Gəncənin axundu Gəncədə baş verənlərdən danışdı: “Ortada fitnə var”

Gəncədə baş verən hadisələr ölkənin gündəmini silkələməkdə davam edir. Bütün hadisələri qabaqlayan güllələnmə olayından sonra ölkə mediası və ictimaiyyəti bu sirr pərdəsinin ardında baş verənlərlə yatıb-durur. İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsindən sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə mitinq təşkil ediləcəyi və Elmar Vəliyevin ailəsinin şəhərdən qovulacağı ilə bağlı çağırışlar baş verir. Mənbəyi və təşkilatçıları məlum olmayan bu mitinq çağırışının arxasında hansı faktorların dayandığı haqqında konkret məlumatlar olmasa da, hakimiyyət orqanlarının narahatçılıqları açıqca ortadadır. Təşkilatçıların adlarının olmaması isə məsələyə əlavə çalarlar gətirir. Mənbəyi məlum olmayan çağırışların təxribat ola biləcəyi haqqında məlumatlar səngimir.

Xural.com məsələylə bağlı Gəncənin səlahiyyətli şəxsləri ilə əlaqə saxlamağa çalışsa da, kimsə sorğumuza cavab vermədi. Yalnız Gəncənin “İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadə bir müddət sonra sorğumuza cavab verdi: “Mənim hər hansı bir çağırış haqqında heç bir məlumatım yoxdur. Gəncəlilər belə bir çağırış etməyiblər. Çağırış varsa da, bunun ünvanı məlum deyil və bu ünvanlar gedib əyri yerlərə çıxır. Camaatı küçələrə kim çağırırsa, öz adlarından çağırsın və niyə çağırır, onu desin.”

Elmar Vəliyevin ailəsinin Gəncədən çıxarılması çağırışlarına gəlincə, Hacı Tahir bunları dedi: “Gəncə heç bir zaman arvad-uşaq üzərinə getməyib. Gəncədə belə bir şey ola bilməz. Şəhərdə böyük və ağır bir hadisə baş verib – bir nəfər gəlib bir nəfəri güllələyib. Allah hamısına kömək olsun. Gəncənin ağsaqqalları belə bir hərəkətə imkan verməz. Bunlar kimlərdirsə, təxribatçıdırlar və Gəncədə aranı qatmaq istəyirlər. Gəncəlilər heç bir zaman yol verməzlər ki, şəhərdə ara qarışsın.”

Elmar Vəliyevin ailəsinin harada olduğu, onların Gəncədə yaşayıb-yaşamadığı haqqındakı sualımızı da cavablandıran şəhər axundu bunları dedi: “Başçının indi harada olduğu haqqında məlumatlı deyiləm. Allah şəfasını versin. Allah heç kimin evinə faciə salmasın, ailəyə faciə baş verib. Yəqin ki, ailə bu faciə ilə əlaqədar xəstəsinin başının üstündədirlər. Biz gəncəli olaraq kimliyindən asılı olmayaraq, bir insana faciə baş verirsə, o faciə baş verən ailənin yanında olarıq. Heç kimə, hətta düşmənə də faciə arzulamarıq. Təbii ki, ailə Gəncədə yoxdur. O zaman bunlar kimin üzərinə çağırış edirlər? Deməli, ortada fitnə var. Kimdirsə bunlar, fitnə toxumu səpirlər. Bu da camaatı qarğaşaya aparır və biz bu qarğaşaya qarşıyıq.”

Axund sonra xural.com-a bunları söylədi: “Xalq da bilməlidir ki, biz bu çağırışları dəstəkləmirik. Hamı anlamalıdır ki, bu, təxribat və oyundur. İlkin istintaqın qənaətinə görə, bu adam terrorist elan edilib və bu gün bu əməlləri etmək terrora dəstək vermək mənasına gələ bilər. Bu camaatı güdaza vermək olmaz.”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button