Gəncədə və Göygöldə kütləvi zəhərlənmə olub

Yayımlandı: 11 Avqust 2024 21:02

TƏBİB xəstəxanalara 96 nəfərin yerləşdirildiyini deyir

Avqustun 11-də Gəncədə və Göygöldə kütləvi zəhərlənmə olduğu bildirilir. İlkin məlumata görə, Gəncədə keçirilən yas mərasimində 93 nəfər zəhərlənib. Zəhərlənənlər dərhal xəstəxanaya çatdırılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından MeydannTV-yə bildiriblər ki, bir neçə saat ərzində xəstəxanaya müraciət edənlərin sayı durmadan artıb.

“Müraciətlər artdığından dəqiq statistika söyləmək çətindir. Hazırda hələ də müraciət edənlər var”,- xəstəxananın əməkdaşı deyib.

Göygöldə isə zəhərlənənlərin sayı 20-yə çatıb. İlkin məlumata görə, rayonun Toğanalı kəndindəki restoranlardan birində keçirilən məclisdən sonra bir neçə nəfər özünü pis hiss edib. Hadisə yerinə Göygöl və Gəncədən təcili tibbi yardım briqadaları çağırılıb. Xəstələr Gəncə və Göygöldəki xəstəxanalara yerləşdirilib. Hazırda hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

TƏBİB-dən bildiriblər ki, ilkin məlumata əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Qida Təhlükəsizlik Agentliyindən isə bildiriblər ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticələri barədə məlumat veriləcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button