fuad Poladov vəsiyyətinə əsasən, Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

Fuad Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button