“Fuad Qəhrəmanlının və Taleh Bağırzadənin həbsi siyasi sifarişdir”

OKTAY GULALIYEV

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hakimiyyəti siyasi məhbusları azad etməyə çağırıb. Alyansdan xural.com-a daxil olan bəyanatda deyilir: 

““Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbsdən azad edilməsini təqdir etsə də, hakimiyyətin bu addımını humanistlikdən doğan addım hesab etmir. Yerli və beynəlxalq ictimaiyyətin təkidli tələbləri qarşısında geri çəkilən hakimiyyət Leyla Yunusun sağlıq durumuna görə məsuliyyətdən yaxa qurtarmaq üçün onu xəstə, ağır vəziyyətdə həbsdən azad etməyə məcbur oldu. Amma hesab edirik ki, həm Leyla xanım, həm də onun həyat yoldaşı Arif Yunusun haqqında sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzası ləğv edilməli, hər iki şəxs haqqında bəraət hökmü çıxarılmalıdır. Çünki onlar şərlənərək qanunsuz həbs olunublar və əməllərində heç bir cinayət tərkibi yoxdur.

Təəssüflə qeyd etmək lazımdır ki, “müqəddəs yerlər boş qalmır” prinsipi ilə hərəkət edən mövcud iqtidar Leyla Yunusu həbsdən azad etsə də, heç bir əsas olmadan daha bir qanunsuzluğa imza ataraq AXCP sədrinin müavini Fuad Qəhrəmanlını həbs etdi. Onun Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilməsi isə birbaşa işin siyasi motivli olduğunu ortaya qoyur. F.Qəhrəmanlı “facebook” sosial şəbəkəsində yazdığı tənqidi yazılarına, sərbəst və azad düşüncələrinə görə şərlənərək həbs olunub. Alyans ona qarşı irəli sürülən ittihamları əsassız və siyasi sifarişli hesab edir və qeyd-şərtsiz azad olunmasını tələb edir.

Həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublunun, keçmiş səhiyyə naziri Əli İnsanovun haqqında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarın icra edilməməsi Alyans olaraq bizi ciddi narahat edir və bunun ölkəmizin imicinə, eyni zamanda qoşulduğu beynəlxalq konvensiyalara zidd olduğunu bəyan edirik. Xüsusən, İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin məlum qərarının dərhal icra olunması üçün Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan hökümətinə dəfələrlə ünvanladığı müraciət cavabsız qalır.

Nardaran hadisələri zamanı həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadə və digər bir qrup şəxs 3 həftədir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Qanunvericiliyə zidd olaraq onların vəkillə görüşməyə, ailə üzvləri ilə telefonla əlaqə saxlamasına imkan verilmir. Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yayılan məlumatlara görə etirafedici ifadələr almaq üçün həmin şəxslərə işgəncələr verilir. Onların vəkilləri ilə görüşünə imkan verilməməsi bu ehtimalları gücləndirir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Nardaran hadisələri zamanı həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadənin və təşkilatın digər üzvlərinə qarşı irəli sürülən ittihamları əsassız və siyasi sifariş hesab edir. Həmin şəxslərin konstitusiyon hüquqlarının qorunması, vəkilləri ilə görüşünə şərait yaradılmasını tələb edir.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı hakimiyyətdən siyasi repressiyaları durdurmağı və qeyri-qanuni olaraq həbsdə saxladığı siyasi məhbusları qeyd- şərtsiz azad etməyə çağırır.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button