Gənc prezident Fürer, yoxsa Lui-Filipp olacaq?

Əvəz Zeynallı

İlham Əliyev-50

 Adolf Hitlerin 54 yaşı tamam olanda, Almaniya İkinci Dünya Müharibəsində dünyanı viran qoyurdu. Kürreyi-ərzin bu dağıdıcı müharibəsində milyonlarla insan əsir düşərgələrində saxlanılırdı. Onların heç bir hüququ yox idi. Əsirlərin başlarının tükündən döşəklər hazırlayır, insanları sobalarda yandıır, yağlarından sabun, sümüklərindən tarlalar üçün kübrə istehsal edirdilər. İnsanlıq belə vəhşət görməmişdi. Bax, o həzin və həyəcan dolu günlərdə alman faşizminin qan qoxuyan Fürerinin 54 yaşı tamam olurdu. Komandanları Füreri təbrik etmək üçün çox düşünmədilər. Rejimin xarakteri idi – Fürerlərinin bundan şad olacağını bilirdilər. Onlar saysız-hesabsız əsir düşərgələrində 54 məhbus güllələdilər. Hamıya da elan etdilər. Hər əsir düşərgəsində Fürerin 54 yaşının tamam olması münasibətilə 54 əsir məhbus güllələndi. Hələ bunu onlara bir minnət kimi qoydular. Fürerin uğrunda, onun ad gününə hədiyyə olaraq seçilmək də faşist zehniyyətində bir ayrıcalıq idi. Yox. Bizdə o şərait yoxdur. Heç kim öz prezidentinə onun 50 yaşının tamam olması münasibətilə 50 baş hədiyyə edə bilməz. Amma inanıram ki, Süleyman Nemətov kimi millət düşmənləri bunu da edərlər. Təki onlara bir «malades» desinlər. Bizdə bir Eldar Əzizov nümunəsi də var. Hər il prezidentin şərəfinə bişirilən tortun çəkisini bir ton artırır. Camaatdan pul yığıb, prezidentə şirin görünmək əməliyyatını aparır. Yəqin bu il daha çox canfəşanlıq edərlər.Ombudsman da bir neçə adı siyahıya qoşub əfv üçün müraciət edib. Amma insan hüquqları üçün yox, onun 50 illiyində 50-ci əfv siyahısı olduğu üçün imzalanacaq. Bu da 50 illiyə bir hədiyyə.
Qorxuram Fürerin ad günü hədiyyəsindən həvəslənən rejim nökərləri yarışa və bəhsə-bəhsə girələr. Məsələn, Ramil Usubov 50 illiyə 50 polisi işsiz qoya bilər. Rektorlar 50 illik münasibətilə 50 yaxnı və nümunəvi tələbəni ali məktəblərdən qova bilər. Hər icra hakimiyyəti 50 illik yubiley münasibətilə 50 ailənin evini başına uçura bilər. Hər nazir 50 illiyə 50 milyon manat rüşvət ödəyə bilər. Siyahını çox uzatmaq olar. Və… əslində yazdıqlarımızla İkinci dünya Müharibəsinin şərtləri arasında çox fərq var. Sadəcə zehniyyət o zehniyyətdir. Faşizan və anti-insani…

Lui-Filipp nümunəsi

Mən iki ayağımı bir başmağa dirəyib İlham Əliyevin Fürerlə müqayisəsini aparmaq istəmirəm. Sadəcə bir-iki hadisənin müqayisəsini apardım. Belə müqayisələri çox aparmışam. Bunu diqqətli oxucular da xatırlayır. Məsələn, bir Atatürk nümunəsi də var. Atatürk Türkiyəni quranda mütəmadi öz iqamətgahında yemək masaları təşkil edər, müəyyən sahə ilə bağlı mütəxəssisləri, hətta bir-birinə müxalif olanları dəvət edər, müzakirələr aparar və nəticəni Türkiyənin həyatına tətbiq edərdi. O modern Türkiyəni belə qurdu – müzakirələrlə. Məsələn, bir Məhəmməd peyğəmbər nümunəsi var. O ən önəmli işlərdə əshabını yığar, onların müzakirəsini təşkil edər, əgər vəhy yoxdursa, ümumi qərarla qəbul olunan işləri icra edərdi.
Gənc, perspektivli prezidentimizi çox yüklədiyimin fərqindəyəm. Əminəm ki, nə onda Atatürk və Məhəmməd səbri var, nə də ətrafı ənsar və mücahidlər kimi namuslu və dürüst insanlardır. Ancaq idarə olunan dövlət olduğu üçün yazdıqlarımızın cənaba birbaşa dəxli olmalıdır. Axı, onun idarə etdiyinin də adı dövlətdir, nə qədər gülməli çıxsa da…
Fransanın ağır və təlatümlü vaxtlarında cəmi bir neçə yüz səslə Kral elan olunan Lui-Filipp də maraqlı nümunədir, bizim gənc və perspektivli prezidentimiz üçün… Düzdür bizim «bəxtsiz cavan»ın oxumaqla, mütaliə etməklə arası o qədər olmasa da, hər halda öyrənmək üçün biz bütün cəhdlərimizi etməliyik.
Lui-Filipp Avropa diplomatiyasının gərginliyinin arasında qan və inqilab qoxuyan Parisdəki iqamətgahında hər axşam tək qalanda iş masasının üzərində qalaqlanan məhkəmə işlərini araşdırırmış və heyrət bir şey, hər gün təxminən 5-6 adamın günahsızlığını sübut edib, insanların hüquqlarını qoruyurmuş. Bir gecə xidmətçisi onun «Ah… Bu gün də 8 kəllə qurtardım» dediyinin şahidi olmuşdu. Hə, qoca Fransa kralı qudurğan prokurorlarına nifrət edirdi və hakimlərinin də insan kəllələrini Gilyotina göndərmək şakərlərinin olduğunu bilirdi. Ona görə də Lui-Filippin hakimiyyət dövründə Gilyotin demək olar ki, işlədilmədi.
Bizim möhtərəmin 50 illiyi qarşısında dünya da o qədər rəvan deyil. İnqilab düz ağzımızın içinə qədər gəlib. Seçim imkanları da çoxdur. Pulun var, imkanların var, gücün-qüdrətin zirvədə – amma xalqın yox! Ya Fürer olacaqsan, 50 yaşında 50 min hoqqadan çıxacaq yalançı və talançı komandan, ya Atatürk olacaqsan, müzakirə ilə dövlət quracaq, xalqının səsini eşidəcəksən, ya Məhəmməd peyğəmbər ədalətilə doğma qızını belə mirassız qoyacaqsan, ya da Lui-Filipp kimi hər gecə məhkəmə sənədlərini qarışdıracaqsan.

Dövlət idarə etmək asan deyil!
Ya idarə edəcəksən. Ya da yox!
İndi etmirsən!

Qoy son sözü oxucular desin…

Əlaqəli məqalələr

1 şərh

  1. sevgili dostlar,hepinize başarılar diliyorum.ancak şunu söylemek itiyorum.evez zeynallı ile ölene kadar beraberim.bana biraz müsade veriniz,izin veriniz ŞARJ OLUYUM.
    dr yahya taşdelen. ankara

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button