“Gəncə işi”ndə yaşanan dəhşətlər-Apellyasiya Məhkəməsinin “ədalət”li hakimi

Əlövsət Sadıqlı

Hüquq müdafiəçisi

 

Şəkildə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullayevi görürsünüz. O, Azərbaycan məhkəməsinin ümumiləşmiş obrazıdır…

Uzun müddətdir ki, hüquq müdafiəçisi kimi ölkədə baş verən repressiya və işgəncə faktları, həmçinin məhkəmə prosesləri üzrə monitorinq aparıram və müşahidələrim zamanı hüquq-mühafizə orqanlarının, bir qayda olaraq, vətəndaşa yabançı, qərəzli və bir çox hallarda, düşmən münasibətinin şahidi olmuşam.

Təbii ki, indiyədək müşahidə etdiklərimi və detallarını bir yazıya sığdırmaq mümkün deyil.

Odur ki, Azərbaycanda “ədalət məhkəməsi”nin mahiyyətinin bir məhkəmə epizodu ilə və real nümunələrlə bir daha  ictimai diqqətə çatdirılmasını zəruri hesab edirəm:

Bu gün (28.02.2020) Bakı Apellyasiya Məhkəməsinin binasında Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullayevin sədrliyi ilə “Gəncə işi” üzrə Oktay Hüseynzadə və digərlərinin daxil olduğu qrupun apellyasiya prosesi başa çatdı. Prosesə sədrliyi Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullayev edirdi…

Dəyərli oxucunun diqqətinə qətiyyətlə və əminliklə çatdırıram ki, hakim Əlizamin Abdullayevin özü və “ədaləti” Azərbaycandakı bütün hakimlərin ümumiləşmiş obrazıdır! Onlar üçün qanun kağız parçasından başqa bir şey deyil: ya sifariş yerinə yetirər, ya da kiminsə ədalətini özünə əvəzsiz verməz!

Apellyasiya məhkəməsi həmin qrup üzrə 2 nəfərin – Məmmədov Elşən Məmməd oğlu və Abbasov Abbas Bəhlul oğlunun 7 illik cəza müddətini 5 ilə endirdi. Digərləri isə olduğu kimi saxlanıldı…

1) Quliyev Eşqin Zahid oğlu həbs edilməzdən neçə illər əvvəldən ağır dərəcəli “hepatit C”-dən yataq xəstəsi idi. Birinci instansiya məhkəməsi prosesində də dəfələrlə bayılmışdı və üstünə “təcili yardım” çağırılmışdı, hətta hakimlər zala daxil olanda da taqətsizlikdən ayağa dura bilmirdi. Yenə də o vəziyyətdə məhkəməyə gətirilir, adam canı ilə əlləşdiyi halda, prosesin axırınadək orada oturdulmaqla işgəncəyə məruz qoyulurdu…

Bu adam Gəncə hadisələri zamanı Gəncədə olmayıb və xəstəliyi səbəbindən ola da bilməzdi: onun yeganə “cinayəti” neçə illər əvvəl Rəşad Böyükkişiyevlə (polis zabitlərini qətlə yetirən şəxs) eyni “zon”da cəza çəkməsi və bir-birini orada tanıması və həbsdən çıxandan sonra Rəşadın ona bir neçə dəfə ona baş çəkməsidir…

Onu o vəziyyətdə həbs ediblər, vəhşilik səviyyəsində işgəncə veriblər və CM-nin 120-ci maddəsinin (qəsdən adam öldürmə) bütün bəndləri və digər maddələrlə ittiham ediblər bu adam 20 il həbs cəzası veriləndən bir neçə gün sonra xəstəliyi və verilmiş işgəncələr səbəbindən öldü…

2) Hüseynzadə Oktay Nazim oğlunun yeganə “cinayəti” onun 10.06.2018-ci il tarixli razılaşdırılmamış aksiyada iştirakıdır. Video-görüntülərdən görünür ki, bu adamın cinayət hesab ediləcək heç bir hərəkəti yoxdur…

12 iyul 2018-ci ildə Göy-Göl rayon Üçbulaq kəndində şəxsi bağ evində ailə üzvləri ilə birgə istirahət etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılıb və şöbəyə aparılıb. Oradan isə Bakıya – xalq arasında “bandotdel” adlanan idarəyə aparılıb. Tutulduğu ilk gündən etibarən davamlı şəkildə ağır işgəncələrə məruz qalıb, amasızcasına ölümünə döyülüb, bədəninin ən həssas yerlərindən elektrik cərəyanına qoşulub…

Heç bir sübutedici fakt və sənəd olmadan CM-nin 120-ci maddəsinin (qəsdən adam öldürmə) bütün bəndləri və digər ağır cinayət maddələri ilə ittiham edilib –18 il həbs cəzasına məhkum edilib…

Oktay Hüseynzadənin günahlandırılmasına aid digər bir nüans: ittiham edilib ki, guya o, İranda olub, dini-radikal qruplaşma və dini dövlət yaratmaq və s. barədə təlimat alıb. Bununla bağlı vəkili Xaliq Hüseynov Dövlət Sərhəd Xidmətinə rəsmi sorğu göndərib və cavab alıb ki, Oktay Nazim oğlu Hüseynzadə İranda olmayıb. Bundan sonra ittiham tərəfi DSX-nə “gözünü ağardıb” və O.Hüseynzadənin İranda olması barədə əsası olmayan, əvvəl verdikləri sənədə zidd məzmunda saxta sənəd alıb. İndi cinayət işində bu məsələyə aid bir-birinə zidd 2 cavab var. Məhkəmə də 2-ci cavaba sübut sənədi kimi istinad edib: elə bir orqan da tapılmır (əliyevlər rejimi dövründə tapılmayacaq da), DSX-dən soruşsun ki, ay filan-filan olmuş, bir-birinə zidd bu nə cavablardır, vermisən?!…

3) Məmmədov Urfan Şahin oğlu – hadisə zamanı Daşkəsəndə olub və Gəncədə nə baş verdiyindən xəbərsiz olub.

Taksi ilə Gəncəyə qayıdan zaman Rəşad Böyükkişiyev ona zəng vuraraq, Samux rayonunun Ziyadlı kəndinə getmək istədiyini və mümkünsə, onu taksi ilə oraya aparmasını xahiş etmişdir. Urfan Rəşadın hadisə törətdiyindən xəbərsiz olub və gəldiyi maşınla Rəşadı aparıb dediyi yerdə düşürüb qayıdıb: Rəşadın cinayət törətməsi barədə sonradan eşidib…

İyul ayının 23-də Gəncə şəhər Nizami rayon polis idarəsi tərəfindən çağırılıb və orada həbs olunub, işgəncəyə məruz qoyulub. İyul ayının 24-də Bakıya “bandotdel”ə göndərilib. 10 gün orada ağır işgəncələrə məruz qalıb: dəyənəklə döyülüb, bədəninin müxtəlif yerlərinə, hətta cinsi orqanından cərəyan verilib. Avqust ayının 4-də Bakı İstintaq Təcridxanasına aparılan zaman bədənindəki xəsarətlərin izini gizləmək üçün xüsusi kremdən istifadə etmişlər. Hal-hazırda Urfanın əlinin baş barmaqları işləmək qabiliyyətini itirib…

Adam heç bir sübutedici fakt və sənəd olmadan CM-nin 120-ci maddəsinin (qəsdən adam öldürmə) bütün bəndləri və digər ağır cinayət maddələri ilə ittiham olunaraq 18 il həbs cəzasına məhkum edilib.

4) Bayramov Rauf Fazil oğlu – 10 iyul Gəncə mitinqində və ümumiyyətlə, Gəncədə olmayıb.

Rəşad Böyükkişiyev hadisəni törədikdən sonra tanıdığı Raufgilə gedib və gecə onun evində qalıb. Raufun Rəşadın adam öldürməsindən xəbəri olmayıb. Səhəri günü hadisə haqqında eşidəndə Rəşadı evdən qovub, lakin özünə və ailəsinə görə qorxduğu üçün bu barədə polisə xəbər verməyib. Özünü buna görə təqsirli hesab edir. İyul ayının 23-də polis əməkdaşları tərəfindən evindən Gəncə şəhər Nizami rayon polis idarəsinə aparılıb və sonradan Bakıya – “bandotdel”ə göndərilib, orada ağır işgəncələrə məruz qalıb: dəyənəklə, yumruqla, təpiklə döyülüb, barmaqları məngənə arasına qoyularaq sıxılıb, əlləri kəsik-kəsik edilib. Sonradan həbs edilən oğlu Hüseyn dindirilən zaman ata yenidən üzləşməyə gətirilib və oğulun gözü qarşısında ataya, atanın gözü qarşısında oğula ağlasığmaz dərəcədə ağır işgəncələr verilib.

Adam heç bir sübutedici fakt və sübut olmadan CM-nin 120-ci maddəsinin (qəsdən adam öldürmə) bütün bəndləri və digər ağır cinayət maddələri ilə ittiham olunaraq 9 il həbs cəzasına məhkum edilib…

5) Bayramov Hüseyn Rauf oğlu 10 iyul Gəncə mitinqində və ümumiyyətlə Gəncədə olmayıb. Türkiyədə eşidib ki, atası həbs edilib və buna görə də ailəsinə dəstək olmaq üçün evlərinə qayıdıb. Adam heç bir sübutedici fakt və sübut olmadan CM-nin 120-ci maddəsinin (qəsdən adam öldürmə) bütün bəndləri və digər ağır cinayət maddələri ilə ittiham olunub, dəhşətli işgəncələrə məruz qoyulub və sonda “ədalət məhkəməsi” onu 2 il həbs cəzası ilə cəzalandırıb…

PS 1: DOSTLAR, 10.07.2018-ci il Gəncə hadisələrində 2 polis zabitinin qətlə yetirilməsi barədə artıq hər kəsin xəbəri var.

O da məlumdur ki, həmin polis zabitlərini yalnız bir nəfər – Rəşad Böyükkişiyev adlı şəxs qətlə yetirib. Bu barədə kifayət qədər video-materiallar var. Və video-faktlardan da açıq görünür ki, R.Böyükkişiyevdən başqa heç kimdə silah qismində hər hansı bir şey olmayıb və digər heç kim kimisə öldürməyib və ya öldürməyə cəhd etməyib.

Buna baxmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən, məhkəmələr günahsız insanları CM-nin 120-ci maddəsinin (qəsdən adam öldürmə) bütün bəndləri və digər ağır cinayət maddələri ilə ittiham edib, absurd və ədalətsiz hökmlər veriblər!

PS 2: Və gördünüzmü Azərbaycanda “ƏDALƏT MƏHKƏMƏSİ” deyilən şey nədir və hansı bərbad durumdadır?!

PS 3: Məncə, hüquq-mühafizə orqanlarının, o cümlədən, məhkəmələrin, total olaraq, bu kimi fəaliyyətləri daha yuxarılara məxsus siyasi iradənin nəticəsidir – xalqa qarşı dövlət səviyyəsində həyata keçirilən TERRORDUR və kütləvi QORXU YARATMAQ məqsədi daşıyır…!

PS 4: Əslində, hesab edirəm ki, 10.07.2018-ci il Gəncə hadisəsinin əsas günahkarı, müvafiq hüquq-mühafizə orqanlarının timsalında, Azərbaycan hökumətidir! Yəni, aksiya olacağı əvvəlcədən bilindiyi halda, polisin həmin ərazidə təhlükəsizlik tədbiri görməməsi, əksinə, gələn camaatın meydana sərbəst girişinə şərait yaratması, həmin gün polisin tərksilah edilərək hətta adi dəyənəklərinin də əlindən alınması, öldürülən yüksək rütbəli polis zabitlərinin təhlükəsizliyinin təmin edilməməsi, qatilin zərərsizləşdirilməsi mümkün olduğu halda, onun meydandan sərbəst şəkildə çıxıb getməsinə şərait yaradılması və sonradan Şəmkirdə müəmmalı şəkildə qətlə yetirilməsi və s. bu iddiamın ədalətli olduğunu təsdiq edir, həmçinin xeyli sual və şübhələr yaradır…

PS 5: Apardığım uzunmüddətli müşahidələrdən gəldiyim qənaət ondan ibarətdir ki, məhkəmələrdə və ümumiyyətlə, Azərbaycandakı bərbad durum kleptokratik siyasi rejimin mahiyyətindən törəmə nəticələrdir və BU HAKİMİYYƏT QOVULMASA – HAKİMİYYƏT MİLLİLƏŞMƏSƏ, HEÇ KİMİN İNSAN KİMİ YAŞAMAQ İMKANI OLMAYACAQ!!!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button