Gəncəlilər Vüqar Məmmədyarovdan narazıdır

Gəncə “MREO”-da nələr baş verir?

“Gəncə 11 saylı rayonlararası qeydiyyat imtahan şöbəsində sanki “gestapo” sistemi qurulub. Burada vətəndaşları şöbəyə buraxmazdan əvvəl girişdə onun mobil telefonlarını əlindən alıb sonra içəri buraxırlar. Bu da insanlar arasında haqlı narazılığa, hətta qarşıdurmaya gətirib çıxarır” – məlumatı xural.com-a Gəncədən veriblər. Məlumata görə, əvvəlki rəis Tariyel Məmmədovdan sonra gəncəlilərin və Gəncəyə bağlı olan ətraf rayonların sakinlərində işlərin yoluna qoyulmasına ümid yaransa da, yeni rəis bu ümidləri doğrultmayıb. Əslində, Tariyel Məmmədovun Gəncədən Lənkərana göndərilməsinin, indiki Gəncə 11 saylı rayonlararası qeydiyyat imtahan şöbəsinin rəisi Vüqar Məmmədyarovun da Şirvandan Gəncəyə gətirilməsinin səbəbi qeyd olunan şöbələrdə uzun zamandır davam edən rəhbərlik nəticəsində kök salmış bürokratiyanın və rüşvətxorluğun kökünün kəsilməsi olub. Ən azından, o zaman gətirilən əsas belə idi. Amma sən saydığını say…

Vüqar Məmmədyarov işə türklər demiş, hızlı da başladı. Gəncə “MREO”-su kimi tanınan Gəncə 11 saylı rayonlararası qeydiyyat imtahan şöbəsini darmadağın etdi. Uzun illər çalışan işçiləri çıxardı, kimsəni dinləmədi. Bu, əlbəttə, yaxşı əlamət idi. Amma bürokratiyaya çevrilməsə, işləri daha da asanlaşdırsa, ayrı-seçkiliyə son qoysa. Oysa ki, zaman keçdikcə Vüqar Məmmədyarovun nəinki süründürməçiliyin kökünü kəsidiyinin şahidi oldu gəncəlilər, əksinə, artıq bu gün aldığımız məlumata qədər gəldilər. Yəni Ramil Usubovu özünün kirvəsi kimi qələmə verib, Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə quda olduğu xəbərlərini sürətlə Gəncədə yaydıran, beləliklə arxasının möhkəm olduğunu diqqətə çatdıran yeni rəisdən indi elə şeylər danışılır ki, Gəncədə artıq bunları bilməyən yoxdur.

Xural.com-un Gəncədə yaşayan etibarlı mənbələrdən aldığı məlumata görə, birbaşa Vüqar Məmmədyarovun özünün tapşırığı ilə idarəyə gələn vətəndaşların telefonları əllərindən alınır və giriş qapısında polisə verilir. Bunun səbəbini araşdırmaq istədik. Niyə belə olsun ki? Gəncə 11 saylı rayonlararası qeydiyyat imtahan şöbəsi nə Prezident Administrasiyası, nə DİN, nə də DTX deyil, o zaman nə üçün insanların mobil telefonları əllərindən alınır? Bunun bir neçə səbəbi varmış. Sən demə, bir neçə dəfə bəzi aktiv vətəndaşlar qarşılaşdıqları narazılıq haqqında DİN-in 102 xidmətinə məlumat veriblər. Bu da Vüqar Məmmədyarovun xoşuna gəlməyib. Başqa səbəblər də var. Məlumatlı mənbələrin sözlərinə görə, bəzi vətəndaşlar baş verən soyğunçuluğu, pul tələbini gizlicə yazır və sonra bunu əlaqədar orqanlara ötürürlərmiş. Bu da şöbə rəisinə problem yaradırmış. Axı ondan yuxarıya, “quda” və “kirvə”lərə pis xəbər getməməlidir. Bax belə. Bizim Vüqar Məmmədyarov da eləməyib tənbəllik, bütün telefonların qapıdaca yığışdırılmasını, içəri buraxılmamasını əmr edib. İndi Gəncə 11 saylı rayonlararası qeydiyyat imtahan şöbəsində bu dəmir qayda hakimdir. İçəri telefon buraxılmır. Bunu Vüqar Məmmədyarov edə bilərmi, elə bir səlahiyyəti varmı, bundan nazirin xəbəri olubmu, o haqda gələcək yazılarımızda məlumat verəcəyik. Xəbəri hazırlayarkən, istirahət günü olduğundan DİN mətbuat xidməti ilə əlaqə yarada bilmədik. Dəqiqləşdirib onu da yazacağıq. Amma bununla bitmir ki. Vüqar Məmmədyarov Gəncədə özü üçün balaca bir xanlıq yaradıb. Nə kimi?!

Vüqar Məmmədyarov niyə işə çıxmır?

“MREO” rəisləri hər zaman əhaliyə açıq olublar. Vüqar Məmmədyarov belə deyil. O, heç kimlə görüşmür. Onun əvəzindən bunu Həsən adlı bir müavini yerinə yetirir. Hətta Həsəndən xəbərsiz bir yolunu tapıb rəisin qəbuluna düşən, ya da imkan tapıb ona sözünü deyə bilən vətəndaşlardan sonra Həsəni yanına çağıraraq onu danladığı gələn xəbərlər arasındadır. Səbəb çox sadədir – “vətəndaşı niyə mənim yanıma qədər buraxıbsan?”

Qiymətlərdə də Vüqar Məmmədyarov çox irəli gedib. Məsələn, Tariyel Məmmədovun zamanında sürücülük vəsiqəsinin qeyri-rəsmi qiyməti 1.000 manat idisə, indi 1.100 manat, avtomobillərin təkrar qeydiyyatı isə avtomobillərin markasına uyğun olaraq 150 manatdan başlayır. Amma Tariyelin zamanında bu, bir xeyli aşağı idi. Avtomobillərin illik texniki baxışının dövlət qiymətinə gəldikdə isə, burada Vüqar Məmmədyarov lap ağını çıxarıb. Avtomobillərin markasından asılı olaraq texniki baxışın qiyməti 60-65 manatdan başlayır və 200 manata qədər çıxır. Ancaq bu maşınların hamısının dövlət rüsumu eynidir – 20 AZN. Burada elə dəhşətli dərəbəylik hakimdir ki, bunu ancaq bu xidmətin rəisi, polis mayoru Muxtar Abdullayev izah edə bilər. O da sağ olsun, edir. Açıqca, heç kimdən qorxmadan-çəkinmədən, hətta hamının gözünün içinə çəmkirərək deyir ki, bütün bunlar haqqında hər gün axşam rəisin özünə, yəni Vüqar Məmmədyarova hesabat verir: “Gedin, nə istəyirsiniz edin, kimə istəyirsiniz, deyin. Rəis məndən hətta 5 manatın da hesabatını tələb edir. Vəssalam.”

Ölkə prezidentinin xüsusi sərəncamının olmasına baxmayaraq, avtomobillərin təkrar qeydiyyatı zamanı avtomobilləri texniki baxışa göndərmək qadağan olduğu halda, Vüqar Məmmədyarovun tapşırığına əsasən, hər bir təkrar qeydiyyata alınan və ya xüsusiləşdirilən avtomobilləri texniki baxışa göndərirlər. Bu qanunsuz əməlin də səbəbi var. Hər avtomobildən heç bir qəbz təqdim etmədən 20 AZN rüşvət alırlar. Bu da dövlət büdcəsindən milyonlarla manatın qaçırılması, eyni zamanda dövlətə ödənilməli olan vergilərin oğurlanması deməkdir. Vüqar Məmmədyarov bunu edir, kimsədən də qorxmur.

Rəisin işə çıxmamasının səbəblərinə gəlincə, sən demə, Vüqar Məmmədyarov Elmar Vəliyev güllələnəndən sonra işə ya çıxmır, ya da çox təkəmseyrək çıxır. Bunun isə çox özəl səbəbləri olmamış deyil.

Nə Vüqar Məmmədyarovla, nə də DİN mətbuat xidməti ilə əlaqə saxlaya bilməsək də, adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button