Gənclərdən ağlasığmaz intiqam alındı!

Məhkəmə binası qarşısında qarşıdurmada müxalifət fəalları saxlanıldı

 Dünən İctimai Palatanın (İP) 2 aprel aksiyasına görə daha dörd müxalifət fəalına hökm oxundu. Hakim Şahin Abdullayevin verdiyi qərarla Müsavat Gənclər Təşkilatının təşkilat məsələləri üzrə sədr müavini Əhəd Məmmədli 3 il, Ülvü Quliyev 3 il, Müsavat Gənclər Təşkilatının mətbuat məsələləri üzrə müavini Rüfət Hacıbəyli 1 il 6 ay, AXCP fəalı Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrum edildi. Gənclər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanı pozan hərəkətləri təşkil etmə və bu  kimi işlərdə fəal iştirak) maddəsi ilə təqsirli bilinirdi. Ə.Məmmədli və Ü.Quliyev həm də 315.1 (polisə müqavimət) maddəsi ilə günahlandırılırdı. Hakim  gənclərə qarşı qaldırılan mülki iddiaları təmin etmədi.

Dünənki məhkəmə prosesini Almaniyanın ölkəmizdəki səfirliyinin nümayəndələri də izləyirdilər.

 Vicdan məhbuslarının yaxınlarına təzyiq edildi, vəkil qapı arxasında qaldı  

 Proses başlamazdan əvvəl məhkəmə binasındaca vicdan məhbuslarının yaxınları ilə polis  arasında qarşıdurma yarandı. Nəsimi Rayon Polis əməkdaşları məhkəmə binasına daxil olaraq vətəndaşların məhkəmə otağına daxil olub-olmayacağına dair göstərişlər verirdilər. Binanın giriş qapısından daxil olan şəxslər hansı prosesə gəldiklərinə dair polislər tərəfindən sorğu-suala tutulandan sonra binaya buraxılırdılar. Vicdan məhbuslarının yaxınları və jurnalistlər prosesə buraxılmırdı. Polislər hətta vicdan məhbuslarının vəkili Əsabəli Mustafayevin məhkəmə zalına daxil olmasına imkan vermirdilər. Uzun çəkən mübahisələrdən sonra jurnalistlər məhkəmənin keçirildiyi iclas zalına buraxdılar.

 “Biz millətimizin azadlığı uğrunda mübarizə aparırıq, siz isə bizi azadlıqdan məhrum edirsiniz”

 Hakim hökmü oxuyarkən vicdan məhbuslarının etirazı ilə qarşılaşdı. Ü.Quliyev üzünü hakimə tutaraq “Biz millətimizin azadlığı uğrunda mübarizə aparırıq, siz isə bizi azadlıqdan məhrum edirsiniz” deyərək etirazını bildirdi. Hakim hökmü oxuyub başa çatdırmadan zaldakılar Azərbaycan himnini oxumağa başladı. Hökmü tamamlayan hakim qaçaraq zalı tərk etdi. 

 Polis müxalifət fəallarını həbs etdi

 Vicdan məhbuslarının məhkəmə qarşısında gözləyən əqidə yoldaşları, yaxınları və qohumları etiraz aksiyası keçirdilər. Yüzə qədər müxalifətçi gənclərin həbsinə etiraz olaraq aksiya təşkil etdilər. Aksiya zamanı  “Azadlıq”, “İstefa” şüarları səsləndirildi. Polis aksiyaçılarla amansız davrandı. Etirazçıları dağıtmaq üçün dəyənəklərdən istifadə etdilər. Müsavat Gənclər Təşkilatının üzvü Rauf Məmmədov sağ qolundan zədə aldı. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları qadınları provokasiyaya çəkərək qarşıdurma yaradırdılar. Məhkəmə binasının qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində keçirilən etiraz yürüşü zamanı polislərlə müxalifətçilər arasında 5 dəfə qarşıdurma yarandı. Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı, Müsavat Gənclər Təşkilatının şura üzvü Ramin Baxış, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli, AXCP üzvü Vaqif Xaliqov saxlanılaraq Nəsimi Rayon 20-ci polis şöbəsinə aparıldılar. Müsavat partiyası və AXCP dərhal saxlanılan şəxsləri vəkillə təmin etdi. Günün sonunda saxlanılan şəxslər azad edildilər.

 Azərbaycan gəncliyinə qarşı qəbul edilən hökm

 Məhkəmə prosesindən sonra Elnur Məcidlinin atası Arzuman Məcidli “Xural” qəzetinə verdiyi eksklüziv müsahibəsində son hökmə münasibət bildirib: “Məhkəmənin belə bir qisasçı hökm verəcəyini gözləyirdik. Lakin bir valideyn kimi Şahin Abdullayevin özünə hörmət edən şəxs kimi tanıyırdım. Çünki hakim  Elçin Namazovu vəkillik hüququndan kənarlaşdıranda məni qəbul etmişdi. Mən ona nəzərinə Elçin Namazovla bağlı səhv qərar qəbul etdiyini çatdırdım. Hakim mənə bildirdi ki, “Mən ləyaqətimi qoruyan insanam. Elçin Namazov məni təhqir edib. Mən nəsli olan insanam”. Ona bildirdim ki, sənə o zaman inanacağam ki, sən vicdan məhbusları barədə ədalətli qərar qəbul edəcəksən. Şahin Abduyllayev öz növbəsində mənə bildirdi ki, siz görəcəksiz, mən ədalətli qərar qəbul edəcəm, sifarişi yerinə yetirməyəçəm. Lakin bildiyiniz kimi, E.Abdullayev özünü dediyi kimi, ləyaqətinə və nəslinə uyğun qərar qəbul etmək əvəzinə, siyasi sifariş icra etdi. Bu ,Azərbaycan gəncliyinə qarşı qəbul edilən hökmdür. Hakimiyyətin bu gün verdiyi hökm gəncləri azadlıq yolundan döndərə bilməyəcək. Bu gün həbs olunan gənclər və onların yaşıdları azadlıq uğrunda mübarizələrini daha da əzmlə davam etdirəcəklər. Bir valideyn kimi oğlumla fəxr edirəm. O, haqq yolunda, azadlıq və demokratiya uğrunda həbs edilib. Azadlıq uğrunda mübarizə isə zindanlardan keçir”.      

 Məhbus Ailələri Komitəsi ATƏT-in Bakı ofisinə dəvət edildi

 Məhkəmə hökmündən dərhal sonra Siyasi Məhbus Ailələri Komitəsinin üzvləri ATƏT-in Bakı ofisinə dəvət edilib. Bu barədə redaksiyamıza məlumatı komitənin sədri A.Məcidli məlumat verib. A.Məcidli görüşdə vicdan məhbusu Tural Abbaslının anası Başxanım xanımın, Rüfət Hacıbəylinin atası İbrahim bəyin, Vidadi Mahmudlunun qardaşı Ogtay bəyin və özünün iştirak etdiyini bildirdi: “Bizi ATƏT-in Bakı ofisinin rəhbəri qəbul etdi. Biz orada Azərbaycanda bütün sferalarda Azərbaycan xalqının hüquqlarının tapdanması barədə ətraflı məlumat verdik. Müzakirələr zamanı Azərbaycanın istiqlal bəyannaməsinə imza atan Arif Hacılıdan tutmuş ən azyaşlı siyası məhbus olan Elnir Məcidliyə qədər olan siyasi məhbusların məsələsini müzakirə etdik. Onu qeyd edim ki, yalnız “2 aprel” məhbuslarının məsələsi müzakirə edilmədi. Biz Azərbaycanın bütün siyasi məhbuslarının məsələsini ATƏT nümayəndəsinin nəzərinə çatdırdıq. Biz ATƏT rəsmilərinin diqqətinə çatdırdıq ki, mövcud hakimiyyət durduqca Siyasi Məhbus Ailələri Komitəsinin sıraları genişlənəcək. Hesab edirəm ki, görüşün əhəmiyyəti olacaq”. A.Məcidli Siyasi Məhbus Ailələri Komitəsinin geniş fəaliyyət proqramı qəbul etdiyini vurğuladı: “Biz etiraz aksiyaları daxil olmaqla çox geniş fəaliyyət proqramı qəbul etmişik. Yaxın gələcəkdə növbəti tədbirlərimizi həyata keçirəcəyik”.

 Müsavat Partiyası vicdan məhbuslarına azadlıq tələb etdi

 Dünən Müsavat Partiyası müxalifətçilərin həbsi ilə bağlı bəyanat yayıb. Müsavat Partiyası Nəsimi rayon məhkəməsinin hökmünü tamamilə ədalətsiz bir hökm kimi qiymətləndirir və öz siyasi baxışlarına görə həbs olunmuş insanların dərhal azadlığa buraxılmasını tələb edir.

Aydınlar Partiyası da İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan gənclərin azadlıqdan məhrum edilməsini  pisləyən bəyanat yayıb. Pariya gənclərin həbsini analoqu olmayan rəzalət besab edir və vicdan məhbuslarının  dərhal azadlığa buraxılmasını tələb edir: “Siyasi hakimiyyət onu tənqid edən müxalifətçiləri həbs etmək əvəzinə, onların tələblərini həyata keçirməlidir”.

 Siyasi mühacirlər ayağa qalxdı

 Avropada fəaliyyət göstərən siyasi mühacir təşkilatları  2 aprel məhbuslarının həbsini pisləyən bəyanat verib. Azərbaycanlı siyasi mühacirlərin Niderlandda fəaliyyət göstərən “Odlar Yurdu”, “Yeni Müxalifət Hərəkatı”, “Azərbaycanda Demokratiyaya Dəstək Komitəsi”, Almaniyada fəaliyyət göstərən “Frankfurt Azərbaycan Cəmiyyəti”, “Maynz Azərbaycan Cəmiyyəti”, “Hamburq Azərbaycan Cəmiyyəti”, Norveçdə fəaliyyət göstərən “Prometey” Təşkilatı və İsveçdə fəaliyyət göstərən “Bütöv Azərbaycan Təşkilatı”nın  yaydığı birgə bəyanatlarda 2013-cü il prezident seçkiləri ərəfəsində sülalə hakimiyyətinin daha da aqressivləşdiyi qeyd edilir. İstiqlal bəyənməsinə imza atan Arif Hacılının və digər siyasi məhbusların həbsini Azərbaycan dövləti üçün utançverici hal adlandıran siyasi məhbuslar, repressiyalara son qoyulmasını tələb edirlər: “Biz Avropada fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar olaraq Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsini, repressiyalara son qoyulmasını tələb edirik. Öz növbəmizdə bildiririk ki, bu repressiya və həbslərlə bağlı həqiqətləri yaşadığımız ölkələrin dövlət qurumlarına, Avropada fəaliyyət göstərən beynəlxalq və yerli qurumlara, Avropa ictimaiyyətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edəcəyik”.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button