“Gəncə hadisələrinin əsas günahkarı Elmar Vəliyevdir”-ETİRAZ

Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərin əksəriyyətinin işi məhkəmədədir. Onlardan bir çoxuna hökm də oxunub. Indi hökmdən verilən apellyasiya şikaytinə baxılır. Bu işlər bir neçə qrupa bölünüb. Qruplardan birinin apellyasiya məhkəməsi də sona yaxınlaşır. Və belə görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin onlara təyin etdiyi cəzalar azaldılacaq.
Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edərək, bu qrupdakı 11 nəfər təqsirləndirilən şəxsə (Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfov) qarşı irəli sürülmüş ittiham maddələrindən birinin dəyişdirilməsini və onların cəzasının azaldılmasını istəyib.
Bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (polisə qarşı müqavimət) maddələrilə ittiham irəli sürülüb.
Bu qrupda təqsirləndirilən şəxslərdən Maarif Hacıyev 9 il, Şahlar Rzayev, Kamal Məhərrəmov və Orxan Yağnəliyev 8 il 6 ay, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev və Seymur Əliyev 8 il, Araz Həsənov və Vaqif Əşrəfov 7 il 6 ay azadıqdan məhrum edilmişdi.
Prokuror isə onların cəzalarının 5 il – 5 il 6 aya qədər azaldılmasını istərib. Yalnız Vaqif Əşrəfova 4 il 6 ay cəza verilməsini təklif edib.
V.Əşrəfov Rusiya vətəndaşıdır və orada yaşayır. Məhkəmədə də bildirib ki, ümumiyyətlə, bu hadisələrlə heç bir əlaqəsi olmayıb. Gəncədə baş verənlərdən xeyli keçəndən sonra onu həbs ediblər.
Valideynlər prokurorun çıxışına etiraz ediblər. Bildiriblər ki, övladları günahsızdır. Onların sözlərinə görə, bu işdə əsas günahkar varsa da, Elmar Vəliyevdir. Çünki Gəncəni yaşanılmaz hala gətirmişdi, insanlara zülm eləyirdi.
Vəkillər də çıxışlarında məhkəmədən bəraət hökmü çıxarılmasını istәyiblər. Bildiriblər ki, ittihamların heç biri sübuta yetirilməyib.
2018-ci ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsi və bir həftə sonra – iyulun 10-da keçirilən, iki polis zabitinin öldürüldüyü aksiyadan sonra 80-ə qədər adam həbs olunub. Hüquq-mühafizə orqanları bu əməliyyatlarda 10-a qədər insanı qətlə yetirib.
Həbs olunanlar günahsız olduqlarını, onlara istər Gəncədə polis idarələrində, istərsə də Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələr verildiyini bildirirlər.

 

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button