Gecə klubundakı partlayışla bağlı məhkəmə istintaqı yekunlaşdı: 18 il həbs tələb olundu

Yayımlandı: 19 Sentyabr 2022 18:43

Prokuror təqsirləndirilən şəxslərə iş istədi

Aprelin 3-də gecə saat 3 radələrində Bakıdakı “Location” gecə klubunda insan tələfatıyla nəticələnən partlayışla bağlı məhkəmə istintaqı başa çatıb. Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu məhkəmə iclasında prokuror çıxış edib.

Prokuror təqsirləndirilən üç nəfərdən birinə – obyekti icarə əsasında işlədən “Merser food” MMC-nin administratoru Rəsul Rəsulova 7 il 6 ay, şirkətin rəsmi təsisçisi Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovun hər birinə isə 5 il 3 ay azadlıqdan məhrumetmə cəzası istəyib.

Adları çəkilən şəxslərdən ikisi həbsdə olsa da, FHN əməkdaşı Ruslan Məmmədov ev dustaqlığındadır. Prokuror onun məhkəmə zalından həbs olunmasını istəyib.

“Location”dakı partlayışa görə məhkəmə qarşısında dayananların heç biri özünü təqsirli bilmir. Məsələn, Orxan Səfərov deyir ki, rəsmi sənədlərdə adı “Merser food” MMC-nin həmtəsisçisi kimi getsə də, bu, formal xarakter daşıyıb, reallıqda isə gecə klubuna aidiyyəti olmayıb. Onun sözlərinə görə, cəmi bir dəfə gündüz saatlarında sözügedən obyektdə olub:

“Şirkəti 2018-ci ildə İsrail və Ayxan təsis edilib. Mən İsrail Usubovla dost olmuşam. Pandemiyadan sonra Ayxanla İsrailin münasibətləri pisləşdi, onların ortaq işi də ayrıldı. İsrail mənə etibar edirdi deyə, bundan sonra şirkətin Ayxana məxsus olan 50 faizini mənim adıma keçirdi. Mənim adım sənədlərdə getsə də, faktiki bu işi icra eləməmişəm, idarəçi olmamişam. Lazım olanda şirkətin hüquqşünası gətirib sənədləri, mən də imzalamışam. Orada olanlardan mənim xəbərim olmayıb. Amma nədənsə, partlayış olandan sonra məni təqsirli biliblər”.

FHN əməkdaşı bildirib ki, gecə klubunun yerləşdiyi əraziyə hadisədən 1 ay öncə təyin edilib. Hadisə baş verəndə “Location” klubunun orada fəaliyyət göstərməsi heç bir ay deyildi. FHN əməkdaşı deyir ki, o müddətdə klubun VÖEN-i olmadığına görə obyektdə yoxlama aparmayıblar.

Ruslan Məmmədovun sözlərinə görə, o, gecə baş vermiş partlayışdan səhər xəbər tutub. Hadisə yerinə keçirilən baxışda da iştirak etməyib.

Prokurordan sonra çıxış edən vəkillər də hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu vurğulayıb, onlar haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.

“Ruslan Məmmədov ancaq xüsusi icazə ilə yoxlama apara bilərdi. Onun həmin obyekti yoxlamağa ixtiyarı olmayıb”, – FHN əməkdaşının vəkili belə deyib.

Məhkəmə prosesi sentyabrın 26-da davam edəcək.

Hadisə aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində – Fəvvarələr meydanının yaxınlığında baş verib. Partlayış nəticəsində 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq belə nəticəyə gəlib ki, obyektin mətbəxində istinfadə olunan qaz balonunun partlaması nəticəsində hadisə baş verib. Ölənlərdən biri – 43 yaşlı Maya Axundova obyektdə aşpaz işləyib. O, elə hadisə yerində ölüb. Digər iki nəfər – Fərqanə Eynullayeva və Gülbala Abdullayev isə aprelin 6-da və 9-da xəstəxanada vəfat edib.

İş üzrə ümumilikdə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onların arasında “Bakı Lift Təmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. Həmin gecə o da klubda xəsarət alıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button