“General-leytenant” adı alan Ənvər Əfəndiyev kimdir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ə.Z.Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsinin verilməsi qərara alınır.

Ənvər Zəkəriyyə oğlu Əfəndiyev kimdir?

Azərbaycan ordusunun general-leytenantı, Birinci Qarabağ müharibəsinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Müdafiə Nazirinin müavini, Quru Qoşunları komandanı Ənvər Əfəndiyev 18 noyabr 1965-ci ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub. 1983-cü ilə qədər Qax rayonu Qaşqaçay kənd orta məktəbində təhsil alıb. Elə həmin il Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub. 1987-ci ildə hərbi təhsilini uğurla başa çatdıraraq Sovet Ordusunun tərkibində Kiyev hərbi dairəsində taqım komandiri vəzifəsinə təyinat alıb. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 1999–2000-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Akademiyasını bitirib.

1987–1989-cu illərdə Kiyev hərbi dairəsində taqım və bölük komandiri xidmət etdiyi müddətdə 1988-ci ildə üç aylıq müddətə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Çernobıl şəhərinə yollanıb. 1989–1992-ci illərdə Monqolustanda dislokasiya olunan Sovet qoşunlarının tərkibində bölük komandiri və taborun qərargah rəisinin müavini kimi xidmət edib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir.

Azərbaycan Ordusunda xidmətə başladığı ilk vaxtlardan etibarən Birinci Qarabağ müharibəsində Ağdam-Ağdərə istiqamətində tabor komandiri, alay komandirinin müavini kimi döyüşlərdə birbaşa iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır.

2000–2003-cü illərdə birləşmə komandiri, 2003–2005-ci illərdə Şəmkir Korpusu komandirinin Maddi-Texniki Təminat üzrə müavini, 2005–2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində rəis müavini, 2009–2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tabor komandiri, 2013–2015-ci illərdə Bərdə Korpusunun Qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2016-cı ildə baş vermiş Aprel döyüşlərindən sonra 24 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.

2015-ci ildən 2020-ci ilin iyun ayına qədər Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. 2020-ci ilin iyun ayından sentyabr ayına qədər Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmişdir.

İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusunun 6-cı (ehtiyat) ordu korpusunun komandiri kimi döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli sərəncamı ilə general-mayor Ənvər Əfəndiyev Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı təyin olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: General-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilsin.

Təltif olunduğu medallar
  • "Vətən uğrunda" medalı — 2020 “Vətən uğrunda” medalı
  • "Qubadlının azad olunmasına görə" medalı — 2021 “Qubadlının azad olunmasına görə” medalı
  • "Kəlbəcərin azad olunmasına görə" medalı — 2021 “Kəlbəcərin azad olunmasına görə” medalı
  • "Laçının azad olunmasına görə" medalı — 2021 “Laçının azad olunmasına görə” medalı
  • "Hərbi xidmətlərə görə" medalı — 2006 “Hərbi xidmətlərə görə” medalı
  • "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı
  • "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı
  • "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı
  • "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)” yubiley medalı
  • "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button