Gəncə yenidən işğal edilir…

İradə Aytel

tarixi bina olan Karvansarayda isə aptek, gəlin salonu, mağazalar, qumarxana və s. fəaliyyətdədir.

 

Gəncə şəhərinin emblemi:

Günəş – əbədi həyat rəmzi;

Ay – əbədi işıq (azadlıq) rəmzi;

Səkkizguşəli ulduz – Azərbaycançılıq simvolu;

Ay üzərində palıd yarpağı – möhtəşəmlik, uzunömürlülük və müdriklik simvolu,

Fon – yerliyinin yaşıl olması islamçılıq;

Aşağıdakı Gəncənin adı.

Bu emblem 1804-cü ildə yadelli işğalçılara qarşı mərdliklə vuruşmuş Gəncə hökmdarı Cavad xanın bayrağının üzərində olan emblemdir

 

Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncəçayın hər iki sahilində yerləşir. Toponim pəhləvi sözu kimi qəbul edilsə və “xəzinə, məhsul ambarı” mənasını daşısa da, bu terminin Azərbaycan dilinə məxsus olduğu, Gancak tayfasının adı ilə baglılığı həqiqətə daha yaxındır. Bu tayfanın mövcud olması elmlə artıq subuta yetirilib.

Gəncənin məhəllələri: Xərabi, Ozanlar, Əttarlar, Ağ Almas, Şahsevən, Sofular, Səfərabad, Bağbanlar.

Şəhərdə 15 came və məscid, 21 karvansara, 20 hamam, Allahbad, Qaymaqlı, Arasbar, Topçubaşı, Üçtəpə arxları, meyvə bağları və s. var.

Əvvəlcə Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun ilk yaradıcısı və 18 il direktoru olmuş filoloq, tarixçi-etnoqraf Səyyaf Paşayevin fikrini öyrənək: “Gəncə şəhəri tarix-memarlıq abidələri ilə çox zəngindir. Gəncə Dövlət Tarix mədəniyyət qoruğunda rəhbər işlədiyim müddətdə abidələrin aşkar edilməsi, tədqiqi və təbliği sahəsində qürur duyacağım işlər görmüşəm. Respublikada ilk dəfə olaraq, abidələrin 14 növ üzrə təsnifat cədvəli mənim tərəfimdən tərtib edilib. Sovet dönəmində Gəncədə abidələrin siyahıya alınması 1968-ci ildə aparılıb və 204 abidə qeydə alınıb. Apardığım tədqiqatlar nəticəsində bu siyahıya 300 yeni aşkar olunmuş abidələri də əlavə edərək siyahıdakı rəqəmi 504-ə çatdırdım və 450 abidə haqqında biblioqrafik məlumatlar toplusu yaratdım. 2001-ci ildə Nazirlər Kabineti tərəfindən qoruma altına alınan 288 abidənin 88-i tərəfimdən aşkar edilmiş abidələrdir. Təsnifat cədvəlində nəzərdə tutulan 14 növ abidənin hər növündən Gəncədə nümunə var. 1139-cu il zəlzələsindən sonra yenidən qurulan və 1604-cü ildə dağıdılaraq hazırda xaraba şəhər yeri kimi qalan Qədim Gəncə ərazisi, dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib. Bu ərazini YUNESKO-nun qorunma siyahısına daxil etmək üçün IV qrup dərəcəsi ilə fəaliyyətə başlayan Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunu I qrup dərəcəsinədək yüksəltdim, amma bu işləri axıra çatdıra bilmədim.”

1606-cı ildə salınan, Gəncənin baş meydanı sayılan, hələ də istafadəyə yararlı, ölkə əhəmiyyətli abidələrimiz – Çökək hamam, Uğurlu xan və Şah Abbas karvansaraları 400 il müddətində qoruduğu sağlamlıqlarını itirmək üzrədir. 80-ci illərdən başlayaraq Gəncədə abidələrin bərpası üzrə geniş işlər aparıldı. Ancaq təəssüf ki, bunun adı bərpa idi. Əslində isə bu kosmetik dəyişikliklə gözə kül üfürmək idi. Qırmızı bişmiş kərpicdən tikilən bu binaların hörgüsündə əhəng və südlü sümər adlanan məhluldan istifadə olunub. Bu məhlullar yayda sərinlik, qışda isə tikililərdə istilik yaradır. Ancaq aparılan bərpa işlərində kərpiclərin sökülüb dağılmış hissələri və araları sement məhlulu ilə örtülüb, rəngləndi. Sement məhlulu isə yayda isinir, qışda isə donur. Havakeçirməz sement məhlulunun bu tikililərdə olan üzlük hissələri binada istifadə olunan məhlulla əks reaksiyaya girərək, onun erroziyaya uğramasını sürətləndirir ki, bu da abidənin ömrünü qısaldır. Misal olaraq, “Xan Bağı”nın şimal hissəsində yerləşən, 1588-ci ildə Osmanlı dövlətinin nümayəndəsi, Fərhad Paşanın Qarnizon Qalasının kiçik bir hissəsi 2007-ci ildə şəhər İcra hakimiyyəti başçısının göstərişi ilə Elm Mərkəzinin və Mədəniyyət İdarəsinin iştirakı ilə yenidən tərtib olundu. Qala divarının üstündən armaturlar qaldırılaraq araları sement məhlulu qarışığı ilə kərpicdən hörüldü. Burada südlü sümərlə sement məhlulunun əks-reaksiyası çox aydın şəkildə görünməkdədir. 400 ildən artıq bir müddətə gəlib günümüzə çatmış bu dəyərli abidə, çox güman ki 20-30 ilə erroziya nəticəsində özülündən dağılıb məhv olacaq. Abidələr qanuna görə, ölkə əhəmiyyətli abidələr Prezidentin və Baş Nazirin çıxardığı qərar əsasında, Milli Elmlər Akademiyasının və Mədəniyyət Nazirliyinin nəzarəti altında yenidən bərpa oluna bilər və bu qanunu pozanlar cinayət məsuliyyəti daşıyırlar. Mən o dövrdə müxtəlif mətbu orqanlara və televiziyalara müsahibə verərək ictimaiyyəti məlumatlandırdım.Ancaq nə fayda, özünü mütləq hakim sayan və qanunlara əhəmiyyət verməyən İcra başçısının bu əməlinin qarşısı alınmadı.

Gəncə şəhərinin inzibati binasını da memarlıq nümunəsi olaraq ölkə əhəmiyyətli abidələr siyahısına daxil etmiş və onun dövlət qoruması altına alınmasına nail olmuşdum. Dünyanın heç bir yerində mərkəzi şəhərlərin baş meydanında dövlət binasından hündür və görkəmli binalar yoxdur. Eyni zamanda burada tikililərin sıxlığı da yoxdur. Ancaq İcra başçısı İnzibati binanın həm önündə, həm də arxasında 12 mərtəbəli binaların ucaldılmasına icazə verdi, bu da baş meydanın ümumi ahənginin pozulmasına gətirib çıxardı (İnzibatı binanın ön tərəfindən baxanda arxada ucaldılan 12 mərtəbəli göydələnin damından çıxan “buynuzlar” seyirçilərdə ikrah doğurmaya bilmir – İ.A.).

Bundan başqa, birdən-birə İcra başçısı Gəncə şəhərinə 2500 il yaş verilməsi haqqında qərar çıxardı və bunun üstünə hər il bir yaş gətirərək qeyd etməyə başladı. Mən, bu barədə həm mətbuatda çıxış etdim, həm də özündən bu tarixinin təsdiqinin haradan meydana gəldiyini soruşdum. Cavabında isə məntiqə uyğun olmayan sözləri dinləməli oldum. Təkilf etdim ki, gəlin Milli Elmlər Akademiyasının Tarix İnstitutunun alimlərini dəvət edək, bir elmi konfrans keçirib ümumi rəyə gələk. “Onların xərclərini kim çəkəcək”, sualını qarşıma qoyanda,  “Gəncəyə Bakıdan kütləvi konsertlərə dəvət etdiyiniz müğənnilərə çəkilən xərcin heç bir faizi də etməz” -cavabını verdim. Mərhum akademik İ.M.Cəfərzadə Gəncənin yaşayış məskəni kimi tarixinin 5000 il olduğunu, şəhər kimi yüksəlib meydana çıxmasının isə IV əsrin sonu, V əsrin əvvəlləri olaraq apardığı ciddi tədqiqatlar nəticəsində təxmin etmişdir. Universitetin tarix fakültəsini bitirən keçmiş İcra başçısı, hər məqamda özünü “tarixçi” kimi qələmə verir, Gəncənin tarixi məsələlərinin həllində qeyri-ixtisas sahiblərini toplayaraq “tarixçi” imicini nümayiş etdirir, Gəncənin tarixinin saxtalaşdırılmasında doğrudan da xüsusi bacarığa malik “tarixçi” olduğunu isbat etməkdən yorulmurdu. Atalar məsəsli var: “Yalan ayaq tutar yeriməz”, “Gec olar, güc olar”.

Bu gün Gəncədə irimiqyaslı və çoxşaxəli tikinti, bərpa və quruculuq işləri aparılır. İşlərin bu şəkildə gedişatı kaş ki, 8 il əvvəl başlayaydı. Səkkiz ildə çoxlu sayda şəhərə yaraşıq və gözəllik verən, şəhərin milli simasını təşkil edən abidələrin üzləri sementlə suvandı, daş örtüklə örtüldü. Bu işlərin bir günahkarı da Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən abidə mühafizləri və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun işçiləridir. Çünki onların vəzifəsi siyahı üzrə aralarında bölgüsü aparılmış abidələrdə reyd keçirmək və tikililərdə baş verən dəyişiklikləri qeydə almaq, eyni zamanda müvafiq icra orqanlarını məlumatlandırmaqdır. Gedişatdan görünür ki, abidələrin başına açılan oyunların haqqında ya xəbərləri olmayıb, ya da məlumat verməkdən çəkinərək vəzifə borclarını yerinə yetirməyiblər. Son aylarda Gəncə abidələrində sözün əsl mənasında bərpa işləri aparılır. Qadın Məsləhətxanası, Sanepidemstansiya, Şəkər xəstəxanası, Mərkəzi Poçt, Avropa tipli hamam və s. qırmızı kərpicdən tikilmiş abidə binaların uğurlu bərpasını buna misal göstərmək olar. Ən əsası isə ölkə əhəmiyyətli abidəmiz olan “Çökək Hamam”ın, ətrafında 1995-ci ildən qeyri-qanuni tikilmiş və uzun müddət onun oradan götürülməsi üçün müraciət etdiyim instansiyalardan heç bir cavab almadığım çayxananın sökülməsi və hazırda kərpiclərinin arasının və üst kümbəzlərinin sementlə suvanması nəticəsində ciddi erroziya qarşısında qalan Şərq memarlıq üslubunun nümunəsi olan hamamın bərpasına başlanılması təqdirəlayiq hadisədir. Keçmiş İcra başçısının plansız şəkildə icazə verdiyi memarlıq tikililərinin görünüşünə xələl gətirən tikililərin sökülməsi və sement məhlulu ilə tikilmiş binaların üzlüklərinin “alkapon” üzlüklərdən xilas edilərək  çox gözəl görünüş yaradan, aqlayla örtülməsi alqışa layiqdir. Şəhərimizin milli simasını təşkil edən günün hər saatında bir rəngə çalan, bişmiş qırmızı kərpicdən tikilmiş memarlıq abidələrimizin müalicə olunaraq, öz əvvləki görkəminə qaytarılması, ömrünün uzadılması, daş binaların isə aqlay üzlüklərə bürünərək, qədim tikililərlə müasirliyin vəhdətini daşıması, şəhərimizə xüsusi bir gözəllik gətirməkdədir. Əgər işlər bu cür davam edərsə, Gəncənin şəhərsalma mədəniyyəti bərpa olunar və tarix bu işi görənlərə haqlı dəstək olar, onların adını əbədiləşdirər. İndiyə qədər olunan səhvlər əfv edilər. Bu səhvləri edənlər isə arxayınlaşmasınlar, onları məhkəmələr cəzalandırmasa da tarix qarşısında məsuliyyətdən heç vaxt yaxa qurtara bilməyəcəklər.

Tarix boyunca fəlakətlərə, işğallara məruz qalan Gəncənin bu gün də talanmasının davamı kimi Səyyaf Paşayevin söylədiklərinə əlavə:  XVI əsrə aid Şah Abbas Karvansarayının bir neçə metrliyində, şəhərin baş meydanı ilə üzbəüz göydələn ucaldıldı. Dörd tərəfi kəhriz quyularının (onu da deyim ki, həmin quyuların yalnız birindən su gəlir, qalanları həm təbii, həm də süni yollarla quruyub) və şəhərin müxtəlif tərəflərinə yeraltı yolların olduğunu və bu quyu və yolların məhz buradan keçdiyini bütün gəncəlilər bilir. Əfsus, bir maraqlı məqamı bilmirik ki, bu tikili həmin quyu və yeraltı yollara necə təsir göstərdi. Amma gözümüz önündə olan bir həqiqət var: Karvansarayın binasında çatlar əmələ gəldi. Əlbəttə, bu, belə də olmalı idi. Heç bir standartlara uyğun gəlməyən binanın ağırlığına Karvansaray necə dözməli idi? Bu mənzərəni göz yaşısız seyr etmək mümkün deyil. Onu da qeyd edim ki, abidələr yalnız mədəniyyət, maarif və mətbuata icarəyə verilə bilər. Ölkə əhəmiyyətli tarixi bina olan Karvansarayda isə aptek, gəlin salonu, mağazalar, qumarxana və s. fəaliyyətdədir.

Gəncənin nəzərdə tutulan baş planının başa çatdırılması 2030-cu ilə qədər çəkəcək. Şəhərin ərazisi 9980 hektar idi. İndi 17 min hektara qədər artıb. Yeni yaşayış binaları, parklar və s. salınır. Bundan əlavə, Gəncəçayı ərazisində salınacaq park üçün 5 milyon, yeni Filarmoniya binası üçün 26 milyon manat vəsait ayrılıb. XVI əsrin əvvəllərində I Şah İsmayıl tərəfindən yaranmış dövlətin tərkibinə daxil bəylərbəyliklərdən Sultan Şahverdinin Gəncənin baş bəylərbəyi təyin edilməsi ilə Gəncə və Qarabağda Qacarlar nəslindən olan Ziyadoğlular sülaləsinin uzun sürən hakimiyyəti zamanı inşa edilən məhşur İmamzadə türbəsinin bərpası da nəzərdə tutulub.

Hazırda şəhərdə 300-dən çox obyektdə iş gedir. Əlbəttə, sakinləri bütün bunlar sevindirir. Ancaq hamı birağızdan yeni iş yerlərinin açılması arzusundadır. Yeniləri açılmasa da, heç olmasa köhnələr bərpa olunsaydı… Bu arada Eldar Əzizovun məsləhətçi, GDU-nun keçmiş rektoru Mübariz Yusifovun redaktoru olduğu “Gəncənin tarixi” adlı elmi-praktik konfransın materialları əsasında 2004-cü ildə çap olunmuş kitabdakı “Gəncənin sənaye, tikinti, məişət xidməti və ticarət obyektləri” sərlövhəsi yadıma düşdü. Orada “fəaliyyətdə olan” obyektlərin adlarını sadalayıblar: Çini qablar zavodu, Kərpic zavodunun yeni xətti, Çörək zavodu, Maşınqayırma zavodu, Avtomobil zavodu, Akustik priborlar zavodu, Cihazqayırma zavodu, Büllur zavodu, Əlvan metalların emalı zavodu, Toxuculuq kombinatı, Gil-Torpaq kombinatı, Tərəvəz yetişdirmə istilik kombinatı, Xalça kombinatı, Qənnadı fabriki, Quşçuluq fabriki, Yeni Gəncə aeroportu, “Kəpəz” mehmanxanası, Siyası maarif evi, “Qızıl qaya” su kəməri və s. İnanmaq olmur ki, zavod və fabriklərlə bu qədər zəngin, cəmi 500.000 əhalisi olan bir şəhərdə niyə əhalinin yarıdan çoxu işsizdir? Bəlkə də 80-90 faizi…

Bir məlumatı da qeyd edim. Şəhərimizin fəxri olan Xan bağında (bura bitki örtüyünün zənginliyi ilə analoqsuzdur) bu yaxınlarda təmir işləri aparıldı. Bu barədə keçmiş icra başçısı E.Əzizov müsahibəsində dedi: “Xan bağının rekonstruksiyasına 2 milyon manat vəsait ayrılıb. Məlumat üçün deyim ki, bu yaxınlarda möhtərəm Prezident maraqlanıb və qərar verib ki, əlavə vəsait də ayrılsın…”  Təəssüf ki, “Xan bağı” elə rekonstruksiya olundu ki, olunmasa daha məqsədəəuyğun olardı. Bağdakl fəvvarələrin dördünün gözü birdən kor qoyuldu. Bu isə sıx ağaclarla əhatələnmiş bağın havasına öz mənfi təsirindən geri qalmadı. Bağda gəzən, hətta təmir-bərpa işlərindən, tikinti avadanlıqlarından başı çıxmayan adam belə dəqiq bilər ki, buraya ayrılan vəsaitin müqabilində iş getməyib.

Əhali arasında olarkən, bir maraqlı məlumat da diqqətimdən yayınmadı: Bu yaxınlarda “Məhkəmənin binası” deyilən binanın söküntüsü zamanı tikilinin yerindən 300 kq (Cavad xanın xəzinəsindən qalma) qızılın çıxarıldığı söylənilir. Və hətta həmin gün orada çalışan fəhlələrin də bütünlükdə dəyişildiyi şayiələri də səngimir. Deməli, Dövlətimizin büdcəsi xeyli zənginləşib (?!).

Gəncə şəhərinə edilən sitəmlər içərisində əsrimizin “qəhrəmanı” sayılan Eldar Əzizova şəhəri tərk edəcəyi barədə sual olunanda belə bir cavab verdi: “Bilirsiz, mən artıq 8-ci ildi Gəncədəyəm. Bu 8 il ərzində azı iki ildən bir bu sualla mənə müraciət edirlər. Hələ İmamzadədə biz bu işləri aparmağa yeni başlamışıq. Hələ azı il yarım vaxt tələb olunur ki, bu layihəni axıra kimi çatdıraq. Bu halda kim hansısa başqa yerə keçirilə bilər? Tam məsuliyyətlə deyə bilərəm ki, mənim harasa başqa yerə keçirilməyim məsələsi gündəlkdə yoxdur və həmişə olduğu kimi boş söhbətdən başqa bir şey deyil”.

Amma yaxşı ki, bütün bunlar boş söhbətlər olmadı. Qədim Gəncə yenə də bir işğalçıdan azad oldu.

Gəncənin baş planında nəzərdə tutulub ki, Nizami məqbərəsindən şəhərin Göy-göl rayonunun çıxışınadək olan yola “Nizami Prospekti” adı verilsin. Nizami Gəncəvinin adını daşıyacaq mərkəz yaradılsın. Bu, çox təqdirəlayiqdir. Axır ki, Nizaminin Gəncəsində Nizamı ab-havası addım-addım bizimlə olacaq. Və Nizami Gəncəvi bir daha deyəcək:

 

Gəncə-Harut sehrli Babil deyil, bəs nədir?

Ürəyim ulduzlara nur saçan bir zöhrədir.

Zöhrə təki ucalıb nizam bürcünə Gəncə,

Onu belə ucaldan ülvi sözümdür məncə.

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button