Gəncə: Heydər Əliyev prospektindəki “üstü bəzək” bina

Yayımlandı: 23 May 2024 14:16

Sakinlər deyir ki, Prezident gələndə görməsin deyə binanın bayır hissəsini bəzəyiblər

“Yaşadığımız bina təxminən 70 il əvvəl istifadəyə verilib. İstismar müddəti çoxdan başa çatıb. Kanalizasiya xətləri çürük, ərazisi isə baxımsızdır. Müraciət etdiyimiz qurumlar da məsuliyyəti bir-birinin üzərinə atır”.

Bunu Meydan TV-yə Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektindəki 56 saylı binanın sakinləri deyir. Çoxillik bina 4 blokdan ibarətdir. Binada təqribən 50 ailə yaşayır.

“Üzlüyə kibrit vursan, alışar”

Bina sakini Rəvanə Əliyeva deyir ki, binada yalnız bir dəfə dam örtüyündə təmir işi aparılıb. Bir də illər əvvəl binanın Heydər Əliyev prospektinə baxan tərəfi tezalışan penoplastla üzlənib:

“O vaxt guya abadlaşdırma işləri aparılırdı, gəlib binanın dam örtüyünü ortabab təmir elədilər, məqsəd heç də sakinlərin rahatlığı deyildi. Sadəcə olaraq, binanın bir tərəfi Heydər Əliyev prospektinə baxır, guya bunlar abadlıq işləri görürlər. O vaxt prospektə tərəf baxan hissəni penoplast materialla üzlədilər. O üzlüyün sökülməsi üçün müraciət etmədiyimiz yer qalmayıb. Bəzi hissələri öz-özünə sökülüb, tökülüb. O hissələrə də gətirib rəng çəkiblər. Bu üzlük insan həyatı üçün təhlükəlidir, Allah eləməmiş, kibrit vursan, alışar”.

“Kanalizasiya xətləri çürüyüb”

Sakin Afaq Həsənovanı narahat edənsə binadakı kommunikasiya xətləridir. Deyir, kanalizasiya xətləri 70 ildə bircə dəfə də əsaslı təmir olunmayıb. Bu səbəbdən də mənzillərin tualetlərində tez-tez çirkab sular dolub-daşır:

“Hətta bəzən çirkab sular aşağı mərtəbələrdəki qonşu mənzillərə də süzülür. Bezmişik”.

Sakin Kamil Qasımovsa bloklardan və binanın həyətyanı sahəsindən danışır. Onun sözlərinə görə, həyətyanı ərazidə indiyədək hər hansı təmizlik, abadlıq işləri görülməyib:

“Sovet vaxtı çəkilmiş asfalt örtüyünü illərin yağan yağışı çoxdan yuyub aparıb. Həyətdə yer var, ancaq uşaqlar üçün bir meydança düzəltmirlər. Bloklara girişlər pis vəziyyətdədir. Özümüzdə də imkan yoxdur ki, əl gəzdirək”.

Sakinlər deyir, qonşuluqdakı 57 saylı bina da eyni vəziyyətdədir.

Qurum: “Pis görünməsin deyə, alçipanla örtdük”

Aprelin 9-da Prezident İlham Əliyev Gəncəyə səfər edəndə bu binaların qarşısından ötüb keçib. Sakinlər deyir, çox arzulayıblar ki, Prezident maşından düşüb binanın üzlüyü ilə maraqlansın:

“Prezidentin səfərinə üç gün qalmış icra hakimiyyəti fəhlələri tökdü prospektdəki binaların qarşısına, penoplastların çürümüş hissələrini qaşıyıb yerinə alçipan vurub, üstünü rənglədilər. Kaş ki, Prezident şəxsən yaxınlaşıb binaların prospektə tərəf baxan hissəsinin üzlüyü ilə maraqlanaydı. Binaların həyətlərinə burulub daxili hissələrini də görəydi. Kaş biləydi ki, məmurlar onun 10 il əvvəl tezalışan üzlüklərin sökülməsiylə bağlı verdiyi tapşırıqları yerinə yetirmir”.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Meydan TV-yə bildirilib ki, həmin binada təmir-abadlıq işləri tədbirlər planına salınıb. Ancaq bu, nə vaxt baş tutacaq, hələlik məlum deyil:

“Binanın üzlüklərinin bəzi hissələri sökülmüşdü. Düzdür, cənab Prezident gələnə yaxın pis görünməsin deyə, o hissələri alçipanla bağladıq. Ancaq tədbirlər planına salınıb, o məhəllədə əsaslı abadlıq işləri aparılacaq”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button