Gəncə Şəhər Xəstəxanasında “ölücanlar” əməliyyatı: 2 nəfər saxlanıldı

Yayımlandı: 3 May 2024 11:57

İddiaya görə xeyli insanın adına açılmış maaş kartlarına 2021-2024-cü illər ərzində 364 mindən artıq pul köçürülüb

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Gəncə Şəhər Xəstəxanasında əməliyyat keçirib. Əməliyyat nəticəsində xəstəxananın iki nəfər vəzifəlisi – Vidadi Hüseynov və Məhəbbət Abdullayev saxlanılıb. Onlar 364 min manatlıq yeyintidə ittiham olunurlar.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İddia olunur ki, xəstəxanada “ölücanlar” olub. Yəni əslində, işə gəlməyən, heç bir iş görməyən, lakin rəsmi sənədlərdə adı xəstəxananın əməkdaşı kimi gedən xeyli insanın adına açılmış maaş kartlarına 2021-2024-cü illər ərzində 364 mindən artıq pul köçürülüb.

Məhəbbət Abdullayev və Vidadi Hüseynova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə – külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə ilkin istintaq dövrü üçün onların ev dustaqlığında qalmasına qərar verib.

Lakin prokurorluq Məhəbbət Abdullayevə münasibətdə bu qərardan narazıdır. Onun barəsində ev dustaqlığının həbs qətimkan tədbirilə əvəzlənməsi üçün apelyasiya şikayəti verilib.

Vidadi Hüseynov və Məhəbbət Abdullayevin xəstəxanada “ölücanlar”ın olması, onların adına yazılan maaşların mənimsənilməsilə bağlı ittihamlara münasibətləri məlum deyil.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button