Füzuli Məmmədov “Xural TV”-yə məktub göndərdi

Moskvada fəaliyyət göstərən iş adamı Füzuli Məmmədov vəkili Emin Hacıyev vasitəsilə redaksiyamıza məktub göndərib. Məktubu olduğu kimi dərc edirik:

 

“Xural tv”-nin rəhbəri Əvəz Zeynallıya

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Kənar Dairəvi küç, İ/B, 7

Hörmətli Əvəz Zeynallı.

Rəhbərik etdiyiniz “Xural tv”-nin 19 may 2020-ci il tarixli “Siyasət meydanı” buraxılışında partiya rəhbəri Əli Əliyevlə: “Müdafiə nazirliyini mənə versinlər, 6 aya Şuşanı qaytarım…” başlıqlı müsahibə yer almışdır.

İlk növbədə qeyd etmək istəyirəm ki, partiya rəhbəri Əli Əliyevlə müsahibəniz zamanı mənim haqımda qeyd etdiyiniz fikirlər tamamilə əsassız, qərəzli və təhqirdən ibarətdir. Siz yalan ifadələrə yer vermiş, məni heç bir əsası olmayan dələduzluqda ittiham etmisiniz.

Belə ki, verilişin 43:25-ci–43:40-cı dəqiqəsində siz xaricdə yaşayan iş adamlarının Azərbaycana etdiyi yardımlarla bağlı fikir yürüdərkən müsahibiniz “…pandemiya yaşadıq, Moskvada yaşayan bir milyarder azərbaycanlının birinə sahib çıxdımı – sualı ilə müraciət etdikdə, siz “bir-ikisi oldu, Füzuli Məmmədov, zad… sonunda məlum oldu ki, onlar dələduzdurlar, fırıldaqçılıqla məşguldurlar…”, “gəldi bir dəfə yardım elədi, sonra da məlum oldu ki, aləm dəydi bir-birinə…”

Bu verilişdən sonra Sizin həmkarınız, “Reaksiya tv”də birlikdə veriliş apardığınız “Reaksiya Media Qrup”un rəhbəri Zaur Qəriboğlu ilə əlaqə saxlamışam və Əvəz Zeynallının mənim haqqımda təhqiramiz ifadə işlətdiyindən narazılığımı ifadə etmişəm. Lakin bundan sonra “Reaksiya tv”-nin 24 may 2020-ci il tarixli buraxılışında “Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!” başlıqlı müsahibə yer almışdır. Sizin müsahibənizdə, yaxud birgə aparıcılıq etdiyiniz müzakirədə Mənim haqqımda qeyd edilmiş fikirlər tamamilə əsassız, qərəzli və böhtan xarakterlidir. Müsahibədə təhqirə və yalan ifadələrə geniş yer verilmiş, məni heç bir əsası olmayan cinayətlərdə ittiham etmisiniz. Bu müsahibədə mənim işgüzar nüfuzuma, şəxsiyyətimə və ləyaqətimə hörmətsizlik göstərilmiş və təhqir edilmişəm.

19 may tarixli verilişinizdə ifadə etdiyiniz fikirlər tamailə yalan və böhtandan ibarətdir. Yalan ondan ibatərdir ki, mən pandemiya dövründə Azərbaycan Respublikasında olmamışam. COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda və Rusiyada təmənnasız, heç bir başqa məqsəd güdmədən imkansız insanlarımıza külli miqdarda yardımlar etmişəm. Bu mənim uzun müddətli xeyriyyəçilik fəaliyyətimin bir hissəsidur. Hazırda bu fəaliyyətimi davam etdirirəm. Böhtan isə ondan ibatərdir ki, mən bu günə kimi dələduzluqda ittiham edilməmişəm. Öz şəxsi, işgüzar və ictimai nüfuzumu həssaslıqla qorumuşam.

“Reaksiya tv”-nin 24 may 2020-ci il tarixli buraxılışında isə daha ağır və ağlasığmaz böhtan və təhqirlərə məruz qalmışam.

Belə ki, verilişin 6:40-ci dəqiqəsində “bu cümlə Füzuli xanın xoşuna gəlməyib – mafiyanın, mafiyanın…”

7:2-ci dəqiqədə “Füzulinin yardım göstərdiyi, ev aldığı adamlar mənə zəng edib hədə-qorxu ilə danışırlar…”

8:20-ci dəqiqədə “…Füzuli Məmmədov sənə ev alıb deyə, mənim əslimi-nəslimi söydürməlidir?…”

8:50-ci dəqiqədə: “Əli Əliyevlə o söhbətdən sonra, ardıcıl olaraq Füzuli Məmmədov adamları ilə mənə zəng elətdirib…”

13:20-ci dəqiqədə “Füzuli Məmmədov sən Siciliya mafiyasındansan, sən mafiyasan, sən çevriliş eləmək istəyirsən, Azərbaycanda hakimiyətə gəlmək istəyirsən, ona görə əsgərlərə ev alırsan, mən bilmirəm sən nə etmək istəyirsən…”

16:55-ci dəqiqədə “Füzuli Məmmədovun milyonları onun başına dəysin…”

18:30-cu dəqiqədə “Füzuli Elkaponi, sən burda anaları gözüyaşlı qoyub, sənin 20 manatlıq – 50 manatlıq yardımınız başınıza dəysin, anaların etibarından sui-istifadə etmək dələduzluq deyil?…”

18:45-ci dəqiqədə “Füzuli Məmmədov səni Moskvada tutub qoduqluğa salanda, sən rusların, rus ayılarının qabağında boynunu büküb duranda, yazıq-yazıq durursan, bizim üsytümüzə şəşələnirsən,… indi bizim başımızı kəsdirməklə hədələyirsən…”

23:50-ci dəqiqədə “o Frenk Elkaponi… Siciliya mafiyasının qaydası ilə işləyir…”

24:28-ci dəqiqədə “gör Frenk Elkaponi nə dərəcədə adamları ətrafina yığıb…”

27:40-cı dəqiqədə “Füzuli Məmmədov səhv etmirəmsə Əli Həsənovla işləyib… indi də Əli Həsənovla işləyir. Füzuli Məmmədovun maliyyə dəstəyi verdiyi media orqanlarına baxın…”

28:04-cü dəqiqədə: “İlham Əliyev Füzuli Məmmədovun qələmini qırıb…”

45:12-ci dəqiqədə “Füzuli Məmmədov ayağını yorğanına görə dəng al…”

45:45-ci dəqiqədə “…bu söyüşlərin hamısını Füzuli Məmmədov qəbul eləsin…”

49:18-ci dəqiqədə “ay Füzuli Elkaponi, siciliya mafiyası… narahat ol da…”

Bu müsahibə zamanı dəfələrlə mənim haqqımda birbaşa və birbaşa olmayan şəkildə açıq-aşkar təhqir, böhtan, şəxsiyyəti və ləyaqəti aşağılayan, hətta təhdid xarakterli fikirlər səsləndirmisiniz.

Bildirirəm ki, mən Azərbaycanda doğulub boya-başa çatmışam, amma Azərbaycan Respublikasının vətəndaşı deyiləm. Bir neçə nüfuzlu özəl şirkətin sahibi olmaqla yanaşı, “Rusiya Azərbaycanlıları İttifaqı”nın və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidentiyəm. Azərbaycan Respublikasında heç bir siyasi fəaliyyətlə məşgul deyiləm, heç bir şirkətim, yaxud nümayəndəliyim mövcud deyildir. Lakin mütəmadi olaraq doğma vətənimlə maraqlanıram və təmənnasız olaraq çox saylı, müxtəlf xeyriyyə tədbirlərində iştirak edirəm. Azərbaycanda heç bir media orqanına maliyyə dəstəyi vermirəm. Heç bir mafiya ilə əlaqəm olmamışdır və yoxdur. Heç kimə hədə-qorxu gəlməmişəm. Mənə hörməti olan insanların məni müdafiə etməsinin qarşısını almaq imkanım xaricindədir. Sizə qarşı hər hansı təhqir və ya hədə-qorxu mesajlarının göndərilmisi qəbuledilməzdir və bu hadisə hüquq-mühafizə orqanları tərərfindən araşdırılmalıdır.

Həmin verilişdə adını çəkdiyiniz Seyidov Mirqasım Mir Hüseyn oğlu adlı işçim, dostum və tanışım yoxdur. Araşdırmam nəticəsində müəyyən etmişəm ki, adını çəkdiyiniz Seyidov Mirqasım Mir Hüseyn oğlu adlı şəxs həqiqətən Ordubad rayonunun Dəstə kəndində yaşayır. Heç bir qohumluğumuz və yaxınlığımız yoxdur. Mənimlə heç bir vaxt əlaqəsi olmayıb. Həmin verilişdə siz də etiraf etmisiniz ki, həqiqətən həmin şəxs sizə zəng etmiş və onun bu zəngdən xəbərinin və mənimlə əlaqəsinin  olmadığnı bildirmişdir.

Bundan başqa “Xural tv”-nin 04.06.2020-ci il tarixli “Siyasət meydanı” proqramında “27 ildən sonra 4 iyun hadisələrinə baxış: Çevriliş, yoxsa qiyam?” keçmiş Müdafiə Naziri Rəhim Qazıyevlə müsahibənizin 49:40-cı dəqiqəsində mənim adım çəkilmiş, foto şəklim ekran yerləşdirilmişdir. Pandemiya ilə əlaqədar Rusiya Federasiyası ilə Aərbaycan Respublikasının sərhəddində qalmış, Azərbaycana keçmək istəyən həmvətənlilərimizin problemi dilə gətirilmiş, bu əsnada müsahibiniz mənim adımı çəkmiş və Mənim etdiyim yardımları şübhə altına almışdır. Eyni zamanda sizdə 50:20-ci dəqiqədə “…yəni Frenklik heç nə yoxdu, deyirəm axı Frenk elə şey eləməz…” ironik cümlə işlədərək mənim xeyriyyəçiliyimi şübhə altına almısınız.

Hörmətli Əvəz Zeynallı.

“Xural tv”-nin 19 may 2020-ci il tarixli və 04.06.2020-ci il tarixli “Siyasət meydanı” buraxılışında və  “Reaksiya tv”-nin 24 may 2020-ci il tarixli buraxılışında Mənim haqqımda səsləndirdiyiniz fikirlər həqiqətdən uzaq, heç bir əsası olmayan, yalan, böhtan və qərəzli informasiyadan ibarətdir. Müsahibələrinizdə mənim şəxsiyyətimə və ləyaqətimə hörmət hiss olunmur, əksinə daha çox acıq və şəxsiyyətimə və işgüzar nüfuzuma ləkə salan fikirlər yer almış və mən agır cinayətlərdə ittiham olunmuşam. Veriliş zamanı dəfələrlə şəxsiyyəti aşağılayan, ləyaqəti alçaldan, təhqiredici ifadələr işlətmisiniz. Bu verilişlərdən öncə və sonra mənimlə əlaqə saxlamamış, fikrimi öyrənməmiş və cavab vermək hüququmu təmin etməmisiniz.

Sizin fikirləriniz peşə etikasına tamamilə ziddir. Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksində açıq şəkildə qeyd edilib ki, mətbuat işçisinin şayiələrə əsaslanıb hər hansı şəxs barədə məlumat hazırlamağa, onun nüfuzuna zərər gətirə biləcək ifadələr işlətməyə hüququ yoxdur.”

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının 1-ci prinsipi – Həqiqətə xidmət, dəqiqlik və obyektivlikdir. Bu prinsipin isə 1-ci maddəsində qeyd edilib ki, Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən jurnalistə verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamaq və vətəndaşların şərəf və ləyaqətinə, hüquqlarına və qanuni mənafelərinə hörmət etmək onun başlıca vəzifələrindən biridir.

Həmin qanunun 44-cü maddəsində kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

Hesab edirəm ki, Mənim haqqımda işlətdiyiniz fikirlər şəxsiyyətimə və şərəfimə kölgə salmış, işgüzar və ictimai müfuzumu ləkələmiş və sizin tərəfinizdən təhqir edilmişəm. Sizin bu hərəkətinizdən çox narazıyam. Jurnalist peşəsinə olan hörmətimi ifadə etməklə yanaşı, belə hərəkətin bir daha olmamasını arzu edirəm. Eyni zamanda sizin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu formada və qaydada məndən üzr istəməyinizi və təkzib verməyinizi tələb edirəm.

Ümid edirəm ki, mənim xoş niyyətimi düzgün qiymətləndirəcək və məsələnin məhkəmə qaydasında həll olunmasına gətirib çıxarmayacaqsınız.

Hörmətlə,

Füzuli Məmmədovun adından nümayəndəsi və vəkili Emin Hacıyev 

Əlaqə telefonu:077 538 77 56

Bakı şəhəri, 19 iyun 2020-ci il.”

 

Redaksiyadan: İş adamı Füzuli Məmmədovu Xural TV-nin “Siyasət meydanı”na dəvət edirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button