”Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki…”

Deputatlar 55 manatdan yuxarı hədiyyənin parlamentə təhvil verilməsi ilə bağlı qanun dəyişikliyinə etiraz edib

“Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan-fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.

Bunu “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

O vurğulayıb ki, bəzən texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər:

“Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur.. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq, Konstitusiyaya salındı ki, deputat özü şəxsən səs verməlidir. Kimsə texniki işçiyə arxayın olub parlamentin iclasında iştirak etməyib şəxsi işi ilə məşğul olursa, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır. Statusumuza uyğun olaraq bu qanuna dəyişikliyi müdafiə etməliyik”.

“Hər kəs özün cavabdehdir”

Deputat İlham Əliyev Ç.Qənizadəyə cavab olaraq deyib ki, hər kəs özünə cavabdehdir:

“Deputat plenar iclasın birinci hissəsində qeydiyyatdan keçərək iştirak edir, ikinci hissədə üzrlü səbəbdən iştirak edə bilmirsə, bunu Milli Məclisə necə bildirməlidir? Bəzən elə olur ki, tədbirlərə dəvət oluruq, bu tədbirlər də adətən günün ikinci hissəsində olur. Kimin ikinci hissədə harada iştirak etməsinin kiməsə aidiyyatı yoxdur. Hər bir deputat özünə cavabdehdir”.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Milli Məclisin deputatı Siyavuş Novruzov da deyib ki, deputatların etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların plenar iclaslar zamanı günün ikinci yarısında iştirak etməməsi ilə bağlıdır:

“Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malik deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir”.

Oqtay Əsədov: “Yuxarıdan hər kəs yaxşı görünür”

 

Parlamentin sədri Oqtay Əsədov deyib ki, yuxarıdan hər kəsi yaxşı görür:

“Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı… Hər bir deputat iclasda iştirak etməlidir. Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticə olmur. Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.

“Azərbaycan dilini bilmirsə, gəlib burada oturmasın”

Qanun layihəsinin müzakirələrində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S. Novruzov söyləyib ki, dil məsələsi Milli Məclisin Daxili Nizamnaməsində göstərilib:

“Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir. Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və 8-i gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdır. Qalan insanları buna məcbur etmək olmaz”.

Spiker Oqtay Əsədov
Spiker Oqtay Əsədov

Spiker Oqtay Əsədov deputatın dillə bağlı qaldırdığı məsələyə toxunub:

“Kimliyindən asılı olmayaraq, Azərbaycan dilini bilib gəlib parlamentdə oturmalıdır. Kim Azərbaycan dilini bilmirsə, gəlib burada oturmasın”.

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunun 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz.

Hədiyyə məbləği kifayət qədər azdır

S. Novruzov deputatların hədiyyə məsələsinə gəlincə, söyləyib ki, bu məsələ ABŞ-da və digər ölkələrdə də movcuddur:

“Burada söhbət hansısa nümayəndənin verdiyi hədiyyədən gedir. ABŞ-da deputat 300 dollardan aşağı verilən hədiyyəni evinə apara bilər. Əgər 300 dollardan yuxarıdırsa, o parlamentdə qalmalıdır. Biz bunu müəyyənləşdirəndə o zaman manatla avro eyni idi. Həmin dövrdə 50 manat 70 avro idi. Amma bu gün 35 avrodur. Daxili səbəblərimizdən asılı olmayaraq, bu 1 avro da ola bilər. Bu baxımdan buna düzəliş edilməlidir”.

Deputat Əflatun Amaşov da hesab edir ki, bu məbləğ kifayət qədər azdır:

“Çünki başqa ölkələrdə bu rəqəm daha böyükdür. Biz gərək “Korrupsiya haqqında” qanunda bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq”.

Əflatun Amaşov fotolar Azərtac
Əflatun Amaşov fotolar Azərtac

Deputat deyib ki, heç bir millət vəkili səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir:

“Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, o, iclas zalında həbs olunur. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etməsə, onu çox ağır cəza gözləyir”.

Əflatun Amaşov deputatların gəlir deklorasiyası haqqında qanunun qəbul edilməsini təklif edib:

“Hesab edirəm ki, qanun layihəsini hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button