Fuad Qəhrəmanlının nədə ittiham olunduğu bilindi

fuad-qehremanli-enyeni

Məlumata görə, F.Qəhrəmanlı CM-nin 281.1- (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə təqsirləndirilir.

Artıq F.Qəhrəmanlının evində axtarış aparılacağı ilə bağlı qohumlarına məlumat verilib.

***

Prokurorluq Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri seçilmək üçün təqdimat verib. Bu dəqiqələrdə F.Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinə aparılıb. Məlumatı vəkil Fəxrəddin Mehdiyev verib.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq” qəzetinə deyib ki, Fuad Qəhrəmanlı şahid qismində dindirilir.

Onun hansı işlə bağlı dindirildiyi haqda isə mətbuat xidmətində hələlik məlumat yoxdur.

***

19:45

AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı cinayət işi qaldırılıb. Lakin işin motiv barədə məlumat yoxdur. Bu barədə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində məlumat paylaşıb.

“Bu gün AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb. Fuad bəyin hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik. Ölkədə hüquqsuzluq o səviyyədədir ki, müxalifət partiyasının sədr müavinini, tanınmış siyasətçini sanki adam oğurlayırmışlar kimi, heç bir izahat, məlumat vermədən həbs edirlər. Fuad bəyə qarşı hansı ittihamı irəli sürürlər sürsünlər, aydındır ki, həmin ittiham saxta olacaq. Fuad bəyi ölkəmizin demokratikləşməsi uğrunda apardığı ardıcıl, prinspial mübarizəsinə görə həbs edirlər. Nə baş verməsindən asılı olmayaraq, AXCP-nin də, Fuad bəyin də mübarizəsi bu ölkədə demokratiya və azadlıqlar tam bərqərar olana qədər davam edəcək”, – deyə Əli Kərimli yazıb.

***

19:20

AXCP sədrinin müavini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb. Bu barədə “Azadlıq” qəzetinə AXCP-dən xəbər veriblər.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət – çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.

Hazırda F.Qəhrəmanlının mobil telefonu bağlı göstərir və ondan heç bir xəbər yoxdur.

Fuad Qəhrəmanlını polsilərin evdən apardığını həyat yoldaşı Zümrüd Yağmur da özünün feysbuk səhifəsi üzərindən xəbər verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button