Gəncə “İmamzada”sında şok yeyinti: “7 milyon yazıb 1 milyon göstərdilər”

Fəhlələr prezidentə Elmar Vəliyevdən şikayət etdilər

Həzrət Məhəmməd peyğəmbər (s) buyurub ki, “Fəhlənin alnının təri qurumamış onun muzdunu verin”. Lakin redaksiyamıza müraciət edən 61 nəfər fəhlə Gəncədə İmamzadə məscidində aparılan tikinti və yenidənqurma işlərində çalışdıqlarının haqqını bu günədək almadıqlarını iddia edirlər.

Bizimlə söhbətdə onların bəziləri bildirdi ki, bu günə qədər ən ali instansiyalara etdikləri müraciətlər nəticəsiz qalıb: “Bizim haqqımızı Elmar Vəliyev “yedi”. Dəfələrlə halal zəhmət haqqımızı ödəməmək üçün müxtəlif yalanlar və bəhanələr uydurdu, günü-günə satdı, nəticədə əməyimizi qul əməyinə döndərib haqqımızı ödəmədi. Bu gün də onun başına gələnləri qul haqqına girməylə əlaqələndirənlər var. Adam – istər icra başçısı olsun, istərsə də adi vətəndaş kimliyindən asılı olmayaraq, başqasının halal haqqını yeməməlidir. Çünki biz də ailə saxlayırıq və qazandığımız pulla hər birimiz evimizdə Vətən üçün layiqli övladlar böyüdürük, ata-ana qayğısına qalırıq. Elələrimiz var ki, övladının təhsil haqqını, elələrimiz də var ki, evində xəstə yatan ailə üzvünün dərmanlarını pulunu ödəyə bilmir. Nə qədər borcla bu aydan o aya necə keçmək olar. Biz o tikinti aparılanda canla-başla çalışdıq, çoxumuz sağlamlığımızı orda itirdik. Fikirləşdik ki, 5-3 manat qazancımızın heç olmasa ailəmizə xeyiri dəyər. Çünki hər şeydən əvvəl dövlətimizə inanmışdıq və hesab edirdik ki, dövlətimiz bizim haqqımızı mütləq ödəyəcək. Lakin Elmar Vəliyev fəhlələrin haqqını ödəmədi və həmin vəsaiti şəxsi mənafeyi naminə istifadə etdi. Biz bu gün də dövlətimizə, prezidentimizə, xalqımızın sevimli qızı Mehriban xanıma inanırıq. İnanırıq ki, o haqqımızın yeyilməsinə imkan verməyəcək və bizim Elmar Vəliyev tərəfindən bu günədək ödənməyən zəhmət haqqlarımız bizə qaytarılacaq”.

Haqqı tapdalanan fəhlələr son ümid yeri kimi I vitse-prezident, xanım Mehriban Əliyevaya müraciət ediblər. Müraciətdə deyilir:

“Biz sizə xalq tərəfindən dəstəklənən və müdafiə olunan xalqın rifahı uğrunda yorulmaz, mübariz, kadrlara qarşı tələbkar, neqativ hallara qarşı barışmaz millət vəkili, xalqın sevimli qızı kimi əlinin zəhməti, alın təri ilə ailəsinə çörək pulu qazanan insanlar (ümumilikdə 61 nəfər) kömək üçün müraciət edirik.

Biz respublikamızın müxtəlif bölgələrindən ailəmizə çörək pulu qazanmaq üçün gələrək Bakı şəhərində və regionlarda tikinti quraşdırma işləri ilə məşğul olan fəhlələrik (suvaqçılar, santexniklər, tikinti ustaları, rəssamlar, qaynaqçılar, daşçılar və s. tikinti işləri görən insanlar).

Belə ki, biz Bakı şəhərində Heydər Əliyev adına məscid kompleksinin, Gəncə şəhərində İmamzadə məscid kompleksinin tikintisində halal zəhmətimizlə işləmişik v ə aldığımız zəhmət pulu ilə övladlarımızı, ailəmizi saxlamışıq, valideynlərimizə maddi yardım etmişik. Sonuncu dəfə Gəncə şəhərində prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi ilə bərpası və yeniden qurulması aparılan Gəncə şəhərindəki İmamzadə məscid kompleksində işləmişik. Lakim kompleksin tikintisi ilə məşğul olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bizim günəmuzd əmək haqqımızın bir hissəsini ödəməkdən bu günə kimi imtina edir. Müxtəlif bəhanələrlə pulumuzu tam ödəmək istəmir. Bizim digər qazanc yerimiz yoxdur. Çörəyimiz ailəmizin dolanışığı öz alın tərimizlə, zəhmətimizlə, ustalıq, fəhləlik etməklə, qul əməyi ilə əldə edirik. Sonuncu dəfə 2016-cı ilin mart ayında aidiyyatı orqanlara şikayətimizdən sonra bizim pulumuzun bir qisminin cuzi miqdarını ödədilər.

Lakin bundan sonra qalan pulumuzu ödəmirlər. Yenə də müxtəlif bəhanələrlə ödəməkdən imtina edirlər. Biz hər dəfə pulumuzu almaq üçün respublikanın müxtəlif bölgələrindən Gəncə şəhərinə gedib-gəlirik. Bunu da borc aldığımız pulla edirik.

Böyük imkanlara malik, tikinti işləri ilə məşğul olan Gəncə şəhər İcra Hakimiyyəti bizim pulumuzu ödəməkdən yayınır. Hal-hazırda işləyib pulumuzu ala bilmədiyimizdən ailəmiz və uşaqlarımız acınacaqlı vəziyyətdə yaşayırlar. Sayğıdəyər Mehriban xanım, biz sadə, zəhmətkeş insanlar sizə böyük ümidlərlə müraciət edirik. İnanırıq ki, müraciətimizdən sonra haqq-ədalət bərpa olunacaq. Alın tərimizlə, halal zəhmətimizlə qazandığımız pulumuzun alınması üçün səlahiyyətlərinizdən istifadə edəcəksiniz.

Qurani Kərim-in “Əl-Bəqərə surəsi-82” qeyd olunur ki, “iman gətirənlər, ən yaxşı işlər görənlər cənnətlikdirlər”. Lakin bizim pulumuzu ödəməyən məmurlar bizim müqəddəs ocaqların inşasında çalışdığımız, alın təriylə, zəhmətimizlə pul qazandığımızı heçə sayırlar. Görəsən, həmin məmurlar bizim alın təriylə islanmış pulumuzu necə mənimsəyirlər? Bizim uşaqlarımızın çörəklərinə bais olan, onun çörəyini mənimsəyən bu insanlar inanırıq ki, dövlətimiz və Allah qarşısında cavab verəcəklər.

Böyük ümidlərlə sizə müraciət edənlər: (Cəmi 61 nəfər)

 

Xural.com

 

İ.S. Şikayətçilərlə söhbətdə məlum oldu ki, ümumiyyətlə, Gəncədə yerləşən “İmamzadə” kompleksinin minarələri və digər təmiri üçün 7 milyon dollar nəzərdə tutulubmuş. 7 milyon manatı kağız üzərində “pripiska” edərək 1 milyona endirən sabiq icra başçısı onun da hamısını tam ödəməyib. Fəhlələrə 565 min manat borc qalıb.

İ.İ.S. Araşdırmalarımız davam edir. Gələn saylarımızda Gəncənin Axundu Hacı Tahir Abbaszadədən və digər səlahiyyət sahiblərindən də mövqe öyrənməyə çalışacağıq.

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button