Gəncə sakini Elmar Vəliyevin yalanlarını darmadağın etdi: “Mənim havadarım prezident İlham Əliyevdir”-VİDEO

Gəncənin icra başçısı “Xural”ı niyə hədəf götürüb?!

Gəncə şəhər icra hakimiyyətinin mətbuat üçün açıqlaması yayılıb. AzVision.az-a verilən açıqlamada son günlər ölkə mətbuatında Gəncə sakini Qalib Əhmədovun Elmar Vəliyev haqqında səsləndirdiyi ittihamlardan narahatçılıq bildirilib. Elmar Vəliyevin aparatı nədənsə “günah keçisi” kimi “Xural”ı çıxarmağa çalışıb və bizi hədəf götürüb. AzVision.az-a verilən açıqlama belədir:

Elmar Vəliyevin “Xural”ı hədəf alan açıqlaması

elmar veliyev

“Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən xəbərdə deyilir ki, həmin ailəyə hansı köməkliklərin olunması barədə dəfələrlə KİV-lərə açıqlamalar verilib: “Bir daha bildiririk ki, Əhmədov Qalib Hamlet oğlu 1967-ci ildə anadan olmuş, ali təhsillidir, ixtisasca tarix müəllimidir, ailəlidir, dörd övladı var. O, öz ixtisası üzrə işləməyib,1983-cü ildən 2003-cü ilədək keçmiş Yağ-Piy kombinatında tornaçı işləyib. Gəncə Şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 14 avqust 2015-ci il tarixdən Gəncə şəhər “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsində təsərrüfat müdiri vəzifəsində işlə təmin edilib”.

Qeyd olunub ki, Q.Əhmədov qardaşına məxsus Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, bina 32, mənzil 12-də qeydiyyatda olmaqla, Əhməd Cəmil küçəsi, 87 nömrəli ünvanda zəbt edilmiş torpaq sahəsində 62 kv.m ümumi sahəsi olan qeyri-qanuni fərdi yaşayış evi inşa etdirməklə yaşayıb: “ Şəhərdə həmin ərazidə aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar tikinti norma və qaydalarına cavab verməyən tikililər, o cümlədən Q.Əhmədova məxsus yaşayış evi də onun öz razılığı əsasında sökülüb. Aparılan danışıqların nəticəsinə görə o, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2015-ci il tarixli 763 nömrəli sərəncamı ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti, 239 nömrəli ünvanda yerləşən 4-cü girişin 3-cü mərtəbəsində yaşayış sahəsi 74,75 kv.m, ümumi sahəsi 100,0 kv.m, olan 4 otaqlı, təmirli, mənzillə təmin olunub.

Eyni zamanda Q.Əhəmədova Gəncə şəhəri, Kəpəz rayonu Fikrət Əmirov küçəsi 16 və 18 nömrəli yaşayış binalarının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 400,0 kv.m torpaq sahəsi ayrılıb və 10,0 min manat məbləğində vəsaitlə köməklik göstərilib. Hal-hazırda Q.Əhmədovun yaşadığı mənzil işıq, qaz və su ilə təmin edilir”.

Bildirilib ki, Q.Əhmədov dəfələrlə qızı Qalıbə Əhmədovanın dövlət qulluğunda hər hansı bir işlə təmin edilməsini xahiş edib: “ Lakin, onun qızına və eləcə də atasına dövlət qulluğuna qəbul qaydaları izah edilib. Qızı ilə heç bir əmək müqaviləsi bağlanmayıb və o, şəhər icra hakimiyyətində işləməyib. Bununla yanaşı, Q.Əhmədovun Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan Qalibə və Nərmin Qalib qızlarının illik təhsil haqqları (3000 azn) ödənilib”.

İH-dən veriləb xəbərdə deyilir ki, sifarişlə yanlış fikir formalaşdırmaq istəyən Q.Əhmədov və onun havadarları bu əməllərindən əl çəkməzlərsə qanun qarşısında cavab verməli olacaqlar.”

Elmar Vəliyev də, onun aparatı da yalan danışır

qalib

Bir neçə gün bundan əvvəl isə xural.com azfakt.com-a istinadən belə bir informasiya yaymışdı:
“Gəncə sakini evinin icra hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı dövlət başçısına müraciət edib.
Azfakt.com-un məlumatına görə, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 239 saylı yataqxananın 5-ci mənzilində məskunlaşmış Qalib Əhmədov müraciətində qeyd edib ki, Elmar Vəliyev 20 ildən artıq yaşadığı şəxsi evini 3 saat ərzində xüsusi amansızlıq və talançılıqla yerlə yeksan etdirib.
Şikayətçinin sözlərinə görə, evin söküntüsü zamanı 11 yaşlı qızı Almaz Əhmədovanın başına dam örtüyünün iri bir parçası düşdüyü üçün indi onun nitqində qüsur yaranıb: “Hadisə zamanı həyat yoldaşım Nairə Əhmədova ağır stress keçirib və hazırda yüksək qan təzyiqindən əziyyət çəkir”.
Şikayətçi Q.Əhmədov etdiyi müraciətlərin prezidentə yetişmədiyi üçün mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb:
“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mənim sadəlövhlüyümdən istifadə edərək, 19 yaşlı qızımı 6 ay icra hakimiyyətində iş düzələtmək adı ilə “girov” saxlayıb, amma heç bir işlə təmin etməyib. Sonradan məlum oldu ki, Elmar Vəliyevin qızımla bağlı çirkin niyyətləri olub. O, qızıma dövlət məmuruna yaraşmayan və burada yaza bilmədiyim təklifləri edib. Bundan sonra qızım bu təklifləri rədd edərək işə getməkdən imtina edib. Bu haqda Sizə və müxtəlif dövlət orqanlarına ünvanladığım ərizə və məktublarda geniş və əhatəli yazmışam”.
Q.Əhmədov bəyan edib ki, Elmar Vəliyev ailəsi üçün ciddi təhlükədir: “Ona görə də ailəmi qorumaq üçün Gəncədən gəlib Bakıya “sığınmalı” olmuşam. Hazırda qızım ciddi depressiyadadır və qorxuram ki, özünə qəsd edə. Ona görə də ailəmiz ciddi təlaş içindədir. Sizə olunan müraciətlərim cavabsız qaldıqca, nə edəcəyimi bilmirəm. Xahiş edirəm, köməklik göstərin. Əks təqdirdə məcbur qalıb özümü Prezident Administrasiyasının qarşısında yandıracağam”.

Elmar Vəliyev cavab verməlidir

almaz

Göründüyü kimi, Elmar Vəliyev də, həmkarlarımız da məsələni bir neçə baxımdan qarışdırıblar. Birincisi, informasiya “Xural” qəzetinin deyil. Xural.com informasiyanı azfakt.com-dan götürüb və ona istinadən yayıb. Gərək Elmar Vəliyevin işbilməz aparatı da, bizim bu informasiyanı yayan həmkarlarımız da buna diqqət edəydilər. Olsun, kimsədən qorxumuz yoxdur. İnformasiyanın sonunda Elmar Vəliyev kimi hədələyib bilmirik, amma onun məhkəmələrdə üzə adam durğuzub tutdurduğunu yaxşı bilirik. Bizi o yollarla qorxutmaq olmaz.
Gələk informasiyanın Qalib Əhmədovla bağlı olan hissəsinə. İnformasiyanın yayılmasından sonra çətinliklə də olsa Qalib Əhmədovu tapıb danışdıra bildik. Q.Əhmədov Elmar Vəliyevin açıqlamasından çox narahat olduğunu bildirdi və bunları dedi: “Gəncə şəhər icra hakimiyyətinin başçısının adından verilən açıqlamada deyilənlərin hamısını mən prezidentə müraciətimdə demişəm zatən. Doğrudan da, 14 avqust 2015-ci il tarixdən Gəncə şəhər “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsində təsərrüfat müdiri vəzifəsində işlə təmin edilmişəm və orada təxminən 1 il işləmişəm. 154 manat maaş almışam. Aramızdakı problemlər başlayanda da məni xəbər-ətərsiz işdən çıxardı. Təklif etdilər ki, öz ərizənlə işdən çıx, yazmadım.”
Evinin öz razılığı əsasında sökülməsinə gəlincə, Q.Əhmədov bununla bağlı redaksiyamıza 32 saniyəlik bir videorolik də göndərdi. “Öz razılığımla necə ola bilər ki, etirazımız hələ də davam edir. Bu videonu çəkən adam özü razılıq verə bilər? Evimi özümün razılığım olmadan söküblər və prosesi lentə alan qızıma zor tətbiq edərək, əlindən telefonu almağa cəhd ediblər. Yalan deyirlər. Mənə evimin sökülməsinin qarşılığında heç bir ev verməyiblər. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2015-ci il tarixli 763 nömrəli sərəncamı ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti, 239 nömrəli ünvanda yerləşən 4-cü girişin 3-cü mərtəbəsində yaşayış sahəsi 74,75 kv.m, ümumi sahəsi 100,0 kv.m olan 4 otaqlı, təmirli mənzil isə hansısa bir zavodun yataqxanasıdır. Şəhərin kənarında yerləşir. Orada qaçqın ailəsi məskunlaşmışdı, məni zorla onun yerinə aparıb yerləşdirdilər. Ev təmirsiz və baxımsız olub. Bayır qapısından başqa heç bir qapısı da yoxdur. Nə təmir olunubsa da özüm öz imkanlarımla etmişəm.
Ayrılan 400 kv.m torpaq sahəsinə gəlincə, bu torpaq sahəsi dörd tərəfdən binalarla əhatə olunub və orada mülk tikmək mümkün deyil. Orada yaşayan sakinlər etiraz edirlər. Heç fərdi ev tikmək üçün lazım olan icazəsi də yoxdur. Bu torpaq sahəsi orada yaşayan adamlarla üz-göz olmaqdan başqa bir şey deyil.
10 min manat məsələsinə gəlincə, bəli, o pulu Elmar Vəliyev mənə verib, amma sona qədər söküntüdə xəsarət alan ailə üzvlərimə yardım edəcəyi sözü də verilib. Qızımın başına şifer düşüb, indiyə qədər sağalmayan xəstəlik tutub. Həyat yoldaşım da elə. Sonra da böyük qızımın başına gətirdiyi oyunlar. Bu adam özünü nə zənn edir? 10 min manat söhbətini gündəmə gətirməklə məni şantajmı edir? Mənim iki ailə üzvümü xəstə edib bu adam.”

Elmar Vəliyev cəzalandırılmalıdır!

qalib1

Elmar Vəliyev mənim iki qızıma 3000 manat pul verməyib. Bir qızımın 1400 manat təhsil haqqının ödənilməsində yardımçı olub. Bu da sonradan məlum olub ki, özünün çirkin niyyətlərini həyata keçirmək üçün olub. Mənim qızıma ona görə yardım edib ki, sonradan əxlaqsız təkliflərini etsin. Elmar Vəliyevin bu iyrənc niyyətlərindən mənim xəbərim olmayıb. Mən bu haqda gündən-günə solan qızımın davranışlarının anası tərəfindən ortaya çıxarılmasından sonra öyrənmişəm. Qızım özündə olmayıb. Özünə dəfələrlə xəsarət yetirməyə cəhd edib.
Elmar Vəliyev bir tərəfdən mənim yanıma adamlarını göndərir, mənə susmağım müqabilində, bu işi açıb-ağartmamağım qarşılığında hər şey təklif edir, bir tərəfdən də hədə-qorxu gəlir. O, məni yaydığı bəyanatda haqqında yanlış fikir formalaşdırmaqda ittiham edir. Yanlış fikri onun özü özü haqqında formalaşdırır. Məni kiminsə havadarlığında iş görməkdə ittiham edir. Mən onun kimi ölkəni çapıb-talayan harın yaxınlarıma inanıb bu millətin balalarına əyri gözlə baxmıram. Mən Allahı, dini, imanı qarşıma alıb onlara həqarət etmirəm.

Mənim havadarım prezident İlham Əliyevdir

Mənim havadarım Elmar Vəliyevin tanımadığı və saya salmadığı cənab prezident İlham Əliyevdir. Kim mənim kimi haqqı tapdalanmış, Elmar Vəliyevin öz doğma şəhərindən qaçqın saldığı taleyə himayədarlıq edə bilər ki? Ona görə də mən prezidentə müraciət etmişəm və ondan cavab gözləyirəm. İndi bu ölkədə kim güclüdür, bu ölkəni kim idarə edir, Elmar Vəliyev onu görəcək.
Elmar Vəliyev hər şeyə cavab verir, amma qızım haqqında dediklərimdən yan keçir. Niyə mənim qızımı 6 ay orada girov saxlayıb? Niyə 6 ay işlədib, amma 1 manat belə maaş verməyib? Amma buna baxmayaraq, qızımı otağına çağırıb ona pul təklif edib? Necə olur ki, bütün bunları inkar edir Elmar Vəliyev? Cavab verməlidir…

“Xural” qəzeti Elmar Vəliyevi təmkinli olmağa çağırır!

Elmar Vəliyev bizi heç bir əsas olmadan hədəfə götürüb. Amma biz Gəncədə baş verən bütün hadisələrdən yazanda cənab başçının 050.211.xx.xx nömrəli mobil telefonuna dəfələrlə zəng edib onun münasibətini öyrənməyə çalışmışıq. Hər dəfəsində də Elmar Vəliyev mətbuata danışmaq istəmədiyini bildirib və cavab verməkdən imtina edib. İndi də eləcə.
Buradan Elmar Vəliyevə bir daha bəyan edirik. Gəncənin köməksiz sakini Qalib Əhmədovun səsləndirdiyi iddialarının cavablarını ver, zəhmət olmasa. Bu yazıda 2 qısa video yayınlayırıq. Amma Qalib Əhmədovun və ailəsinin qəzetimizə verdiyi irihəcmli müsahibələr var ki, onları da yayınlamağı düşünürük. Cavabınız olsa, onu da dərc edərik, narahat olmayın. Amma bizi şərləmək ağlınızın ucundan belə keçməsin. Biz bir dəfə sizin şərinizə düşmüşük.

Ötən küləkdən də Elmar Vəliyev məsuldur!

Qaldı sakinlərin həyati təhlükələrinə. Buradan bütün hüquq-mühafizə orqanlarına, prezident İlham Əliyevə qəzet olaraq biz də müraciət edirik. Elmar Vəliyev həqiqətən Qalib Əhmədov və ailəsi üçün təhlükədir. Və Elmar Vəliyevin də bunu bilməsini istəyirik. Bu ailənin yanından ötən küləkdən də məsuldur Elmar Vəliyev. Bizdən deməsi…
Bir şeyi də demədən keçə bilmədik: Allah adamın hər şeyini əlindən almazdan əvvəl onun ağlını alırmış.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button