“Gəncə məhbusu” işgəncələrdən yazdı – Ürəyi zəif olanlar oxumasın

“Həyatımda belə şeylər görməmişdim, qadın-uşaq demir, böyük-kiçik fərq qoymur, hamını amansızcasına döyürdülər…”

2018-ci il 10 iyul Gəncə hadisəsinə görə haqsız olaraq həbs edilmiş Hüseynzadə Elmir Natiq oğlunun ailəsinə göndərdiyi məktubu valideyinləri redaksiyaya təqdim ediblər. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“…Mən bir neçə nəfərin eyni istiqamətdə qaçdığını gördüm, nə baş verdiyini anlamadım və qeyri-ixtiyari mən də həmin istiqamətdə 8-9 addım qaçdım, lakin öndə qaçan qara paltarlı bir nəfərin, adı mənə sonra məlum olan Rəşadın, əlində qılınca bənzər bir şey gözümə sataşdı və həmin oğlanın polislər tərəfə qaçdığını gördükdə, onun niyyətinin pis olduğunu anladım və qorxub geri çəkildim, dərhal ordan uzaqlaşdım, camaat arasında gərginlik yaranmağa başladı və bu üzdən də mən evə getməyə tələsdim.

Evə doğru gedəndə, meydanın yaxınlığında olan “Şah Abbas” məscidinin parkında məni iki nəfər mülki geyimli şəxslər saxladı və Nizami RPİ-nə gətirdi. Həmin günü Nizami RPİ-də adam əlindən tərpənməyə yer yox idi, məni və digərlərini, qadın-uşaq fərq qoymadan, hamını polis idarəsinin koridorunda üzü divara, dizi üstə, əlimiz başımızın arxasında saxlayırdılar, aramızda 33-35 yaşında bir qadın yanında 6-7 yaşlı oğlu var idi, qadın ayaq üstə qalxdı və polisə üz tutub dedi ki, mənim ayaqlarım ağrıyır, diz üstə dura bilmirəm, qoy ayaq üstə durum, qəfldən polis qadını vurdu və alçaldıcı, küçə söyüşlərlə təhqir edərək onu döyməyə başladı. Həmin vaxt mən koridorun orta hissəsində idim, qadının yaxınlığında olan 5-6 nəfər oğlan uşaqları 1-2 nəfər kişi xəylağı ayağa durdular ki, qoymasınlar qadını döyməyə, lakin polis nəfərlərin sayı çox olduğundan bunları da ağızlarından qan gələnə kimi döydülər, uşağın çığırtısı ürək ağrıdırdı, mən qorxu, həyəcan və dəhşət içində idim, ürəyim elə çırpınırdı ki, sanki çölə çıxacaqdı, həyatımda belə şeylər görməmişdim, burada qadın-uşaq demir, böyük-kiçik fərq qoymur, hamını amansızcasına döyürdülər.

Bir nəfər 22-23 yaşlı xanım, çox güman ki, müxbir idi, yanında da bir nəfər əlində kamera olan cavan oğlan döyülə-döyülə bizim yanımıza koridora gətirildilər. Xanım başladı polislərə deməyə ki, siz etdikləriniz qanunsuzdur, belə etməyin və sair bu kimi sözlər, həmin an iki əməliyyatçı biri xanıma tərəf, o biri isə həmin oğlana tərəf yaxınlaşdı, xanımı təpiklə çox bərk vurdu, elə vurdu ki, xanım qalxıb divara dəyib yerə yıxıldı və qeyri-ixtiyari sidik ifrazı etdi, kafelli döşəməni batırdı, onun işəyib batırmasını polislər lağ edib gülməklərindən mən anladım orada nə baş verdiyini, cavan oğlanın isə başından üzündən var gücləri ilə vururdular, üzü-gözü qan içində idi.

Aradan 10 dəqiqə keçdi, bizim hamımızı koridorun sağ tərəfindən sol tərəfinə keçirdilər və yenə həminki qaydada dizi üstə əlimiz başımızın arxasında üzümüz divara sarı düzdülər, təxminən 15-20 dəqiqə keçmişdi, dəqiq xatırlayıram ki, bir Türkiyə vətəndaşı var idi, onu 12-14 nəfər eyni zamanda amansızcasına döyürdülər, “abi, abi” deyib lağa qoyaraq söyürdülər, “…nəyə gəlmisən, bura çeviriliş etməyəmi gəlmisən, nə etmək istəyirdin?…” deyə-deyə döyürdülər, o da cavabında “…işimlə bağlı burdayam, ailəmlə gəlmişəm, mənim heç nədən xəbərim yoxdur…” söyləyəndə onu döyənlər sanki daha da azğınlaşıb əvvəlikindən daha da bərk döyürdülər. Koridorun digər tərəfində başqa bir dəhşətli mənzərə var idi: mayor rütbəli, lakin mülki formada bir hərbçini yerdə uzanıqlı vəziyyətdə sillə, yumruqla döyürdülər, döyə-döyə deyirdilər ki, niyə işdə deyilsən, nəyə gəlmisən bura, nə etmək istəyirdin.

Aradan bir müddət keçdi, lakin bizi dizi üstə yerdə həmin qaydada durmağa məcbur edirdilər, hamımızı ara-sıra döyürdülər, digər koridordan ara-sıra səslər gəlirdi, işgəncə səsləri idi, səslərdən adamı vahimə basırdı, qorxu və dəhşət bürüyürdü. Bir nəfər mülki qeyimdə şəxsə, belə anladım ki, polis işçisinə, telefon zəngi gəldi və o qışqıraraq “…necə yəni öldülər?! bu boyda hazırlıq, bu boyda qüvvə – öldülər nədir?! Bunların var-yoxunu (söyüşlər)…” zəngə atboy verəndən sonra həmin şəxs bizə tərəf dönüb qəzəblə baxdı, sanki gözlərindən od püskürürdü… ağına-bozuna baxmadan hardan gəldi kimi gəldi başladı qəzəblə şiddətli döyməyə, bütün idarədəki polis işçiləri tökülüşdülər, qoşuldular bir-birinə və bizim hamımızı amansızcasına sillə, yumruq, təpik, dəyənəklə başladılar döyməyə. Biz artıq yerdə uzanıqlı vəziyyətdə döyülürdük, mənim özümü 4-5 nəfər eyni zamanda 15-20 dəqiqə döyürdülər, döyülən şəxslərdən bir nəfərin səsini eşitdim: “…niyə vurusunuz məni, ermənisinizmi döyürsünüz?” Bu sözə görə daha da azğınlaşıb vəhşicəsinə döydülər həmin oğlanı, o qədər döydülər ki, onun səsi çıxmadı ancaq ciyilti eşidilirdi, həmin ciyiltinin səsi 3 ay mənim qulağımdan getmirdi.

Artıq gecə olmuşdur, məni və mənimlə birgə 10 nəfər adamı ayırdılar, harasa aparırdılar, idarənin qapısından darvazasına kimi polis nəfərlərdən canlı koridor düzmüşdülər, o koridordan biz keçəndə hər duran polis bizi qəzəblə, qəddarlıqla vururdu, kimisi təpiklə, kimisi yumruqla, kimisi dəyənəklə, kimisi radio stansiyanın (rasiyanın) arxasıyla, üstümüzə tüpürürdülər, söyürdülər, bizi 2 Mercedes-Sprinter markalı maşına hər maşına 5 nəfər mindirib Tovuz RPŞ-nə apardılar. Yolda gedərkən bizə oturmağa icazə vermirdilər, döyərək bizi ağzı üstə yerə uzatdılar, Tovuza çatana kimi dəyənəklə, təpiklə, şapalaqla, radio stansiyanın (rasiyanın) arxasıyla vururdular, mənim başımın arxasından o qədər vurdular ki, burnumdan qan açıldı, mən bir təhər çöməldim, bunu görən sürücü polislərə dedi ki, maşının içini qan etməyin, bu zaman polis saçımdan tutaraq, başımı dizimə vurub, burnumun qanını şalvarımın dizinə sürtməyə başladı.

Tovuza çatanda bizi polis şöbəsinin zirzəmisinə saldılar, orada gördüm ki, bizimlə birgə yetkinlik yaşına çatmayan 2 nəfər də gəlmişdi, onlar da döyülmüş halda idilər, üst-başları, üz-gözləri çox pis gündə idi. Zirzəmidə də bizi bir neçə dəfə girib döyüb çıxırdılar. Beləliklə səhər üzümüzə açıldı. Artıq 15-16 saat idi ki, bizə nə yemək nə də su verilmirdir, heç bir tibbi yardım göstərilmirdi, vəziyyətimiz çox pis idi. Səhər bir nəfər gəldi, çox güman ki, müstəntiq idi, yanında da sənəd gəzdirən və yazanlar var idi. Yetkinlik yaşına çatmayan uşaqlardan biri qəfldən titrəyib huşunu itirib yerə yıxıldı, onun üzünə su vurdular, bir təhər ayıltdılar, rəis göstəriş verdi ki, bunlara su alıb versinlər, bundan sonra biz nəhayət ki, su içdik.

Sonra bizi Gəncə Nizami Rayon Məhkəməsinə gətirdilər, mənim barəmdə 20 sutka inzibati həbs qətimkanı seçildi, mənim vəkilim yox idi, dəfələrlə hakimə dedim ki, məni döyüb öldürürdülər, ailəmlə əlaqə saxlamağa şərait yaradılmır, doğmalarım məndən nigarandır məni axtarırlar, saxlandığım yerdə ağzımı açıb nəsə deyən kimi məni söyüb döyürlər, səsimi kəsməsəm öldürməklə hədələyirlər. Mənim döyülmüş bədənim özü öz sözünü deyirdi, hər yerim pis gündə idi, lakin hakim nə dediklərimə nə də gördüklərinə məhəl qoymadı, öz qərarını oxuyub getdi, və məni yenidən Tovuz RPŞ-nə qaytardılar, müvəqqəti saxlanma yerinə saldılar. Saat günorta 4-5 arası idi mən kameraya girəndə, 4 nəfərlik yer idi, mənim bütün bədənim ağrıyır sızıldayırdı, ac və susuz idim, yuxusuz idim, uzandım ki, bir az dincələm, lakin 5 dəqiqə keçməmiş əllərində dəyənək 5-6 nəfər polis işçisi söyüş söyə-söyə içəri daxil oldu, sən demə otaqda video-müşahidə kamerası var və bunlar mənim uzandığımı görüb gəldilər. Mən qorxudan səsimi çıxartmayıb küncə sıxıldım, onlar mənə tərəf gəlirdilər, məni yataqdan qaldırdılar, 5-6 dəfə var gücləri ilə vurdular və saat 22:00-dək uzanmağıma qadağa qoydular, mən qorxumdan dedikləri kimi edirdim.

Səhər saat 8-dən qaldırırdılar axşam saat 22:00-dək uzanmaq olmaz, gün ərzində 10-15 dəqiqə hava almağa çıxarırdılar. İyul ayının 20-də, inzibati cəzanın 10-cu günündə məni qəfldən Gəncəyə apardılar, əvvəlcə Kəpəz RPİ-nin müvəqqəti saxlanma yerinə, 1-2 saatdan sonra isə, təxminən saat 18:00 radələrində Nizami RPİ-nin rəisi Ədalət Sadıxovun otağına gətirdilər, orada 6-7 nəfər mülki qeyimdə işçilər oturmuş idi, rəis mənə video-görüntü nümayiş etdirdi, və orada məni göstərib soruşdu ki, bu sənsən, mən də dedim ki, bəli, ikinci sözü ağzımdan çıxartmağa qoymadı, başladı özü məni döyməyə, sonra göstəriş verdi ki, bunu da onların yanına aparın. Məni işığı zəif olan bir otağa saldılar, içəri daxil olan kimi badalaq vurub yerə yıxdılar, ayağımı, əlimi skoçla bağladılar, gözlərimə paqon qoyub skoçladılar, məni döyməyə başladılar, onlar 8-9 nəfər olardı, ayağımdan çəkələyi çıxarıb oturacaq stola diriyib ayağımın altına dəyənəklə var gücləri ilə vururdular, iki nəfər iri gövdəli adam, kürəyimə çıxıb tapdalayıb əzirdi (mənim cəmi 50-55 kq çəkim var), döyməkdən yorulmurdular, növbə və fasilələrlə 3-4 saat ərzində bizi döyürdülər, həm döyür həm də söyürdülər, təhqir edirdilər, bir anlıq huşum gedib-gəlirdi, nəfəs ala bilmirdim, sonra məni və mənimlə bir qandala vurulmuş Asif Cavadovu Kəpəz RPİ-nin müvəqqəti saxlanma yerinə gətirdilər.

Orada da Asiflə məni iki nəfər, mayor və serjant rütbəli işçilər döyürdülər, gecə yarısı ara-sıra ayrı-ayrı şəxslər otağa daxil olub bizi döyüb gedirdilər. Səhər bizi yenidən Nizami RPİ-nə gətirdilər, 4 nəfər idik Şahin Verdiyev, Mirzə Hüseynov, Asif Cavadov və mən. Orada müstəntiq Orxan Babayev ifadəmi aldı və imzalamağa verdi, oxuyanda gördüm ki, izahatda əlavə olaraq törətmədiyim şeylər qeyd edilib, imza etməkdən imtina etdim, onda gördüm ki, müstəntiq otaqdan çıxdı və otağa iki nəfər mülki qeyimli iri bədənli şəxslər daxil olub üstümə gəldilər, dəhşət məni bürüdü, “…yenə döyəcəklər…” düşündüm və onlar doğurdan da məni top kimi ora-bura çırparaq amansızcasına döydülər, ağzım-burnum qan içində idi, ayaq yoluna apardılar ki, üzümü yumağa, lakin orada da məni döydülər, başımı rakovinaya vura-vura, yumruq, təpik, sillə vurub, söyüşlər söyə-söyə məni alçaldıb döyürdülər, başım kafelli divara dəyəndə gözlərim qaralıb sanki huşumu itirmiş kimi olurdum, ağır gövdəlilər kürəyimi, belimi o qədər əzmişdilər ki, artıq zərbələrə tab gətirə bilmirdim, nəfəsin sanki kəsilirdi, elə bilirdim ki, öləcəm, burdan sağ çıxmayacam… yekunda mən məcbur qalıb yalançı və qurama izahata imza atdım, əlavə də mənə yazdırdılar ki, “ifadəmi öxudum, öz sözlərimdən düzgün yazılıb, düzgünlüyünü öz imzamla təsdiq edirəm…” mən elə vəziyyətdə idim ki, artıq mənim üçün heç nəyin fərqi yox idi, nə aydın düşünə bilmirdim, nə də sağ qalmağıma ümidim yox idi…

İzahatım hazır olandan sonra mənə dövlət tərəfindən təyin edilmiş Məmmədov Hidayət adlı vəkilim gəldi, mənim döyülmüş, qan içində olmuş vəziyyətimi o da gördü, izahata imza atmaq istəmədi, bu an müstəntiq əsəbindən vəkilin üstünə şığıdı, xirtləyindən tutub divara dirədi, yumruğunu sifətinin qarşısında qıcayıb hədələdi ki, “…nətər yəni qol çəkmirsən? Çək sənə deyirəm!…” vəkil dedi ki, mənə hədə-qorxu gəlməyin imza atmayacağam, bu sözlərdən sonra mən sanki bir ümid işığı gördüm, lakin müstəntiq vəkildən əl çəkib kiməsə telefon zəngi etdi və dəstəyi vəkilə ötürdü, onu gördüm ki, vəkilim əli-ayağı əsə-əsə izahatıma və digər zəruri sənədlərə qol çəkdi getdi… ancaq bir fikir keçdi ağlımdan “vəssalam, məni yüklədilər, torbamı da tikdilər”…

Sonra məni Nizami Rayon Məhkəməsinə apardılar və barəmdə 4 ay həbs qətimkanı seçildi, daha sonra Gəncə 2 saylı İstintaq Təcridxanasına gətirdilər, oranın işçiləri məni və mənimlə birgə gələnləri döydülər, sonra karsa saldılar, 4 gün orda qaldıq, yalnız krantdan gələn suyu içirdik, 2 dəfə bizə eləcə çörək verdilər, ağrıdan onsuzda heç nə yeyə bilmirdim, iyul ayının 24-dü axşam saatlarında bizi karsdan çıxardılar və Bakı İstintaq Təcridxanasına göndərdilər. Saxlandığım 8 ay müddət ərzində nə ailəmlə əlaqə saxlaya və də görüşə bilməmişəm, görüş və telefon danışıqlarıma qadağa qoyulmuşdur, vəkilim də heç nə edə bilmirdi, cinayət materialları ilə yalnız istintaq bitəndən sonra (8 aydan sonra) tanış olmağa icazə verdilər, mən hansı maddələrlə ittiham olunduğumu yalnız həbs qətimkanı sanksiyasını alanda bilmişəm, amma hansı əməllərimə görə bu ittihamlar mənə qarşı sürülüb, bu günə kimi anlaya bilmirəm.

Həbs qərarı sanksiyasının artırılması ilə bağlı keçirilən məhkəmədə, boks deyilən yerdə, mənimlə birgə Şəmkirli oğlan var idi, onunla bir az söhbət etdik, o dedi ki, hadisəni törədən Rəşad Böyükkişiyev onun evində gizlənmişdir, Şəmkir rayonun Morul kəndində və Rəşadı evdə sağ-salamat tutmuşdular, onu tutandan sonra mənim evə gəlməyimi gözləmişlər və mən evə girən kimi məni də tutdular, ondan sonra Rəşadı öldürdülər, adını da qoydular ki, güya silahlı müqavimət göstərib və s… Bu eşitdiklərimdən sonra mən tam əminliklə anladın ki, bu Gəncə hadisəsinin hamısı başdan ayağa qurama bir işdir və bu işdə məni kimi sadəlöv insanlar qurban verildik. Xocalıda ermənilər millətimizə verdiyi zülmü mənə və tutulan bütün şəxslərə Nizami RPİ-də və digər yerlərdə verdilər, düşmən bizim başımıza belə oyun açanda bunu hardasa başa düşmək olar ki, bu düşməndir, amma özümüzünkülərin bizə qarşı belə qəddarlıq və vəhşilik etməsi bu heç bir ağıla məntiqə sığmayan haldır.

Bir ildən artıqdır ki, həbsdəyəm, heç nədən kimlərinsə çirkli siyasi oyununun qurbanına çevrilmişəm, 24 illik həyatımda görmədiyim çirkabları mən təcrid olunduğum yerlərdə görürəm. Bu yerlər məni fiziki və mənəvi olaraq məhv edir, mən hər günümdə psixoloji sarsıntı keçirirəm, əgər belə davam etsə sabahsı gün mən nə cəmiyyətimizə, nə də anama layiqli oğul ola bilməyəcəm, bu çirkab mənu udacaq… anam gözümün önünə gəlir. Bir ildən çoxdur sən də iztirablar çəkirsən mənə görə, sənə dərd verdiyim üçün bağışla məni, belə olmasını istəməzdim…

2019-cu ilin mart ayının 14-dən mənim məhkəmə proseslərim başlayıb və bu günədək davam etməkdədir. İşim Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun icraatındadır, lakin məhkəmə iclasları hər həftə Bakı Sabunçu Rayon Məhkəməsində keçirilir, mənim valideynlərim Gəncə-Bakı-Gəncə yollarında qalıblar, iztirablar, mənəvi yorğunluq və maddi sıxıntılar yaşayırlar.

Mən haqqın və ədalətin sorağındayam”.

Image may contain: 1 person, selfie

Image may contain: one or more people and text

Image may contain: text

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button