Gələcəyə bü gün göstərilən qayğı

Şirkət minlərlə uşağı öz ətrafında birləşdirir

“Uşaqlar dünyanın sevinci, bizim gələcəyimizdir” – deyirik. Bu baxımdan gələcəyimiz olan uşaqlara qayğı və diqqət bu gün həm dövlətin, həm də özəl şirkətlərin fəaliyyətinin əsas istiqamətidir. Yarandığı gündən etibarən uşaqlara qarşı özəl diqqət göstərən şirkətlərdən biri də, Azercell Telekom MMC-dir. Şirkət fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyası hayata  keçirib, habelə uşaqların rifahına sərmayə qoyub. Təsadüfi deyil ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır. Həmin layihələrdən biri də şirkətin dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətt” xidmətidir. “Uşaq Qaynar Xətt” xidmətinin yaradılmasında əsas məqsəd uşağa ilkin psixoloji yardım, emosional dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsidir. Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi köçkün olan uşaqlar  istifadə edirlər. Eyni zamanda qaynar xəttinə uşaq məsələləri ilə bağlı böyüklər də zəng edib dəstək və məsləhət əldə edə bilər. Yaradılan qaynar xəttin daha üstün bir cəhəti sözügedən xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır. Digər bir tərəfdən, fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də “Azercell”  nömrələrindən edilən zənglər ödənişsizdir.

Azercell-dən nümunə götürə bilərlər

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin direktoru Cəmilə Tağıyevanın sözlərinə görə, “Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyətə başlaması Azərbaycanda uşaqların müdafiəsinin islahatına doğru atılan daha bir addımdır. Özəlliklə Azercell Telekom MMC-nin bu yöndə fəaliyyətini təqdirəlayiq hesab edən Cəmilə xanımın sözlərinə görə, digər qurumlar da bu sahədə Azercell-dən nümunə götürə bilərlər. Direktor deyir ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə fiziki və əqli imkanları məhdud olan uşaqlar üçün pulsuz xidmətlərin təşkili, bu uşaqların hansısa bacarıqların yiyələnməsilə bağlı tədbirlərin görülməsi, xüsusi təyin olunmuş pensiyanın ayrılması, eləcə də imkansız ailələrdə uşaqların asudə vaxtının təşkili və ödənişsiz idman məşqlərinin təşkili ilə bağlı olan müraciətlər də daxil olub ki, bu problemlərin də həll olunmasında Azercell Telekom MMC-nin böyük əməyi var. Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyətini genişləndirmək məqsədilə 2011-ci ilin yanvar ayından etibarən Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində məlumatlandırma kampaniyası keçirilir. Kampaniyaları keçirməkdə məqsəd – “Uşaq Qaynar Xətt” xidmətindən müraciət edən uşaqların əhatə dairəsini genişləndirməkdir. Kampaniyanın davam etməsinə baxmayaraq, onun uğurlu nəticələri artıq əldə olunub. Belə ki, məhz ümumtəhsil məktəblərində keçirilən kampaniyanın nəticəsidir ki, xidmətə edilən müraciətlərin sayı xeyli artıb. Bu da “Uşaq Qaynar Xətt”inin əsas fəaliyyət məqsədi ilə bağlı olan psixoloji müraciətlərin və mütəxəssislərin köməyi ilə həll olunmuş uşaq problemlərinin də sayının artmasına səbəb olub. Müsahibimin sözlərinə görə, Qaynar xətt xidmətində çalışan psixoloq, sosial işçi və digər mütəxəssislər ehtiyacı olan uşaqlara peşəkar xidmət göstərməklə yanaşı, eyni zamanda risk qrupuna aid olan uşaqların və ailələrin vaxtında aşkarlanmasına kömək edir. “Uşaq Qaynar Xətt”inə uşaqlar ehtiyacları olduğu zaman müraciət edərək, onları narahat edən mövzu haqqında məlumat verirlər.

Fəaliyyət göstərdiyi müddətdə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 1310 müraciət daxil olub. Müraciətlər şəhərdaxili (963), mobil telefon (288), SMS (30) və elektron poçt (29) vasitəsilə daxil olmuşdur. Abonentlərin müraciətləri müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı olmuşdur. “Uşaq Qaynar Xətt” xidmətinə müraciət edən uşaqlar müxtəlif yaş qruplarını əhatə edir. Lakin istifadəçilərin böyük üstünlüyünü 13-17 yaş qrupuna daxil olan yeniyetmələr təşkil edir.

Azercell səmimiyyətə şərait yaradır

Fəaliyyət göstərdikləri müddət ərzində “Qaynar xətt” əməkdaşları kifayət qədər maraqlı telefon zəngləri ilə qarşılaşıblar. Amma xidmət əməkdaşlarına daha çox təsir edən 17 yaşlı qızın ailədaxili problemi olub: “Bir dəfə 17 yaşlı qız bizə zəng vurub keçirdiyi hisslər haqda danışdı. Belə ki, anasının sağlamlığı ilə əlaqədar olaraq valideynləri ölkədən kənarda, özü isə təhsili ilə bağlı əmisigildə yaşayır. Qızın yaxınları anasının onu sevmədiyini və bu səbəbdən ondan uzaqda yaşadığını bildiriblər. Getdikcə mütəmadi olan bu fikirlər ona təsir edir və bunun nəticəsində onda valideynlərə qarşı nifrət hissi yaranmağa başlayır. Bu, hətta o səviyyəyə gəlib çatır kı, qız özünə qəsd də planlaşdırır, lakin həyata keçirə bilmir. Bizə müraciət edən zaman qızda cəsarət və özünəinam hissi yaradıldı ki, bu da problemin ətraflı öyrənilməsinə şərait yaratdı. Daha sonra söhbətin gedişatını valideyn-övlad münasibətləri üzrə davam etdirdik. Beləliklə, qızda valideynlərinə qarşı münasibəti dəyişməyə nail olduq” deyən Cəmilə xanımın sözlərinə görə “Qaynar xətt” bəlkə də onlarla uşağın intihara cəhd etməsinin qarşısını alıb.

“Qaynar xətt” xidmətinə müraciət edən uşaqlardan biri 15 yaşlı Zakir isə vaxtilə məktəbdə ciddi problemlər yaşayıb. Sinif yoldaşlarının ona olan kobud münasibətləri bu 15 yaşlı yeniyetməni əməlli-başlı depresiyaya salıb. Zakir hətta valideynlərindən gizli dəfələrlə dərslərini buraxmalı olub. Amma “Qaynar xətt”-ə etdiyi bir zəng onun həyatını təmamilə dəyişir. Zakir deyir ki, bugünkü yeniyetmələrin səmimi ünsiyyətə çox böyük ehtiyacı var:

“Azercell bu dəyərli işə, layihəyə dəstək verməklə səmimiyyətə şərait yaratdı. Psixoloqların köməyi ilə mən özümə inamı əldə edə bildim. İndi çox xoşbəxtəm”.

13 illiyində Azercell-dən uşaqlara daha bir hədiyyə

Azercell Telekom MMC-nin uşaqların rifahına qarşı yönəlmiş daha bir layihəsi “Mobil Diş Klinikası”dır. 2009-cu dekabrın 15-də 13 illiyini qeyd edən şirkət hədiyyə almaqdansa, həmişə dəyər verdiyi uşaqlara hədiyyə təqdim etdi. Belə ki, həmin gündən etibarən Azercell-in təşəbbüsü ilə uşaqlara xidmət göstərəcək “Mobil Diş Klinikası” fəaliyyətə başladı. Əgər “Qaynar xətt” xidmətinə dəstək verməklə Azercell uşaqlara mənəvi baxımdan dəstək olursa, “Mobil Diş” klinikasının köməyi ilə şirkət uşaqların sağlamlıqlarının qeydinə qalır. Hələ klinikanın açılışında Azercell Telekom MMC-nin prezidenti Ali Ağan bildirmişdi ki, “Azercell” fəaliyyətə başladığı ilk gündən uşaqlarla bağlı layihələrə diqqət yetirib: “Biz qürur dolu bir 13 ili geridə buraxdıq. Bilirsiniz ki, elə yarandığımız ildən – artıq 13 ildir “Ümid yeri” uşaq evinə yardım göstəririk. Lakin biz yalnız körpələrə yemək aparmaqla kifayətlənmirik, onların təhsili, sağlamlığını da nəzərdən qaçırmırıq”.

Şirkət prezidentinin sözlərinə görə, “Mobil Diş Klinikası” da məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib. Ali Ağan söylədi ki, bu klinika ilk olaraq “Ümid yeri”, sonra isə Bakının və regionlardakı digər uşaq evlərində xidmət göstərəcək: “Məlumdur ki, erkən yaşlarda diş problemləri çox ciddi xəstəliklərə yol aça bilər. Ona görə də “Mobil Diş Klinikası” bütövlükdə Azərbaycan xalqının, Azərbaycan uşaqlarının xidmətində olacaq və davamlı olaraq fəaliyyət göstərəcək”.

1668 uşaq Mobil Diş Klinikasından yaralanıb

Azercell Telekom MMC bu klinikanın yaradılması layihəsini “Üfüq” Xeyriyyə Cəmiyyəti ilə birlikdə həyata keçirib. “Mobil Diş Klinikası” layihəsinin rəhbəri Akif Əhmədovun sözlərinə görə, Azercell-in ideyası və dəstəyi əsasında yaradılan bu klinikanın fəaliyyət müddətində məhdudiyyət qoyulmayıb. Azercell-i sosial məsuliyyətli layihələrə önəm verən ən ciddi qurum adlandıran A.Əhmədov bu klinikanın yaradılmasını da çox yüksək qiymətləndirdi. Onun sözlərinə görə, 2002-ci ildə aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlər yaşandığını ortaya qoyub: “Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinet yoxdur. Halbuki süd dişləri tökülənə qədər uşaqların dişləri ciddi həkim nəzarəti altında olmalıdır”- deyən layihə rəhbəri Azercell-in həyata keçirdiyi sosial layihələrin respublikadakı bir çox məsələlərin həllinə yardımçı olduğunu vurğuladı.

Məlumat üçün bildirək ki, iri avtomobildə yaradılan klinika ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu təkərli klinikanın Azərbaycanın istənilən bölgəsinə səfər etmək imkanı var. Səyyar klinikada növbə ilə işləyən 6 həkim ilk olaraq  içməli su və yodlaşdırılmış duzla bağlı problemli bölgələr – Şəki və Qaxa üz tutub.  Akif Əhmədovun dediyinə görə, 2010-cu ildə klinikaya qəbul olunan uşaqların sayı 1468 nəfər olub. 2011-ci ilin aprel ayına qədər isə 200 nəfər uşaq “Mobil Diş Klinikası”nın xidmətindən yararlanıb.  Layihə rəhbəri deyir ki, “Mobil Diş Klinikası”nın səyyar kabinetləri Bakı şəhərində, “Ümid Yeri” uşaq evində, 7 saylı internat məktəbində, 3 saylı uşaq evində olublar. Rayonlara üz tutan Klinika Şəkidə İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda və Sabirabadda Qaçqın düşərgəsində, Quba, Qusar və Balakənddə internat məktəbində ehtiyacı olan uşaqlara xidmət göstəriblər. Respublika üzrə bütün uşaq evlərini gəzəndən sonra “Mobil Diş Klinika” bölgələrdəki aztəminatlı ailələrin də köməyinə yetəcək.

Şirkət layihələrə “davam” deyir

Azercell-in uşaqların sosial rifahına yönəlmiş layihələri təkcə bu 2 layihə ilə bitmir. Azercell-in dəstəyi ilə indiyə qədər bu yöndə onlarla layihə hayata keçirilib. Bu layihələr sırasında “De! Dildən-dilə, eldən-elə” şeir və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm müsəbiqəsini, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər…” layihələrini misal göstərmək olar. Bundan əlavə, Azercell artıq 14 ildir ki, “Ümid Yeri” Reabilitasiya Mərkəzinə dəstək göstərir. Məlumat üçün bildirək ki, 2010-cu ildə Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün təxminən 1,4 milyon ABŞ dolları, 14 il ərzində isə təxminən 14,7 milyon ABŞ dolları həcmində vəsait sərf edib. Şirkət həyata keçirdiyi sosial layihələrə görə dəfələrlə həm ölkəmizdə, həm də beynəlxalq arenada mükafatlandırılıb. Onu da qeyd edək ki, ilk dəfə məhz Azercell 2007-cı ildə “İlin Korporativ Sosial Məsuliyyətli” şirkəti seçilib, bundan sonra isə hər il sosial məsuliyyətlə bağlı mükafatlara layiq görülüb. Şirkətin gördüyu və görəcəyi işlər bununla bitmir. “Azərbaycanın qürur duyacağı şirkət” olmağı qarşısına məqsəd qoyan Azercell sosial layihələrinə “davam” deyir!

 

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button