Gəncədə həbs olunan gənclərin valideynləri İlham Əliyevə müraciət etdilər: “Əsl cinayətkarlar cinayətə cəlb edilməmişlər!”

Gəncə hadisələrində həbs olunan gənclərin valideynlərindən bir qrupunun adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət olunub. Xural.com-a daxil olan müraciət valideynlər adından İslamzadə Orxan (Fizuli Həsənov) tərəfindən imzalanıb. Gəncədə şəhid olan polis polkovniklərinin ailələrinə dəstək ifadə edən müraciətin mətnini xural.com təqdim edir:

 

Hörmətli prezident!

Bu günlərdə vəzifə borclarını yerinə yetirərkən qətlə yetirilmiş polis polkovniklərinin ailə üzvləri Sizə müraciət edərək əzizlərinin qətlə yetirilməsində iştirakı olan, hadisəyə rəvac verən, hadisənin törədilməsinə şərait yaradan, hadisənin törədilməsinin baş verəcəyini əvvəlcədən bilə-bilə qərəzli şəkildə qarşısını almayan, vəzifə səlahiyyətlərini yerinə yetirməyən hər kəs haqqında tədbir görülməsini haqlı olaraq Sizdən xahiş etmişlər.

Bir valideyn olaraq, valideynlər və günahsız həbs olunmuş gənclər adından biz də həmin təşəbbüsə qoşuluruq.

Bu hadisəyə rəvac verən, təşkil edən, qətl törədən, cinayət edən, vəzifə borclarını yerinə yetirməyən əsl cinayətkarlar cinayət məsuliyyətinə cəlb edilməlidir! Bu hadisə xarici və daxili düşmənlərin dövlətçiliyimizin, əmin-amanlığımızın, xalqımızın gələcək rifahının əleyhinə baş vermiş bir cinayətdir.

10 iyul 2018-ci il tarixli Gəncə hadisələri gəncəlilər və Azərbaycan xalqı üçün böyük faciədir. Eyni zamanda övladları günahsız həbs olunmuş biz valideynlər üçün də bir faciədir. Biz valideynlər və övladlarımız bu 2 polis zabitinin qətlindən çox qəmlənmişik və bildirmək istəyirik ki, Gəncədə törədilmiş bu qurama cinayət və qətllər həm də bizim bir ürək yaramızdır.

Biz də qətlə yetirilənlərin ailələri ilə birlikdə haqqın, ədalətin bərpasını arzulayırıq.

 

Möhtərəm prezident!

Gəncədə baş vermiş bu ağır hadisələrdən sonra şəhərimizdə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan 10-larla günahsız gənc həbs edilmiş, lazımsız təzyiqlərə məruz qalmışlar. Biz valideynlər hər zaman olduğu kimi bu ağır günlərimizdə də Sizə inanmış, Sizin humanist siyasətinizə etibar etmişik. Bizlər Sizə səs vermiş azad Azərbaycan vətəndaşlarıyıq. Heç bir qüvvə, heç bir fitnə bizləri inamımızdan döndərə bilməz. Və elan edirik ki, heç kim bizim müqəddəs amalımızı günahsız övladlarımızın müdafiəsini başqa cür qələmə verməsin. Məhkəmələrin gedişatı zamanı hər hansı daxili hislərimizə qapanaraq qeyri-etik davranış etmişiksə bu, evladımıza olan sevgi və sizə olan inamımızdan irəli gələn səbəbdir. Valideyinlərin evlad sevgisini nəzərə alaraq hansısa bir qeyri-etik davranış etmişiksə bizi üzrlü hesab edin.

Bildirmək istəyirik ki, Gəncədə baş verən ağır hadisələr dövründə əsl cinayətkarlar kənarda qalmış, səs-küyə kənardan seyrçi kimi tamaşa edən bəzi gənclər haqsız yerə həbs olunub cəzalandırılmışlar.

 

Hörmətli prezident!

Belə qərəzli şəkildə iğtişaşın törədilməsi xalqla dövlət arasında uçurum yaratmaq, xalqla dövləti qarşı-qarşıya qoymaq, dövlətçiliyimizə zərbə vurmaq məqsədi ilə hazırlanmışdır. Əsl cinayətkarlar cinayətə cəlb edilməmişlər. Ulu öndər möhtərəm Heydər Əliyevin bir kəlamını xatırlatmaq istəyirəm:

“Dövlət iki səbəbdən sarsıla bilər – əsl cinayətkar azadlıqda cəzasız qalanda və günahsıza cəza veriləndə.”

 

 Cənab prezident!

Biz dövlətimizə və dövlətçiliyimizə sadiqik. Daim Sizin daxili və xarici siyasətinizi dəstəkləmişik. Bütün seçkilərdə iştirak edərək Sizə səs vermişik. Xahiş edirik, Gəncədə baş vermiş bu ağır cinayət hadisələri yenidən nəzərdən keçirilsin. Şəhid polislərin qatilləri cəzalandırılsın, günahsız həbs olunan gənclərin analarının fəryadı nəzərə alınsın və humanist qərarlar qəbul edilsin.

Cənab prezident!

Biz Sizin humanist qərarlar verəcəyinizə inanırıq və ona da inanırıq ki, tez bir zamanda günahsız ailələri sevindirəcəksiniz.

Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button