Gələcək gəncliyindir…

İnternetdəki «MÜSTƏQİL AZƏRBAYCAN»-bloqosferi

 Bu sayımızdan etibarən qəzetimizin hər həftənin ilk günü internet məkanında bloqçuluqla məşğul olanların yazılarını seçib dərc edəcəyik. Faktiki olaraq ölkədə 500 mindən çox insanın heç də az olmayan hissəsi bloqçuluqla məşğul olur. Hətta ölkənin tanınmış ictimai-siyasi adamlarının da bloqları var. Bloqçular adətən sosial mövzuslara müraciət edir, bəzən çoxlarımızın tuta bilmədiyimiz məqamlar haqda məlumat verirlər. Və daha çox da onların subyektiv olan rəyləri kifayət qədər maraq doğurur.

Beləliklə hər həftənin 1-ci günü «BLOQÇULAR NEYNƏYİR, NƏ YAZIR?» rubrikamızı təqdim edirik.

 Analoqu olmayan neft ölkəsində təhsil pulsuz olmalıdır!

 “Təhsildə korrupsiya yox, leqal rüşvət” silsiləsindən

II yazı

 Rüşvət odur ki, müəllim tələbəni kəsir, sonra pul tələb edir və tələbənin qiymətini yazır. Leqal rüşvət odur ki, (bu dövlət universitetlərinə aiddir, çünki özəl universitetlər dövlət büdcəsindən maliyyələşmir və əsas gəlirləri təhsil haqqındandır) təhsil ocağı bar-bar bağırır ki, bizdə rüşvət yoxdur. Amma tələbəni kəsmək üçün min hoqqadan çıxır (Turizm institutunda keçən semestr kafedra müdiri olan bir nəfər deyirdi ki, təxminən 1600 tələbənin ümumilikdə 7000 kəsiri var), sonra tələbəyə deyir ki, get bu bank hesabına (bu bank hesabı da bilinmir kimin hesabıdır, fiziki şəxsin hesabıdır, yoxsa hüquqi şəxsin), yaxud da dekan müavininə ödə, sonra yenidən kəsildiyin dərsi keç.

 Leqal rüşvət görmək istəyən Azərbaycana gəlsin!

 Bu qədər böyük problemlərin olduğu institutda mən 4-cü ildi hansısa problemin kökündən həll edildiyini görmədim. Əksinə, tələbələrdən 4-5 qat daha çox pul almağa başladılar. Əvvəllər kreditin pulu 60-70 AZN idisə, indi 350-400 AZN-ə (artıq bu semestrdən) qədər qalxdı.

Hə, bundan sonra çıxıb ağıllı-ağıllı danışanlar da olacaq. Deyəcəklər ki, Avropaya inteqrasiya oluruq, oranın da təhsilində kredit, ödənişli təhsil söhbətləri var. Amma bu ağıllı adamlar bir şeyi unudurlar ki, avropalı ilə azərbaycanlının minimum əməkhaqqısı, yaşayış səviyyəsi, ona verilən təhsilin keyfiyyəti arasında dağlar qədər fərq var.

Yaxın günlərdə Turizm İnstitutunda təhsil haqlarının artırılması ilə bağlı səlahiyyətli biri ilə müzakirəmiz oldu. Deyirəm:

– Haqsızlıqdı, indiyə qədər kəsirlərin verilməsi ilə bağlı aşağı kurslarda dərsdə oturmaq pulsuz idi, indi nə baş verdi ki, buna görə də pul almağa başladınız. Bunu ki Taarif Şurası müəyyənləşdirməyib. Yay məktəbini başa düşdük, könüllüdür, kim istəyir pulunu ödəyir, tez müddətdə kəsirini verir. Bəs pulu olmayanlar nə etsin? İndiyə qədər bir şans varıydı, kəsiri olan tələbə növbəti il aşağı kurslarla oturub pulsuz dərslərini verə bilirdi.

Deyir:

– Təhsil haqlarının artırılması bu qədər məcburi köçkünü oxutmaqla bağlıdır (mən kredit xərcləri ilə bağlı danışırdım, amma bu müəllim başqa şeydən danışırdı. İndiyə qədər guya məcburi köçkün oxumurmuş universitetlərdə).

Deyirəm:

– Ona görə büdcədən pul ayrılır, İlham Əliyev sərəncam imzalayır.

Deyir:

– İnstituta məcburi köçkünlərlə bağlı pul vermirlər. Biz öz daxili büdcəmizdən ödəyirik onların xərclərini.

Azərbarcan Təhsilini belə bərbad hala salıblar. Hələ Turizm İnstitutu guya Azərbaycandakı təhsil ocaqları arasında dişə dəyənidir. Təhsildən danışırıqsa, belə təhsil olmur. Bu tələbənin qanını sovurmaqdır!

 Ülvi Hipermilli

http://hipermilli.blogspot.com

  Monopoliyalarımız

«Qorodskoy» toyuqların yumurtalarından tutmuş makroiqtisadi göstəricilərə qədər…

 Monopoliyalar Azərbaycan adlı dövlətin əhalisi üçün təbii səslənir, çünki əlimizi nəyə atırıqsa, monopoliyadadır. İnhisarlaşdırma iqtisadiyyatın sərhədlərini çoxdan keçib – hələ biz müstəqilləşməmişdən. Deməli, hakimiyyətdə olan bir qrup insanın və insanabənzərin monopoliyasının hansı sahələrdə olmasına və ola biləcəyinə baxaq:

 1) İqtisadiyyat – qiymətinə prezidentin nəzarət etdiyi “qorodskoy” toyuqların yumurta-larından tutmuş makroiqtisadi göstəriciləri müəyyən edən sahələrə qədər hər şey inhisardadır;

2) Davranış – bura həm fiziki, həm də hüquqi şəxslərin davranışı aiddir. Hüquqi şəxslərdən yalnız qeyri-kommersiya tiplilər (QHT-lər) monopoliya pozuculuğunda daha uğurludurlar. Ona görə də qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı monopoliyadan kənara çıxdıqları halda mümkünsüzləşdirilib. Onların fəaliyyətinə imkan verilməməyə cəhd göstərilir. Fiziki şəxslərin davranışı isə mentalitet, dini dəyərlər və s. adlandırılan, tariximizlə çox da bağlı olmayan süni normalarla tənzimlənir. KİV-in əksəriyyəti, xüsusən, hələ də əhali arasında həlledici təsir gücünü saxlayan televiziyalar bu iyrənc normaları var gücü ilə təbliğ edirlər;

3) Siyasət – ölkədə müxalifətin olmamasının uğur kimi təqdim edilməsi gerizəkalılığına malik olanların hakimiyyətində yaşadığımızı nəzərə alıb bu barədə danışmasaq da olar. Sadəcə, siyasətin monopoliyasını da pozmağa cəhd edənlər var. Onlar isə adətən hakimiyyətin repressiyası, bəzən isə müxalifətin qınağı ilə qarşılaşırlar.

4) Mətbuat – bu sahədə monopoliyanı ən çox pozanlar bloqçular daxil olmaqla elektron informasiya daşıyıcıları və bir də “Azadlıq” qəzetidir;

5) Düşüncə – ən dəhşətli hallardan biri buradadır. İnsanlar sərbəst düşünə bilmirlər. 24 saatın yarısından çoxunu sırf işə həsr edib qəpuk-quruş qazanaraq, qalan vaxtını da uçurum kimi fərq yaradan bahalı maşınlara, villalara baxmaqla nifrətdə keçirən; kitab oxumayan; ciddi mədəniyyətdən uzaq olan insanların necə düşünməsini tənzimləmək o qədər də çətin deyil;

6) Gələcək – kim deyə bilər ki, 1 il sonra filan işi planlaşdırır?! İnsanlar uzaqbaşı toylarını, ya da nə vaxtsa olacaq yaslarını bacardıqları qədər yaxşı keçirmələrini planlaşdıra bilərlər; bu da plandan daha çox arzudur. Düşüncəmizin, davranışımızın, həmçinin ölkənin iqtisadiyyatının, siyasətinin cilovlarını əllərində saxlamaqla gələcəyimizi də müəyyən etmə imkanına sahibləniblər;

7) Mədəniyyət – yazıçıların “birliyi”, bəstəkarların “ittifaqı”, rəssamların “ittifaqı” … hara əl atsan, monopolist qurum çıxır ortaya;

8) QHT – bunları müxtəlif sahələrdə inhisarlaşdırırlar, məsələn, Vəkillər Kollegiyasına hüquqazidd olaraq digər bərabərhüququlu olması lazım olan QHT-lərdən artıq səlahiyyət verilib. Eyni hal Mətbuat Şurası və Milli Teleradio Şurasında da var. Cəzalandırma funksiyasını insanlar min illər əvvəl dövlətə veriblər. İndi isə dövlət bunu QHT adlandırdığı marionetə ötürür və adını da qoyur ki, “mən sizi cəzalandırmıram”…

Bu siyahını çox uzatmaq olar, qısaca isə belə deyə bilərik ki, hər sahə ya monopoliyaya alınıb, ya da alınmaq istiqamətində cəhdlərini davam etdirirlər.

 Bu halda proqnoz verməyə cəhd göstərsək, bu nəticəyə gəlmək çətin olmaz – belə getsə, məktəbli formaları kimi gündəlik geyimimiz, SSRİ-dəki kimi iş yeri seçimimiz, saç düzümü seçimimiz, evlənmək istədiyimiz insan seçimimiz, gedəcəyimiz xarici ölkəni seçmə azadlığımız, həyat yoldaşımızla əlaqədə olma imkanımız və s. bu kimi indi ağlasığmaz olan, amma yaxın gələcəkdə adiləşəcəyi ehtimal edilən şeylər də monopoliyaya alınacaq.

 TƏKLİF

 Çıxış yolumuz indiki monopoliyaları ləğv etməyə çalışmaqdır. Aydın məsələdir ki, bunların ilk əlacı iqtidarı devirməkdir. Lakin devirənə qədər də bu dəhşətli kampaniyanın davam etməsinə seyrçi qalmaq olmaz. QHT-lər yaradılmalı, monopoliyaya mövcud alternativ QHT-lər daha da müstəqilləşdirilməli, inkişaf etdirilməli və monopolistlərdən daha aktiv hala gətirilməlidir; birliklərdən, ittifaqlardan kənarda alternativ mədəniyyətlər formalaşdırılmalıdır; gələcəyimizi özümüz planlaşdırmalıyıq, düşünməyə vaxtımız olmasa da, düşündürməyə davam etməliyik; davranışımızı mümkün qədər təbliğ olunanın əksinə qurmalıyıq; heç olmasa sakit intriqa aparmalıyıq; mətbuatın elektron və çap nümunələrini artırmalıyıq; xırda da olsa, sahibkarlıqla məşğul olaraq bütün bu cəhdlərimizə dəstək verməliyik; siyasətə alternativ üsullar gətirməliyik…

Bunların hamısı üçün ilk növbədə ideologiya birliyimiz, fədakarlığımız lazımdır. Məqsəd vahiddir – bu rəzil hakimiyyətdən xilas olma, demokratikləşmə, inkişaf etmə. Bunun üçün bütün çətinlikləri gözə alıb ilk növbədə görəcəyimiz işlərdən biri həyatımızın hər sahəsinə burnunu soxan monopoliya qarşı durmaqdır.

 Zaur QURBAN

http://zaurqurban.blogspot.com

  

Rəzil tələbələr…

 (ADNA və BDU yarışmasına…)

 Facebook-da “Azərbaycan universitetləri” adlı FanPagedə Azərbaycan universitetləri yarışıblar. Səviyyəsiz və mənasız yarışmada əsas mübarizə LİKE mübarizəsi olub.  Rəzillik, səviyyəsizlik, mənasızlıq, tərbiyəsizlik gör nə həddə çatıb ki, Universitet tələbələri dərs, elm yox, LİKE mübarizəsinə başlayıblar. Like dilənçilərinin “Final” görüşü də keçirilib. BDU və Azərbaycan Dövlət Neft Akademiyası “tələbə”ləri 2 saat avaralanıb “qalib” gəliblər. Neft Akademiyası 2 saat ərzində 5930 like toplayıb. BDU isə 5890 like.

Bu səviyyəsiz yarışmasında ADNA-nın qalib gəlməsi də təbiidir. ADNA Sovet vaxtında mədəni, rusdilli insanların təhsil aldığı yer olub. İndi isə orada aqrar, kənd təfəkkürlü insanlar vaxt keçirir, qarınlarını otarırlar… BDU da onun tayı… Şübhə etmirəm bu LİKE yarışmasında iştirak edənlər bir dəfə də olsun kitab üzü açmayan insanlardılar. Küçədə möhkəm gəyirməklə fəxr edən insanlar LİKE yarışmasında qalib gəlməklə fəxr edirlər.

 ***

 Kəndçi olmaq ayıb deyil. Amma şəhərdə yaşayıb, universitetdə oxuyub “Voyəəə…. Ayə…” deyib, “jjjjj” hərfiylə danışmağı, savadsızlığı, tərbiyəsizliyi İphone, bahalı maşınla kompensasiya etmək ayıbdı.

 ***

 BDU və ADNA-da çoxlu savadlı, vətəndaş mövqeyi olan tələbələr oxuyur. Post yazmışkən bir daha təkrar edim ki, mənim onlara hörmətim var! O qədər kəndçi təfəkkürlü insanların içində təhsil almaq və vətəndaş olmaq çətin şeydir!

 Turxan QARIŞQA

http://turkhan.wordpress.com/

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button