Gəncə məhbuslarının valideynləri cırıq ayaqqabılarını hakimlərə göstərdi

‘Yeməyə çörək, geyinməyə paltar tapmırıq…”

 

Gəncə hadisələrinə görə həbs edilib, artıq cəza alanlardan daha 11 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə davam edir. İyulun 18-də Gəncə Apelyasiya Məhkəməsinin hakimi Çingiz Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər, yaxınları etirazlarını bildiriblər. Bu, hakim Bakı İstintaq Təcridxanasından göndərilən cavab məktubunda yazılanları elan edərkən baş verib.

Təcridxanadan təqsirləndirilən şəxslərin hər biri barədə ayrı-ayrılıqda cavab verilərək göstərilib ki, məsələn, Ruslan Həsənov 16 iyul 2018-ci ildə Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi-sanitar hissədə müayinədən keçirilib, üzərində yeni xəsarət aşkarlanmayıb. Təqsirləndirilən şəxslərin hamısı haqqında daxil olma tarixləri istisna olmaqla, eyni məzmunlu cavab verilib. Təqsirləndirilən şəxslər və yaxınları bu cavaba etirazlarını bildiriblər.

Təqsirləndirilən Tural Bayramov bildirib ki, doğrudur, iyulun 16-da təcridxanaya gətirilib. Lakin onu orada tibbi müayinədən keçirməyiblər. Həmin vaxt üzərində də işgəncə nəticəsində yetirilmiş xəsarətlərin izləri olub: “İyulun 13-də keçirilən tibbi ekspertizanın rəyində də var ki, üzərimdə xəsarət izləri olub. O izlər üç günə keçən izlər deyildi, yeddi aya sağaldı. Dövlətin adından ittiham aktında yazıblar ki, videogörüntülər vasitəsilə bizim polislərə müqavimət göstərməyimiz müəyyən olunub. Hardadır o videogörüntülər? Niyə göstərmirsiniz, biz də görək? Guya biz 11 nəfər əvvəlcədən əlbir olmuşuq. Halbuki biz bir-birimizi burada tanımışıq. Aramızda nə telefon zəngi olub, nə yazışmışıq, nə birlikdə şəklimiz var. Bu qədər yalan olar? Bu qədər ədalətsizlik olar? O biri məhkəmə də deyirdi “araşdırma aparırıq”, axırda heç bir sübutsuz 8 il iş kəsdi mənə. Üç aydır da bu məhkəmə gedir. Məhkəmə də deyil, sirkdir. Ancaq şablon sözlər… Sizin nə vecinizə, altınızda kondisionerli maşın, gedib-gəlirsiz, nə bilirsiz biz nə çəkirik. Neynirəm belə məhkəməni. Ümumiyyətlə, Azərbaycan vətəndaşlığından da imtina edirəm”.

T.Bayramov bunları deyərək, məhkəmədə iştirakdan imtina edib, zaldan çıxarılıb aparılmasını istəyib. Digər təqsirləndirilən şəxslər də təcridxananın cavabına etiraz ediblər.

Etirazlara məhkəmə zalındakı valideynlər də qoşulub. Bildiriblər ki, övladlarına qarşı ittihamları təsdiqləyəcək heç bir sübut yoxdur, amma onlara uzunmüddətli həbs cəzaları verilib. Gəncədən Bakıya məhkəməyə gəlmək üçün pul tapmadıqlarını vurğulayan valideynlər çox vaxt borc aldıqlarını bildiriblər. Gəncə məhbuslarından birinin anası, digərinin isə atası ayaqlarındakı cırıq ayaqqabıları çıxarıb göstərərək, hətta yeməyə çörək tapmadıqlarını deyiblər: “Allah bizi bu vəziyyətə salanların bəlasını versin! Cinayətkar bizim balalarımız deyil. Onların əvəzinə Elmar Vəliyevi tutub ora qoymaq lazımdır, Gəncəni zəlil günə qoydu. Orxan Babayevi (Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi) biz bağışlasaq da, Allah bağışlamayacaq. Sübut göstərin, video göstərin, harda bizim uşaqlarımız polisi vurub? Polis bizim uşaqlarımıza işgəncə verib”.

Vəkil Zabil Qəhrəmanov bildirib ki, hüquqlarını müdafiə etdiyi Orxan Yağnəliyev həbs olunarkən əvvəlcə onun haqqında inzibati xəta protokolu tərtib edib, məhkəmənin qərarıyla inzibati həbs cəzası veriblər. Sonra isə haqqında cinayət işi başlayıblar. Vəkilin sözlərinə görə, O.Yağdəliyevin inzibati qaydada cəzalandırılmasına dair məhkəmə qərarı iş materiallarında yoxdur.

Vəkil O.Yağnəliyevin əvvəlcə şahid, daha sonra şübhəli şəxs qismində verdiyi ifadələrin elan olunmasını istəyib. Şahid qismində ifadəsində bildirir ki, aksiyada iştirak etməyib, dayısı oğlu Vüqar Allahverdiyevlə yas yerindən çıxıb “Gəncə” otelinin qarşısıyla gedərkən onları polislər saxlayıb, polis idarəsinə aparıb.

Gəncə Apelyasiya Məhkəməsi

Şübhəli şəxs qismində ifadəsində isə aksiyada iştirak etdiyini, hətta orada polislərə daş da atdığını göstərib.

Vəkil O.Yağnəliyevin dayısı oğlu V.Allahverdiyev haqqında da inzibati həbs qərarını məhkəməyə təqdim edərək, bildirib ki, bu da onların həmin gün birlikdə saxlandığını, müvəkkilinin bu barədə dediklərinin doğruluğunu təsdiqləyən sübutlardan biridir. Vəkilin sözlərinə görə, ittihamda O.Yağdəliyevin polisi təpiklə vurduğu yazılıb, ifadəsində isə daş atdığı bildirilir. Müdafiəçi əlavə edib ki, şahid qismində verdiyi ifadə ilə şübhəli şəxs qismindəki ifadə arasındakı fərq də O.Yağnəliyevin işgəncəyə məruz qalıb, iradəsinə zidd ifadəni təzyiq altında imzaladığını düşünməyə əsas verir.

Z.Qəhrəmanov onu da əlavə edib ki, bu cür qanun pozuntuları, günahsız adamların həbsi insanları dövlətdən narazı salır.

Təqsirləndirilən Tural Bayramovun vəkili Namiq Hacıyev hüquqlarını müdafiə etdiyi şəxsin vurduğu iddia olunan polislərin çağrılıb dindirilməsini istəyib.

Digər vəkillər isə təqsirləndirilən şəxslərə ümumi şəkildə polisə xəsarət yetirməklə bağlı ittiham verildiyini, amma həmin polislərin kimliyinin araşdırılmadığını söyləyiblər.

Məhkəmə prosesi avqustun 1-də davam edəcək.

Bu qrupda təqsirləndirilən 11 nəfər bunlardır – Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Araz Həsənov, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Seymur Əliyev və Vaqif Əşrəfov.

A.Həsənov və V.Əşrəfova 7 il 6 ay, R.Həsənov, T.Bayranov, N.Əkbərov, T.Verdiyev və S.Əliyevə 8 il, Ş.Rzayev, K.Məhərrəmov, O.Yağnəliyev və V.Əşrəfova 8 il 6 ay, M.hacıyevə isə 9 il azadlıqdan məhrumetmə cəzası verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button