Gerçəyi harada axtarmalı?

Xaliq Bahadır

Doğrular yalançılara, düzlər əyrilərə yenilir…

Son 30 il boyunca ardıcıllıqla axtalanmış Azərbaycan jurnalistikası günümüzün başlıca olayına çevrilmiş bəlli “ailə faciəsi” ilə bağlı çoxluqla “qatil” dediyinə odaqlanmaqdadır.

Onların kollektiv düşüncəsinə görə, “qatil” birdir, təkdir, netdir. Bəlli çevrədən qırağa çıxmağa çalışanlar başlıca olaraq reyestr jurnalistikasından qıraqda olanlardır.

Necəliyindən, başvermə xarakterindən asılı olmayaraq istənilən  cinayəti doğuran nədənlər olur. O nədənlər isə yalnız cinayəti törədənin özüylə deyil, bəlkə özündən daha çox içində olduğu sosial-politik sistemlə bağlı olur. Burada da belədir. İndi böyük çoxluğun adına “qatil” dediyi təkbaşına “qatil” deyil, sözün gerçək anlamında kollektiv “qatil”dir. Bu baxımdan çoxluğun yalnız onu suçlaması, yalnız onda suç axtarması normal yanaşma sayıla bilməz. Belə yanaşma onu təkbaşına “suç keçisinə” çevirmək olardı. Sözsüz, hüquq praktikasına yetik olduğumuz bəlli qurumlar da onu “suç keçisinə” çevirmək yolunu tutacaqlar. İndiki sosial-politik sistem içində onlar istəsələr belə, çox uzağa gedə bilməzlər. Burada qısaca olaraq Tovuzda baş vermiş Nərmin olayını yada salmaq yetər. Orada bir sıra başqa cinayət faktlarında olduğu kimi, bilərəkdən-bilməyərəkdən yalançı, yarıtmaz soruşdurma sonucunda İlkin Süleymanov “suç keçisinə” çevrildi…

Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin görəvlisi olmuş polis polkovniki Hacı Məmmədov olayını anmamaq olmaz. Bir çox qanlı cinayət törətmiş H.Məmmədov məhkəmədə demişdi:

“Mən elə-belə cinayətkaram, osminoqlar bayırdadır”.

Nə oldu? Gerçək məhkəmə araşdırması yoluyla Hacının tanıdığı “osminoqları” tutub damlamaq olardı, ancaq məhkəmə araşdırması Hacıdan çox uzağa getmədi. Görünür, hansısa güclərə belə gərəkirdi…

İndi çoxunun “qatil” adlandırdığı Əhməd Əhmədov 15 yaşında ikən yaşıdlarından (hamı “həmyaşıd” yazır, türk dilində “yaşıd” sözü var, “həmyaşıd” yox) birini 30 kəz bıçaq vurmaqla öldürüb. Bircə bu fakt onun psixoloji durumu ilə bağlı yetərli bilgi deməkdi: ata-anası üçün də, yatdığı xəstəxananın doktorları üçün də. Burada ilkin, başlıca sorumlu onun pedaqoq anası ola bilərdi, sonra atası. Faktlardan göründüyü kimi, ata-ana ölkəmizdəki bir çoxu sayaq pulun gücünə aşırı inananlardan, aşırı güvənənlərdən olub. O inamla, o güvənlə də 15 yaşında elə vəhşicəsinə qanlı cinayət törətmiş oğulu öz bildikləri kimi ödülləndirmək yolu tutublar.

Saxta kağız-kuğuz düzəltməklə onu cinayət sorumluluğundan yayındırıb Rusiyaya ötürüblər. Onun orada daha hansı cinayətləri törədə biləcəyini düşünməyiblər, düşünmək istəməyiblər. Kim bilir, indi düzgün soruşdurma aparılsa, Rusiya ilə bağlı ortaya necə faktlar çıxar.

Sonra geriyə qaytarıb ona sürücülük kağızı, maşın alıblar- “taksavatlıq” üçün. Burasını da düşünməyiblər: o, maşına götürdüyü adamların başına nə oyunlar aça bilər. Ata-ana olaraq onlar Əhmədə sonadək yüksək qayğı göstəriblər, ancaq o qayğıda bircə başlıca, aparıcı element olub: PUL! Sahibkar ata da, pedaqoq ana da balaya qayğını yalnız pulda görüb.

Gerçəyə qalsa, bu gün təhsil başda olmaqla  dövlət yönətim sistemində pul-bazar qanunları bütün dəyərlərdən yüksəkdə dayanır. Aşağı-yuxarı bütün məktəblərdə başlıca dəyər ölçüsü puldur. Dövlət yönətiminin korrupsiyaya söykəndiyi bütün rejimlərdə bu bir qanunauyğunluqdur.

Korrupsiya törəməsi olan birisi bəlli bir korrupsiya tv-sinə (internet) çıxıb ölkədə “korrupsiya ilə çox güclü mübarizə aparıldığını” bildirir. Otuz ildir ölkədə “korrupsiya ilə çox güclü mübarizə aparılır” ancaq illərdən bəri korrupsiyanın başında duranların biri də tutulmayıb. “Korrupsiya” suçlaması ilə tutulan bir sıra  görəvlilər məhkəmə qərarıyla 8-12 arası iş almaqlarına baxmayaraq, çox keçmədən bağışlanıblar. Ən acınacaqlısı isə DÖVLƏT CİNAYƏTİ törətmiş MTN generalları ilə bağlı 8-12 illik məhkəmə qərarlarından sonra bağışlanma faktlarıdır. Üstəlik, onların cinayət yoluyla əldə etdikləri milyonlarla dəyərində var-yatır da “düzgün qazanc” adıyla özlərinə qaytarılır. Bütün bunlar isə istər-istəməz dövlət qurumlarında daha böyük, daha geniş qanunsuzluqlara yol açır. Başqa bir fakt da göstərmək olar. Covid dönəmində Zığdakı xəstəxana ilə Yeni klinikada rüşvət geniş yayılmışdı. Ölüm ayağında olan xəstələri 3 min, beş min arası pul almaqla götürür, sonra da ölüsünü qaytarırdılar. Sonradan baş həkimlər “korrupsioner” adıyla  tutuldu, hərəsinə 8-9 il iş verildi. Sonra da aradan az keçmiş… bağışlandılar! Niyə? Qanunçuluq harda qaldı?!

Beləcə, ortaya dövlət düzəyində çoxsaylı qanunsuzluq görsənişləri çıxır: hamı görür, hamı bilir, hamı da “öyrənir”. Aşağıdan yuxarıya qanunsuzluğun geniş yayıldığı, başqa sözlə, qanunsuzluğun qanuna çevrildiyi ortamda qanunsuzluq hamı üçün olmasa da, böyük bir çoxluq üçün ortaq dəyərə çevrilir. Belə görsənişə isə bazar dilində alver deyilir: al, ver, tərsinə desək, ver, al. Öyrəncilərin gərəkdiyindən qat-qat artıq olduğu siniflərdə pullu ata-analar uşaqlarının ön sıralarda oturması üçün məktəb direktoruna pul verirlər.

Məktəbdə ölü canlar saxlamaqla, ata-analardan çeşidli yollarla pul qoparmaqla yetərlənməyən məktəb direktoru “ön sıra” biznesinə əl atmaqla da, pul qazanır. Yüksək dövlət qurumlarında geniş yayılmış korrupsiya məktəbdən də yan keçmir, keçə bilməz. Başarana baş qurban” prinsipi yalnız yuxarılar üçün deyil, eləcə də aşağılar üçün keçərlidir: hamı bir-birinə baxır, hamı da bir-birindən daha varlı olmaq, daha yaxşı yaşamaq istəyir. Belə yerdə ən yaxşı köməkçi nədir? Sözsüz, qanunsuzluq!

Məktəb içində qanunçuluğu qorumalı olan məktəb direktoru varlandıqca varlanmaq, eləcə də görəvini illərlə qoruyub saxlamaq üçün qanunsuzluq sınırlarını durmadan genişləndirmək yolunu tutur. Özünə, uşaqlarına bacardıqca bahalı maşın, ev almaq, bahalı yaşamaq istəyi qanunsuzluq axarında sınırsızlıq qazanır. Bütün bunlara görə qorxacaq, çəkinəcək nəsə yoxdur: ta özündən yuxarıya gərəkənləri gərəkdiyi kimi edənədək. Səni yalnız üç ildə, beş ildə bir seçkilərlə bağlı sorğu-suala çəkə bilərlər, o da yalnız “karuseli” gərəkdiyi kimi qurub seçici aktivliyini aldığın tapşırığa uyğun yerinə yetirməsən…

Təhsil naziri Emin Əmrullayev deyir: “Azərbaycan dilindən imtahanda naksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir”. Belə də soruşulur: bir səhifəlik esse yaza bilməyən abituriyent ana dili imtahanından maksimum göstəricini necə əldə edib? Burası hamıya aydındır: ata-ananın pullu qayğısıyla.

“Finlandiyada nə üçün özəl məktəblər yoxdur?”- deyə soruşan jurnalistə Finlandiyanın təhsil naziri belə qarşılıq verir:

“Təhsil biznes deyil”. Azərbaycanda təhsil çoxdan biznesdir, özü də çox gəlirli biznes. Ancaq birilərinə gərəkli, xalqa gərəksiz biznes. Birilərini varlandıran, xalqı yoxsullaşdıran biznes.

Uluslararası Öyrənci Dəyərləndirmə Proqramının (PİSA) açıqlamasına görə, Azərbaycanda 15 yaşlı öyrəncilərin 69%-i ana dilində oxuduğunu yetərincə anlamır.

Belə görünür, biz anlaqsızlığın geniş yayılmaqda olduğu ölkədə yaşayırıq. Bəlli olduğu kimi, anlaqsızlıqla edilən cinayətə görə məhkəmə cəzası yoxdur.

Əhməd Əhmədovun etdiyindən – ata-anası, bacı-qardaşı qarışıq ailəni bütünlüklə öldürməyindən, demək olar, yazmayan qalmadı. Anlaşılandır: bu olduqca qorxunc qanlı faciə hamıda kəskin qıcıq doğurdu. Doğurmalıydı da, ancaq…

2017-ci ildə Azərbaycan ordusunda – mənim, sənin, bizim ordumuzda!- Aralarında albay (polkovnik) Saleh Qafarov olmaqla 12 orduçu suçsuz olaraq ağırdan ağır işgəncə altında öldürülüb. 2 minə yaxın əsgərimiz, zabitimiz yenə suçsuz olaraq ağırdan ağır işgəncələr altında ölümcül duruma salınıb, bir çoxu cinsiyət orqanına tok verilməklə soysuzlaşdırılıb. Aradan 7 il (yeddi il!) keçməsinə baxmayaraq, bütünlükdə TƏRTƏR SOYQIRIMI-TƏRTƏR TERRORU adlandırılan o qanlı, qorxunc olaylarla bağlı qanunçuluq- hüquq normativləri gerçəkləşdirilməyib. Bu isə bizim hamımız üçün, bütün ölkə üçün olduqca qorxulu görsənişdir: ölkə boyu yeni-yeni cinayətlərə yol açacaq, yol aça biləcək görsəniş!

44 günlük savaşdan uğurla çıxan, doğal qaynaqları aşıb-daşan ölkənin qarşısında xalqın varlanıb dirçəlməsi, güclənib yüksəlməsi baxımından çox böyük, geniş gəlişmə perspektivləri açılırdı. Uzun illər qanunçuluq, demokratiya istəyən topluma “bizim Qarabağ boyda problemimiz var” deyə-deyə xalqı, ölkəni soyub yağmalayan rejim 44 gündə 3 mindən artıq şəhid verən, 15 min qazi qazanan xalqı ən azı ovutmaq üçün qanunçuluq, demokratiya platformasına keçid yönündə azacıq da olsa tərpənişdə bulunmadı. Tərsinə, xalqın ağrı-acılarını daha da artırmaq üçün uğurlu savaş sonrası üzü yenicə gülməyə başlayan xalqı hızlı qiymət artımları, çoxsaylı cərimələrlə ağlar günə qoydu. Axı bir çağlar diktator Stalinin etdiyi kimi bunun tərsini də etmək olardı.

Sovet xalqı 41-45-ci il savaşında 30 milyona yaxın adam itirmişdi. Stalin çox acımasız bir diktator olmasına baxmayaraq, savaşdan böyük itkilərlə çıxmış xalqın tezliklə dirçəlib özünə gəlməsi, üzünün gülməsi üçün özünün qurduğu, başında durduğu ağır, əzici sistemdə az da olsa yumşalma yaratmış, qiymətləri isə ilbəil aşağı salmışdı. Xalqın say azlığına, doğal qaynaqların böyük çoxluğuna görə bizdə Stalinin etdiklərindən qat-qat artığını etmək olardı, ancaq ən azı da edilmədi. Nə edildisə xalqın daha pis yaşaması üçün edildi. Bu isə uğurlu savaş sonrası gözləntiləri boşa çıxan toplumda böyük düşkünlüyə, depressiyaya nədən oldu. Baxımsızlıq, dolanışıq dözülməzliyindən az bir arada yüzə yaxın qazi özünü öldürdü. Eləcə də işsizlik, işsizliyin doğurduğu dolanışıq dözülməzliyindən özünüöldürmələr geniş yayıldı. Belə bir ortamda kriminallaşmaya gətirən düşkünlüyün, psixoloji pozuntuların geniş yayılması gözlənilməz sayılmamalıdır, sayıla bilməz. Bunlar hamısı anti-demokratik yönətimdən qaynaqlanan qanunsuzluq, özbaşınalıq ortamının doğurduğu doğal görsənişlər, belə desək, qaçılmazlıqlardır. Ölkəni yoxluğa sürükləyən bu qorxunc qaramatdan qurtulmağın yolu indiki kimi xalqdan üz döndərməkdə deyil, yönətim sistemi olaraq xalqa üz çevirməkdə, xalqın qayğıları ilə yaşamaqdadır.

Planlı-sistemli təhsilsizləşdirmə, məktəbsizləşdirmə, kitabsızlaşdırma üzündən biz düşüncə darlığına sıxışdırılmış durumdayıq. Başqa bir yandan bizi çoxunun bugünədək böyük tapıntı kimi öydüyü, qloballaşdırma aracı (aləti) olaraq düşünülmüş test sistemi indiki duruma gətirib çıxardı. Təhsilsizləşdirmə ilə yanaşı test sistemi genəl düşüncəyə ayqırı olmaqla dərin analitikadan uzaq dar düşüncə modelinə üstünlük qazandırır. Üstəlik, gerçək analitik proqramlara yer olmayan, şou proqramlarla dolub-daşan televiziyalar da sözügedən model üzrə çox önəmli, etkili yardımçı rolunu oynayır. Sonuc nə olur: təki, bir ailənin, faciəsini görən toplum çoxu, minlərlə ailənin, bütünlükdə xalqın, dövlətin faciəsini görüb dəyərləndirə bilmir. Bununla da ölkə asta-asta dərin-dibsiz uçuruma yuvarlanır. Böyük çoxluq isə bunu anlamır, anlamadığından görmür, görmədiyindən sürüsayağı alışqanlıqla yoxluğa sürüklənir. Baş verənləri anlayıb görən, görüb göstərən azlıq isə tufanlı dənizdə qurtuluşa çalışan qayıqçı kimi eləcə çabalaya-çabalaya qalır.

Məscidin məktəbdən, mollanın müəllimdən üstün tutulduğu dövlətdə gerçək dövlət də, gerçək dövlətçilik də gec-tez gerçək anlamını-dəyərini itirməklə söyləncəyə çevrilir. Belə yerdə istər-istəməz yalan yenən, doğru yenilən olur. Başqa sözlə, doğrular yalançılara, düzlər əyrilərə yenilir. Ta, Füzuli demiş: “Göstərən saətdə dövrani-fələk bir inqilab…”.

İstəyənlərə ardını da gətirmək olar: “… Həm özü fani olur, həm ləşkəri, həm kişvəri”. (Bilməyənlər üçün: “ləşkər”- ordu, “kişvər”- ölkə deməkdir).

Toplam: gələcəyini bəlirləyəcək böyük faciələrinə səssiz qalan toplum balaca faciələrin girincinə, yesirinə çevrilər.

The post Gerçəyi harada axtarmalı? appeared first on MEYDAN.TV.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button