Gəncə hadisələri ilə bağlı əsl həqiqətlər ortaya çıxır…

Oktay Gülalıyev,

Hüquq müdafiəçisi

 

Dünən və bu gün Sabunçu rayon məhkəməsində Gəncə hadisələri ilə bağlı 2 qrupun- 18 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesi baş tutdu. Əvvəl olduğu kimi bu dəfə ki məhkəmə prosesləri də gərgin və çoxsaylı qanun pozuntuları ilə keçirildi…

Məhkəmədə sərbəst ifadə verən Kəpəz rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları və digər polislər öz ifadələrindən açıqca qeyd etdilər ki, 10 iyul 2018-ci ildə Gəncədə İcra hakimiyyətinin inzibati binasının qarşısında qanunsuz mitinq və işğişaşların ola biləcəyinə dair rəhbərlik tərəfindən onlara öncədən məlumat verilib, lazımi təlimatlandırma işləri aparılıb. Polis şöbələrində gücləndirilmiş iş rejimi elan olunub, polis heyəti hazır vəziyyətə gətirilib. Amma həmin gün bütün silahlar, hətta xidməti tabel silahlar da polislərdən alınıb (!?). Polis polkovniki İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilərkən polislər bildirdi ki, onlardan 70-100 metr kənarda olublar və fakti olaraq onları meydana tək, silahsız buraxıb köməksiz qoyublar. Çox maraqlıdır ki, 2 polis əməkdaşının öldürüldüyü, birinin yaralandığı hadisə zamanı qatil Rəşad Böyükişiyev əlində xəncər 100-lərlə polisin yanından sərbəst şəkildə hadisə yerindən çıxıb gedib. Polislər onu və digər hadisə iştirakçılarını – hansı ki, onlar indi həbsdədir- niyə onları hadisə yerində həbs etməyiblər və ya buna cəhd göstərməyiblər?

Digər tərəfdən necə ola bilir ki, həmin gün meydanda 50-dən çox şəxs iğtişaş törətməkdə, polisə daş-kəsək, dəyənək atmaqda ittiham olunur, amma heç bir polis əməkdaşı həmin gün xəsarət almayıb? Niyə polis polkovniki İlqar Balakişiyev və Səməd Abbasov meydana tək və köməksiz vəziyyətdə buraxılır? Niyə mitinq və iğtişaşların olacağını öncədən bilən Gəncə Polis İdarəsinin 100-lərlə əməkdaşı polis polkovniki İlqar Balakşiyevi və Səməd Abbasovu əlində bıçaq olan bir nəfərdən qoruya bilmir və ya qorumağa lazımi səviyyədə cəhd etmir? Verilən ifadələr və hadisənin hazırlanan ssenarisi daha çox o təəssüratı yaradır ki, ölən polis əməkdaşları bu hadisələr zamanı sanki bilərəkdən və ya bilməyərəkdən qurban verilib…

Verilən ifadələrə görə hadisənin qızışma səhnələrindən biri qaşıdurmadan öncə bəzi çarşablı qadınların polislərə qab- qacaq və çaynik atması olub. Maraqlıdır, hadisə yerində olmayanlar həbs olunub Cinayət Məcəlləsinin 23 maddəsi ilə ittiham olunduğu halda hadisə yerində təxribat yaradan, xuliqanlıq edən həmin qadınlar və ya qadın paltarı geyinmiş şəxslər niyə məsuliyyitə cəlb olunmayıb? Onları ora kim göndərib?

Maraqlıdır, məhkəmədə ifadə verən polislərin əksəriyyəti İlqar Balakişiyevin və Səməd Abbasovun bıçaqlandığı səhnəsini görmədiklərini bildirir, zalda əyləşən təqsirləndirilən şəxsləri hadisə yerində görmədiklərini və tanımadıqlarını bildirirdilər. Belə olan halda sual yaranır; hadisə yerində görmədiyin və tanımadığın adamlara qarşı necə ifadə verib şikayətçi ola bilərsən? Bu sualı vəkillər məhkəmədə versə də hakim sualı protokoldan çıxardı (!?).

Məhkəmədə verilən sərbəst ifadələr, çəkişmələr və müzakirələr onu göstərir ki, həqiqətən 10 iyul Gəncə hadisəsinin özü və onunla bağlı tərtib olunan İttiham Aktı saxta və quramadır…

Elmir Hüseynzadənin və digər təqsirləndirilən şəxslərin məhkəmə prosesində ictimai təpki və vəkillərin israrından sonra hakim həbs olunan şəxslərə verilən işgəncələrin araşdırılması ilə bağlı vəsatəti qəbul etdi. Araşdırılıb hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərdiyini bildirdi.

Məsələnin görünən tərəfi odur ki, “Gəncə işi” ilə bağlı məhkəmə prosesi getdikcə, ictimai təpki artıqca həm hadisələrin baş vermə səbəbləri tam aydınlaşacaq, həm də İttiham Aktının saxta və qurama olduğu büs- bütün sübuta yetiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button