General Novruzəli Orucovun oğlu: “Hadisə sürücü məni söyəndən sonra baş verdi” – ƏLAVƏ OLUNUB

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ifadə verən Rüstəm Orucov hadisə barədə danışıb.

“Report”un xəbərinə görə, o deyib ki, axşam saat 8-9 radələridə “Əcəmi dairəsi”ndə tıxacda dayanıbmiş

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt yanında dayanan avtobus sürücüsü aramsız siqnal veririb: “Ona nə üçün belə siqnal verdiyini soruşdum. Mənə “korsanmı” dedi. Maşından düşüb onun nömrəsini istədim, vermədi. Maşına minib, pəncərəni aşağı endirdim. Sürücü mənə var-yox söyüşü söydü, ondan yenə nömrəsini istədim. Dedi “arxamca gəl, sənin başını kəsəcəm”. Arxasınca getdim. Sonuncu dayanacaqda gözlədim. Hər kəs maşından düşdü. Dispeçer yaxınlaşdı. Ona dedim ki, mənim var-yoxumu söyüb, üzr istəsin gedəcəm. Sürücü mənə əl edib, yanına çağırdı. Gedim, ondan niyə söyüş söydüyünü soruşdum. Mənə bildirdi ki, “söyüləsin adamsan”. Mən də onu vurdum. Sürücü yerə yıxıldı, oradan çıxıb getdim”.

O, ifadəsi zamanı digər təqsirləndirilən şəxslərin hadisə zamanı onun yanında olmadığını deyib: “Olar həmin zamanı hadisə yerindən keçdiklərini, mənim orada adam vurduğumu gördüklərini bildirdilər. Hadisədən əvvəl dostumuz əsgərlikdən gəlirdi, onu qarşılayıb, restoranda oturacaqdıq. Maşınımda tək olmuşam”.

Daha sonra digər təqsirləndirilən şəxslərin hər ikisi dindirilib. Onlar hadisə yerində olmadıqlarını qeyd ediblər. K.Vəliyev bildirib ki, hadisə barədə heç nə görməyiblər: “Biz Pərvizlə oradan keçəndə Rüstəmin maşınını orada gördük. Yaxınlaşanda Rüstəm avtomobilinə minib oradan uzaqlaşdı. Bizə hadisə yerində.olan şəxslər dedilər ki, Rüstəm sürücünü vurib getdi. Sürücünün ürəyi getmişdi. Su alıb gətirdim, onu ayıltdıq. Yerdən qalxan kimi, o, Rüstəmi söydü. Ona dedik ki, Rüstəmin valideyinlərinə söymə, söyürsənsə, özünə söy. Sonra çıxıb ərazidən getdik”.

P.Abbasovun sözlərinə görə, həmin vaxtı oradan keçiblər, R.Orucovu orada görüblər.

Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.

***

Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sənan Səmədovun məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra ötən məhkəmə iclasında R.Orucovun vəkili Kamandar Nəsibovun qaldırdığı vəsatətlə bağlı qərar elan olunub.

Qərara əsasən, məhkəmə qismən istintaqla aparılacaq.

Prosesdə təqsirləndirilən R.Orucov sərbəst ifadə verib. O bildirib ki, hadəsədən əvvəl sürücü Sənan Səmədov onu söyüb.

Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

Bu il yanvarın 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button