Gəncədən Bərdəyə

Almaniyadan…

Fəxrəddin Hacıbəyli

Məxsusi olaraq “Xural” qəzeti üçün

– Gəncədən Bakıya!

– Yox, öncə yolüstü Bərdəyə gedək. Qaçqın düşərgələrinə baş çəkək. İnanıram ki, sizə maraqlı olacaq!

Təklifim Tomasın da, Arçumanın da ürəyincə oldu.

Səhər Gəncədə üc fincan kofeyə on beş min (şirvan yarım) pul ödəyib Gəncə qonaqpərvərliyinin son zövqünü də yaşadıqdan sonra yola çıxmaq üçün gecəni üçümüzün bir nömrədə gecələməyə məcbur qaldığımız otelə qayıtdıq. Yır-yığış etməyə.

Küçəyə çıxıb taksi saxlatdıq. Daha doğrusu, taksi bizi saxladı. Gözəlim vətənimdə bir şey yaxşıdır ki, taksi çağırmağa hacət yoxdur, özləri yaxınlaşıb xidmət təklif edirlər.

Qeyd:

Azərbaycanda yanında ingilis (ümumən əcnəbi) “hərləməy”ə, ingilislə hərlənməyə “dux” lazımdır. Hər oğulun işi deyil cibinə güvənmədiyi halda “ingilislə” taksiyə əyləşsin, cəsarəti çatmaz kafe-restoran kandarına ayaq qoysun. Yanında ingilis olanın dövləti-malı, şövkəti-şanı, cibində sanbalı gərək olsun. Səbəbi də odur ki, ulu yurdumda bütün əcnəbilər bir adla – “ingilis” adıyla tanınır və hamısının da sifətində göy rəngli əskinas – dollar həkk olunur. Yəni gözəlim həmyerlilərimin gözünə belə görsənir.

Oteldən şəhəriçi bir taksiyə əyləşib gəldik Bakı avtovağzalına.

Gəncədə iki avtovağzal var. Biri Gəncənin Şəmkir-Qazax çıxışındadır ki, adına yerli dillə elə “Qazax avtovağzalı” deyilir, digəri də Bakı istiqamətinə çıxdığı üçün “Bakı avtovağzalı”. Buradan Bakıya və o istiqamətdə digər rayonlara getmək olar. Bu vağzalların ab-havası belə adını daşıdığı bölgələrə səfərin ilkin təəssüratını yaradır. Bir dəfə bir dostumla Gəncədən keçib Şəmkirə gedəcəkdik. Gəncəyə Bərdə tərəfdən “giriş qapısı” sayılan “Bakı avtovağzalı”na düşəndə üstündə iri hərflərlə “Səsyazma studiyası” yazılmış budkadan şıdırğı meyxana səsi gəlirdi. Özü də səsgücləndiricinin ən son həddində. Bütün vağzalda olan paytaxta yola çıxanları “Abşeronun mədəniyyət incisi”ylə qidalandırıb Bakı ovqatına bələyirdi. Gəldik Qazax avtovağzalına. Baho! Buranın “səsyazma studiyası” da Qərb bölgələrinə səfər edənləri aşıq havasıyla yola salırdı. Saz, söz, qoşma, gəraylı… Deyəsən, efirdə qazaxlı Aşıq Hacı idi, “Ruhani” söyləyirdi.

Nə isə, mətləbdən uzaqlaşmayaq.

Tomas, Arçuman və mən “Bakı avtovağzalı”nda taksidən endik. Xoşbəxtlikdən ətrafda sakitlik idi. Üstünə iri hərflərlə “Səsyazma studiyası” yazılmış budkadan səs-səmir gəlmirdi. Budka yerindəydi, amma bu dəfə üstünə iri hərflərlə “Qamburger” yazılmışdı. Hava bir az soyuq idi. Narın yağış səpələyirdi. Uzun-uzadı gözləməmək üçün qərara gəldik ki, Bərdəyə müştəri gözləyən taksi sürücülərindən biriylə danışıb dərhal yola çıxaq. Gözəgəlimli bir maşın axtardım. Növbə gözləyən “Jiquli 06” sürücüsü, deyəsən, nyyətimi göydə almışdı. “Hareydirsiniz bajoğlu? Oturun gedəy” deyib əlindəki siqareti ayağının altına atıb tapdadı. Yəni ki, “daha sizin üçün siqaretimi də axıra kimi çəkmədim, atdım. Mənim maşınıma oturun”. Yəni “uzun sözün qısası”.

Bazarlaşmaq vaxtı deyildi, həm vaxt keçirdi, həm də bəllidir adamın birini Bərdəyədək bir “şirvan”a aparırlar. Deməli, dörd nəfər müştəri götürsə, bu da eləyir dörd “şirvan”. Mən “beş dənə” təklif eləsəm, nə şiş yanar, nə də kabab. Biz çox gözləmərik, sürücümüz də bir “şirvan” qabağa düşər. Razılaşdıq ki, üç nəfərlə gözləmədən yola çıxsın və yolda da heç kimi götürməsin, bütün yerlərin pulunu ödəyirik. Razılaşdıq. Əyləşdik, mən qabaqda, “ingilis”lər isə arxada.

Gəncə arxada qalır. Yol boyunca alüminium zavodunun “boyadığı” sarı-kərpic rəngli ölüm tablosunu sery edirik. Rəngarəng vətənim mənim.

“Nizami məqbərəsi”nin yanından ötəndə yadıma düşdü ki, dünən qonaqları məqbərəyə aparmağa söz vermişdim, “İmamzada”ya səfərin uzun sürməsi “Nizami”ni arxa plana atdı. Neyləməli, olmasın “şeyx”, olsun “imam”, ingilisə ne tafotu var, ziyarət ziyarətdir.

Bəlkə yolüstü bir məqbərəyə dönüb, ayaqüstü də olsa ziyaret edək? Bu fikirlə arxaya qanrılıb natamam, əzik-üzük ingiliscəmlə “Dünən sizə dediyim Şeyx Nizaminin türbəsi budur, istəyirsiniz dönüb baxaq” təklif elədim. Arcuman çevrilib Tomasa baxır (yəni qərarı sən ver), Tomas isə dinməzcə əlini irəli uzadıb yolu göstərir – yəni yolumuza davam edək (razılaşmışdıq ki, onlar heç bir yerdə səslərini çıxarmasınlar, ingilis olduqları bilinməsin deyə. Sözləşməni mən pozdum. Unutmuşdum). Bu dəm qulağı səs eşitmiş sürücümüz təəccüblə arxaya çevrilib əvvəl qonaqları süzür, sonra məni.

“Sən bunlarla nə dilində danışırsan?”

“İngiliscə”

“Bunnar ingilisdilər?”

“Hə!”

“Bıyy, ə allah saa köməy olsun. Bəs bunu indi deyəllər?”

“Nolub ki?”

“Ə, bajoğlu nətər yani noolub?! Allah saa köməy olsun, heç ingilisdən də 5 şirvan alallar? Deyəydin, bunlardan bir yüz əlli, iki yüz dollar istiyəydik, saa da bir xeyiri olardı dayna. Bu boyda yolu ingilisə bes şirvana sürəllər heç?”

Yəqin ki, aramızdakı söhbətdən “ingilislər” bir şey anlamadılar. Anladılarsa da nəsə yaxşı bir şey anladılar. Söhbətimizdə tez-tez təkrarlanan və xüsusi vurğuyla tələffüz edildiyindən qulağa tez dəyən “şirvan” söhbətindən də yəqin ki, biz iki azərbaycanlının nəsə tarixi bir mövzuda söhbətləşdiyimizi güman etdilər. Nizamidən söz düşübsə, niyə də Şirvandan, Şirvanşahlardan-filandan da mövzunun içərisində olmasın? İkisi də tarixdir axı. Amma bax, bu bircə dəfə deyilmiş və “ultraxüsusi tonla” deklomasiya edilmiş zəhrimar “dollar” sözünü mövzuya necə qataq, onu nəyin harasına dürtək, bunu bilmədim. Tərs kimi Nızaminin dollarla yaxından-uzaqdan bir əlaqəsi də yoxdur. Kişi haqqını natural yolla – kəniz-mənizlə almağa üstünlük verirmiş.

Hə, bir də ona şükür elədim ki, danışdığımız başına döndüyüm ana dilimiz beynəlxalq dil deyil, ayıbımızı bax bu örtdü.

Mimika. Üzdəki mimika, dəyişən ovqat. Bax, bu huşyar qonaqları qısa sürən “şirvan” söhbətinin əsl mahiyyətindən xəbərdar edə bilərdi. Ona görə də birinci mimikadan başlamaq lazımdır. Üzdə azacıq süni gülüş, əsəbdən titrəyən dodaqları əzələ gücünə qulaqların dibinə çəkmək, heyrətdən bərəlmiş gözləri bir az qıymaq… bacardıqca gülüş təəssüratı yaratmaq. Arxasınca fürsət düşkünü, fəndgir və tamahkar həmyerlimə uzun-uzadı bir moizə.

Oradan başladım ki, bəs bu qonaqlar ingilisdirlər, jurnalistdirlər, BBC-nin muxbiridirlər (bilmirəm, tələffüzdə “bibisinin” kimi səslənən ifadəni doğru anladımı), gəldikləri ölkədə söz, qələm sahibidirlər. Dedikləri sözün dağdan ağır çəkisi var. Özləri də buraya Ermənistandan keçib gəliblər. Ermənilərin qonaqpərvərliyindən də ağızdolusu danışırlar. Həm də “çantadolusu” sovqatla gəliblər. Özü də sovqatları nə olsa yaxşıdır – bizim olduğunu sübut eləmək üçün baş yardığımız qoğal, paxlava, şəkərbura ilə. Mən də dünəndən bunları qandırmağa çalışıram ki, bəs o şirniyyatların nankor qonşularımızla heç bir əlaqəsi yoxdur. Onlar Novruz bayramının anributları və qədim atəşpərəst mətbəxinin inciləridirlər. Qoğal günəşi, şəkərbəra ayparanı, paxlavalar isə ulduzları simvolizə edir və bildiyiniz kimi də Novruzun xaçpərəst ermənilərlə heç bir əlaqəsi yoxdur və s.

Sonra əlavə edirəm ki, bəs bu gün Gəncədə bir nanəcib (yəni sən də belə eləsən, nanəcib olarsan) çayxanaçı bizdən üç fincan kofeyə “şirvan yarım” pul alıb. Namərdlər görürlər ki, yanında əcnəbi var, dərhal hər şeyin qiymətini beşqat artıq deyirlər və s. və i.. Sürücümüz deyəsən təsirlənir. Çünki heç bir söz demir, ya qəzəbdən, ya da xəcalətdən iki əliylə bərk-bərk sükandan elə yapışıb ki, elə bil maşını qucaqlayır. Aha, deyəsən, vicdanına təsir eləyib onu oyatmışam. Afərin mənə. Məndə də dil var ha. Bu yaşında birisinin vicdanına təsir eləyə bilmişəmsə, deməli, məndən nəsə çıxar. Mövzunun içərisinə bir az da milli adət-ənənələrdən, qədim tarixi-keçmişdən, babalarımızın qonağa öküz kəsməyindən, özlərinin quru yerdə yatıb qonağa yorğan-döşəyin qalınını sərməsindən, bərəkətli süfrələrimizdən, dağlarımızdan-dərələrimizdən qatsam, söhbət daha canlı və təsiredici alınar. Tomas ve Arju yəqin ki, söhbətin nədən getdiyin artıq anlayıblar, amma zərəri yox, söhbətə davam…

“Əmi, bu qonaqları mən öz pulumla, öz xərcimlə Bərdəyə aparıram. Aparıram ki, qaçqın şəhərciyini onlara göstərim, baxsınlar, görsünlər orada insanlar necə yaşayır, qoy gedib məmləkətlərində danışsınlar ki, “qonaqpərvər” ermənilər azərbaycanlıların başına nə oyun açıblar. Orada olanlar da bizimkilərdilər axi, öz camaatımızdır. Siz gəncəlisiniz, onlar da Ağdamdan, Kəlbəcərdən, Laçındandırlar, evlərini-eşiklərini itiriblər, neçə illərdir çadırda yaşayırlar”.

Bayaqdan sükut içərisində dinləyən sürücümüz nəhayət ki, dillənir; “Mən gəncəli deyiləm”.

“Bəs haralısınız, əmi?”

“Ağdamlıyam”.

Əsəbdən titrəyən dodaqları qulağın dibinə dartmağa daha əzələ gücü də yetmir. Üzdə gülüşün heç sünisi də qalmır.

“Demək, ağdamlısınız? Mən də ağdamlıyam. Orada yaşayanlar elə bizim öz yerlilərimizdir, kəndçilərimizdir. Olmusunuzmu çadır düşərgəsində?”

“Hə, qohumlarım da orda olullar”.

“İnanın, əmi, 10 dollar artıq almaqla siz nə varlı olacaqsınız, nə də kasıb. Sizə veriləcək o pulu onlar yox, mən verəcəm, mənim cibimdən çıxacaq. Çünki bunları yolundan ayırıb Bərdəyə mən aparıram, xərcini də özüm çəkməliyəm. Oradan da Bakıya yola salacam. Qoy gedib görsünlər millətimiz nə zülümlər içərisində yaşayır. Görsünlər, gedib qəzetdə, radioda yazsınlar gördüklərini…”

Yol qısalır. Artıq Yevlaxa çatmışıq. Sağa burulub Bərdəyə istiqamət götürürük. Yola və söhbətə davam…

“Biz çalışmalıyıq hər bir fürsətdən istifadə edib dünyaya başımıza gələnləri çatdıraq. Hər fürsətdən şəxsi yox, ümumi mənafe üçün istifadə etməliyik. Mənfəət güdməməliyik. Bir əcnəbini yeri gəlsə lap pulsuz istədikləri yerə aparmalıyıq (bu məqamda sanki diksinir, çevrilib mənə baxır), qonaq eləməliyik, insan olduğumuzu, tamahkar, fürsət düşkünü olmadığımızı isbat eləməliyik…”

Bərdənin “alaqapı”sına çatırıq. İçimdə bir rahatlıq duyğusu var. Zarafat deyil, ahıl yaşında birisinin vicdanına təsir etmişəm, inandıra, ikna edə bilmişəm. “Elələri” haqda elə ifadələr işlətmişəm ki, o bir də “elələri”nin etdiyini təkrarlamaz. Özumu Jan Valjanı islah edən müdrik keşiş rolunda hiss edirəm. Bu qələbədir. Bərdənin “alaqapısı”dan yox, elə bil “Zəfər tağı”ndan keçirəm.

Bu duyğulu anda eşitdiyim söz nizə kimi sol qulağımı dəlib beynimə sancılır…

“Hə, bajoğlu, indi yani deyirsən bunnardan heç olmasa onca şirvan da artıq almaq olmaz?”

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button