Gənclərlə qocalar arasında sülh olsun, olmasın?!

 Azad Yazarlar Ocağının (AYO) sədri Aqşin Yenisey “Xural” qəzetinə müsahibəsində onun əsas məqsədinin gənc yazıçılarla yaşlı nəsli barışdırmaq olduğunu demişdi. “Sözün açığı, mən istəyirdim ki, Azərbaycan ədəbi gəncliyi ilə qocaları barışdırım. Onlar arasında sülh müqaviləsinin imzalanmasını istəyirdim. Ancaq mən Kamal Abdullanın kitabının müzakirəsi zamanı bir daha gördüm ki, gənclər bu barışığa hazır deyillər. Bu istəməməkdən irəli gəlmir, sadəcə hazır deyildilər”.

Aqşin Yeniseyin mövqeyinə münasibət öyrənmək üçün gənc yazarlara müraciət etdik.

 Gənc şairə Nərmin Kamal bu məsələdə sədrlə razılaşmır. “Şitini-şorunu çıxarmamaq, Oxucuları bezdirməmək üçün həmin məsələyə bir də qayıdıb mətbuatda nəsə demək istəməzdim. Yalnız ürəyimdə AYO-nun kompromisə, “barışığa” meylli üzvlərinə, həmçinin bir çox şeirlərini əzbər bildiyim, Leş Əlisini və özünü çox sevdiyim Aqşinə ürəyimdə bir sözüm, bir ciddi qınağım var, onu kədərli şəkildə dilə gətirirəm: “Azad yazarın qeyri-azad yazarın yanında nə işi var?! Ki, hələ bir hamılıqla biz külfətini də yanına aparmağa çalışır.”

 AYO-nun üzvü, şairə  Sevinc Pərvanə Aqşin Yeniseyin barışıq missiyasını bəyəndiyini bildirdi. “Mən əslində Kamal Abdullanın kitabının təqdimatının keçirilməsinə qarşı deyildim. Sadəcə, bizdən xəbərsiz belə bir tədbirin keçirilməsinə qarşı idim. Qaldı yaşlı nəsillə barışıq məsələsinə, Aqşinin mövqeyini dəstəkləyirəm. Bir də ki, biz yaşlı nəsillə çox düşmən olmamışıq. Şəxsi münasibətlərimiz qaydasında olub. Bizim mübarizəmiz ədəbiyyat üzərində idi və düşünürəm ki, o mübarizə də artıq bitib. Bu gün artıq Kamal Abdullanın postmodernist əsərlər yazır, Anarın əsərlərində posmodern ünsürlər hiss olunur. Yəni bu barışıq çoxdan öz-özlüyündə bağlanıb. Bizim davamız şəxsi müstəvidə deyil, ədəbiyyat üzrə idi. Artıq biz qələbə qazanmışıq.”

 Kulis.az internet dərgisinin redaktoru Qan Tural da barışığın tərəfdarıdır. “Düzdür, mən özüm də vaxtilə Anar müəllimin əlehinə yazmışam. Artıq bunun dövrü keçib. Yaşlı nəsillə gənc nəsil barışı Azərbaycan ədəbiyyatına xeyir olacaq. Məncə Anar bəy gəncləri bir yerə yığmalı və barışıq əldə olunmalıdır.”

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button