“Gəncə işi”ndə “Kurtlar vadisi” işgəncəsi…

Oktay Gülalıyev

 

Bu gün Sabunçu rayon məhkəməsində 2018- ci ildə Gəncədə baş vermiş məlum hadisələrlə bağlı daha 8 nəfər təqsirləndirilən şəxsin məhkəməsi başladı. Məhkəmədə çətinliklə iştirak edə bildik. Çünki hakim jurnalistlərin və “kənar şəxslər”-in iştirakına imkan vermək istəmirdi…

Məhkəmə prosesində təqsirləndirilən şəxslər qolu bağlı iştirak edirdi (!?) və onlarla qatı cinayətkar kimi davranılırdı. Bütün vəkillər dövlət hesabına təyin olunmuş vəkillər idi…

İbtidai istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntuları arasında diqqətimi daha çox 2 məqam cəlb etdi; həbs edilən şəxslərdən etirafedici ifadə almaq üçün Gəncə polisində və Bakıda “bandotdel”- də onlara ağır, dəhşətli işgəncələr veriblər. Təhqir edib, qeyri- insani münasibət göstərməkdən tutmuş elektro- şok verilməsinə qədər. Bununla kifayətlənməyən işgəncə verən polislər “Kurtlar vadisi” filmindəki kimi həbs edilən şəxslərin başına salafan torba keçirərək onları boğur, həmin filmdə Çakır Tombalacını əsa ilə döyüb öldürdüyü kimi insanları əsa, ağacla döyürmüşlər. İşgəncələr o qədər dəhşətli alçaldıcı olub ki, bəzi məhbuslar məhkəmədə valideynləri iştirak etdiyi üçün bunu ifadə edə bilmədilər. Onsuz da ittihamçı və hakim də işgəncə barədə onlara danışmağa imkan vermirdi. Hakim hələ bir az da qabağa gedərək bəzi məhbuslara “boynuna al” təkidi edirdi. Vəkillər isə susurdu…

Diqqətimi çəkən ikinci məqam isə həbs edilən şəxsləri istintaq orqanının absurd, ağır ittihamlarla yükləməsi idi. Təsəvvür edin heç bir əsas və dəlil olmadan insanları mütəşəkkil dəstə yaradaraq və guya əvvəlcədən əlbir olaraq bir neçə nəfəri qətlə yetirməkdə (CM 120- ci maddə- red.) ittiham edirlər. Halbu ki ifadə verən Bəkrəm Əliyev bildirdi ki, onunla birgə ittiham olunanların heç birini tanımır (!?). Eyni zamanda ittiham tərəfi məhkəmnin gedişində “adam öldürmə” ittihamı ilə bağlı ortaya hər hansı ciddi dəlil, sübut qoya bilmədi. 11- ci sinif şagirdi, ata və anasını itirmiş 2002- ci il təvəllüdlü Emil Məmmədovun adam öldürmə ittihamı ilə dəmir barmaqlılar arxasında əyləşdirilməsi də ağır mənəzərə idi.

“Gəncə işi” ilə bağlı nə qədər cəhd etsələr də elə ilk məhkəmədəcə aydın oldu ki, bu iş digər siyasi motivli işlər kimi qurama və saxtadır. Elə ilk məhkəmədə ittihamlar dağıldı…

“Gəncə işi” ilə bağlı daha çox həqiqətləri eşitmək, gerçəkliyi bilmək istəyirsinizsə Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) 30 mart saat 15.00- da təşkil etdiyi toplantıya qatılın və ya prosesi izləyin. Çünki bu işlə bağlı gerçək zərərçəkənlərin valideynləri toplantıda bu barədə daha ətraflı danışacaq. Hər kəs dəvətlidir!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button