Generalla “sabrazim”

Mirzə Sakit

Dünən günorta ağzı Nərimanov metrosunun yanındakı parkın girəcəyində yerləşən Dursunun kafesində oturub hörtə-hörtlə çay içirdim. Sağ olsun Dursun kişini, çöldə firma palatkasından yaxşı çadır qurub. İçində də kondisionerdən tutmuş isitilik sisteminə qədər hər şey öz qayadasında. Künc tərəfdə əyləşmişdim. Qəzeti üzümə tutub şirin-şirin oxuyurdum ki, 55-60 yaşında tösmərək, saçı yuxarı vız daranmış bir kişi oturduğum masaya yaxınlaşıb, – burda oturmaq olarmı- dedi. “Buyurun, buyurun”, deyə mən də iltifat göstərdim. Üstəlik əlavə xərc olmasın deyə, çayçıdan boş bir stəkan istədim və həmin kişiyə dedim ki, a kişi, onsuz da bunun hamısını içə bilməyəcəyəm, süz iç. Kişi çayı süzəndə gözüm qəfil bunun üz cizgilərinə sataşdı. Xudavəndi-aləm, mən bu adamı harda görmüşəm? Ona çox diqqətlə baxdığımı görüb, üzündə saxta təbəssüm yaratdı. Ağzımı açıb demək istəyirdim ki, a kişi, mən səni harda görmüşəm, birdən yadıma düşdü. Ay daaad…ola bilməz. Yəni doğrudan da bu odur? Allah, Allah, bəlkə səhv salıram, amma bu boyda da yanlışlıq yapa bilmərəm axı. Bağışla – dedim – sən mənim ölmüşüm, sən daxili işlər naziri deyilsən? O da çox təəccüblə üzümə baxıb dedi:
– Hə, noluf ki, cinəyət-zad törətmişəm, bəyəm?
– Ayə, vallah, mən quruyub qalmışam. Sən hara, bura hara? Nə yaxşı belə axranasız-zadsız sərbəst şəkildə fırlanırsan?

Gözünü yumaraq qarnını tutub, uğundu getdi gülməkdən. Qənd şoğərib də boğazında qaldığından xeyli çəçiyəndən sonra dedi:
– A qardaş, mən kimdən qorunmalıyam ki? Maşallah, ölkəyə elə sabitlik divanı tutmuşuq ki, kim riskə gəlib, mıkk eləyə bilər əə?
Soruşdum bəs maşını harada saxlamısan, təhlükəsiz yerdədimi?
– Nə maşın, mən metroyla gəldim. Kartım da yox idi. Eləcə aparatın üstündən hoppanıb keçdim. Nəzarətçi arvad da dalımca o qədər deyindi ki, az qala eskalatordan yumbalanmışdım. Fikirləşdim ki, bəlkə elə bunu məni “verbovat” eləmək üçün qəsdən göndəriblər. Kim bilir, qıraq-bucaqda indi köhnə paltar geyinmiş nə qədər çekist fırlanır. Noolsun ki, Eldar Mahmudovla arası yoxdu. Bəlkə aralarındakı o çəkişmə görüntü yaratmaq üçündü. Hamısı bir-biri ilə cici-bacıdır. Xülasə, çayı içib qurtardıqdan sonra bu təklif elədi ki, gəlsənə, bir yemək yeyək. Dedim, canım üçün mənim cəmi 12 manatım var, 6 mantını xərcləyə bilərəm. Qayıtdı ki, ayə, məndə də 4 manatdı, bəs eliyər. “Sabrazim” elədik, pulu qoydu cibinə, dedi ki, qoy şotu mən verim. Razılaşıb dedim neynək, sən verərsən. Ofisiantı çağırıb iki şiş tikə, bir araq, salat sifariş etdik. Kabab gələnə qədər yüz-yüz süzdük. Haqq üçün deyim, arağı o süzdü. Sonra stəkanı qaldırıb prezidentin sağlığına içməyi təklif etdi. Dedim ay qağa, mən 6 manat pul qoymuşam, sən 4 manat, xeyir ola, prezidentin sağlığına içək? Elə şey yoxdu, nə mən deyən olsun, nə də sən deyən – içək, elə bunu Dursun kişinin sağlığına (Ürəyimə dammışdı ki, onsuz da axırda pulumuz çatmayacaq, borclu qalacağıq). Səni bir də haradan tapacağam, etibarsız şeylərsiz.

Əyilib qulağıma pıçıldadı:
– A kişi, sən deyən sağlıq olsun. Əmə qoy mən ucadan prezidentin sağlığını qeyd edim, ayə, bir “panyatkan” olsun dana.
Nəysə, arağı gillətdik Dursun kişinin sağlığına. İkinci stəkanı süzəndə baxdım ki, dostum uje hazırdı. Sən demə, bunun bərk içməkdə əli yox imiş. Hətta dəmləşdiyindən arada məni şantaj da eləmək istədi. Nəhayət, kabab da gəldi. Nimçədə 3 andrikod, qalanları isə elə-belə tikələr idi.. O dəqiqə andrikodun ikisini də birdən götürüb dişinə çəkmək istəyirdi ki, 6 manatı ona xatırlatdım. Kirimişcə birini qaytardı dala. Stəkanı götürüb qalxdı ayağa, istədi yenə sağlıq desin. Dedim alə, otur. Sağlığı bu dəfə mən deyəcəm. Dedim, “gəl bunu içək, haqsız yerə şərlənərək həbsə atılan kişilərin sağlığına.” Bunu demişdim, bundan bir hönkürtü çıxdı ki… Başladı nə başladı:
– Düz deyirsən qardaş, o adamları həbsə atanları Allah gec-tez lənətləyəcək. Kişiliyi olan adam haqqı deyəni şərləyib həbsə atmaz. Tfu o şəxsin vicdanına ki, o cüreyin kişilərə qarşı şərəfsizcəsinə hərəkət etdilər.

Bunu deyib ağlaya-ağlaya durub çıxıb getdi. Yaman kövrəlmişdim… o gedəndən sonra qəfil yadıma düşdü ki, ey dadi-bidad, sən demə, bu ağlamaq elə o on manata görə imiş ki, onu da özüylə apardı. Çayı da havayı içdi, yeməyi də havayı yedi, metroya da havayı girəcək. Kim bunlardan xeyir görüb ki…

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button