Gəncə xəstəxanasının işçiləri 36 nəfərin maaşını mənimsəməkdə ittiham olunur

Yayımlandı: 9 Sentyabr 2024 16:23

Üç nəfər bir neçə ittihamla həbs olunub

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili və Təxirəsalınmaz Yardım Avtoparkı bölməsinin rəisi işləmiş Vidadi Hüseynov və Vüsal Hüseynov, eləcə də bölmənin dispetçeri Məhəbbət Abdullayev həbs olunub. Onlar faktiki işə gəlməyən 36 nəfər işçiyə aid əməkhaqqı kartını özlərində saxlayıb, ora köçürülmüş pulları mənimsəməkdə, nasaz vəziyyətdə olan avtomobillərə normadan artıq yanacağın sərf edilməsi barədə məlumatlar yazıb sənədləri saxtalaşdırmaqda ittiham olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Cinayət işinin materiallarında ümumilikdə 1,1 milyon manat mənimsəmə və leqallaşdırmadan söhbət gedir.

Bu iş üzrə istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Vidadi Hüseynov, Vüsal Hüseynov və Məhəbbət Abdullayeva qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Onların işinə yaxın vaxtlarda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Vidadi Hüseynov, Vüsal Hüseynov və Məhəbbət Abdullayevin onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı mövqeyi məlum deyil.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button