Gənclərin müqəddəs borcu milli-mənəvi dəyərləri qorumaqdır

Emil Nəcəfov

Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan olduqca əhəmiyyətlidir.

Artıq heç kimə sirr deyil ki, son illərdə ölkəmizdə sürətli inkişaf tendensiyası müşahidə edilir. Bir çox sahələrdə böyük nailiyyətlər əldə edilir, əhalinin sosial rifah halında nəzərə çarpacaq dəyişikliklər baş verir. Dövlətimiz də dünya siyasi sistemində öz yerini möhkəmləndirərək, ölkəmizin ümumi beynəlxalq nüfuzunu artırr. Lakin, insanların mənəvi həyatı, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi olmadan bu inkişafın davamlı olmasını gözləmək çətindir. Milli mənəvi dəyərlərin yaşadılması qloballaşma prosesi zəminində milli özünümövcudluğun qorunmasına xidmət edir. Bu həm Azərbaycan xalqının istəklərinə, həm də dövlətimizin maraqlarına uyğundur.

 Bu gün Azərbaycan dünyada həm də tolerant ölkə kimi tanınır

Tolerantlıq, belə demək mümkünsə bizim əsrlərdən bəri gələn milli xüsusiyyətimizdir. Dünyada müxtəlif qruplardan olan insanların bir-biri ilə bu dərəcədə dostcasına və mehribanlıq şəraitində yaşadığı oxşar ölkə tapmaq çətindir. Hazırda bir çox müsəlman ölkələrində məzhəb fərqliliyinə görə kütləvi toqquşmaların baş verməsi adi haldır. Ancaq, Azərbaycan cəmiyyəti üçün məzhəb fərqliliyi olsa da, bugünə qədər bu mövzuda yadda qala biləcək belə bir hal qeydə alınmayıb. Əksinə bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir.

Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da Azərbaycanda bir dənə də olsa bu cür hala rast gəlməzsiniz. Ölkəmizdə onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə vermişdir. Tolerantlıqla bağlı çox misal gətirmək olar. Ancaq, bunun səbəbini izah etmək çətindir. Ola bilər bu, Azərbaycanın coğrafiyasından və əhalinin özünəməxsusluqlarından irəli gəlir.

Milli kimliyin formalaşmasında milli-mənəvi dəyərlərin rolu

Əslində elə milli-mənəvi dəyərlər milli kimliyin mahiyyətini təşkil edən kateqoriyadır. Milli kimlik mürəkkəb daxili sistemə malik olan, özünü idarə edən mexanizmdir. Milli-mənəvi dəyərlər onun bazasını, fundamentini təşkil edir. Bu dəyərlər sayəsində kənar təsirlərə məruz qaldığı halda özünü qoruma mexanizmi vasitəsilə yad ünsürləri kənarlaşdırır. Bunu elə Azərbaycan cəmiyyətinin timsalında görmək olar. Müstəqillik qazandıqdan sonra dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri daha çox cəmiyyətə yad dəyərləri qəbul etdirmək cəhdi kimi qəbul edilir və artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlamışdır. Hətta dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilərik. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaqdır. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik.

Milli-mənəvi dəyərlərin qorunması ücün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Qanunverciliyin ifrat dərəcədə beynəlmiləlləşdirilməsinə də son qoyulmalı, qanunvericilik aktlarında xüsusən ailə-nikah münasibətləri sferasında milli xüsusiyyətlər nəzərə alınmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar hamısı dövlətin bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır.

 Qloballaşma gənclərin milli şüuruna necə təsir edir?

Ümumiyyətlə, qloballaşma dünyada cərəyan edən labüd bir prosesdir. Onun əsl mahiyyətinə gəldikdə isə, bu proses dünya miqyasında inteqrasiya anlayışından daha çox dünyanın bir qütbünün öz xüsusiyyətlərini, dəyərlərini digərlərinə qəbul etdirmək xarakteri daşıyır. Bu isə istər-istəməz ünvanlandığı təbəqəyə, xüsusən gənclərə öz mənfi təsirini göstərir. Qeyd etdiyimiz kimi, artıq uzun illərdir kənardan gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması istiqamətində məqsədyönlü iş görülür. Qloballaşma və beynəlxalq inteqrasiya zəminində kənar qüvvələr tərəfindən milli və mənəvi dəyərlərin aşındırılması, gənclərin öz dəyərlərinə qarşı qoyulması, daha çox deformasiyaya uğraması ilə seçilən Qərb dəyərlərinə meyil etdirmək, bütün bunların nəticəsi kimi, öz dövlətinə və cəmiyyətinə qarşı bəzi hallarda düşmən münasibətə keçən ifrat kosmopolitizmtoxumlarının səpilməsi müşahidə edilməkdədir. Xarici qüvvələrin maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektual gənclər mərkəzlərdəki təlimlərə cəlb edilirlər. Bu istiqamətdə informasiya texnologiyalarından olduqca səmərəli şəkildə istifadə edilir. Hesab edirəm ki, daha əvvəlki sualınıza cavabımda qeyd etdiyim işlər görülərsə, bu prosesin qarşısını almaq mümkün olacaq, əks halda gələcəyimiz üçün böyük təhlükə potensialı mövcuddur.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button