Gömrükdə monopolistlərin sabotajı var-FOTOFAKT

İş adamı gömrükdə baş verənlərin mahiyyətini açdı: “Qazancımdan çox, gömrük haqqı tələb edirlər!”
ramil huseynov
İş adamı Ramil Hüseynov
Büdcəyə az pul keçirmək üçüm maşınları qəsdən gecikdirir, gec açırlar!
Son günlər neftin qiymətlərinin düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyatı çətin günlərini yaşayır. İş yerləri bağlanır, bazarlar od tutub yanır, dövlət büdcəsinin kəsiri ciddi problemlər yaradır. Prezident İlham Əliyev və onun komandası böhrandan çıxmaq üçün bəzi islahatlara start veriblər. İş adamlarının durumlarını yaxşılaşdırmaq üçün xüsusilə, gömrük orqanlarında baş verən bürokratiya və rüşvətin qarşısını almağı qarşısına məqsəd qoyan ölkə rəhbərliyi bir-birinin ardınca fərman və sərəncamlar imzalayır. Güman var ki, bundan sonra iş adamlarının vəziyyətində irəliyə doğru bir dönüş yaransın.
Ancaq “sən saydığını say, gör Azərbaycan gömrükçüləri nə sayır! deyir Azərbaycan reallığı. Görünən odur ki, verilən əmr və tapşırıqlar əlaqədar qurumlarda qulaqardına vurulur. xural.com-a müraciət edən iş adamı, sahibkar Ramil Hüseynov başına açılan oyunlardan danışır. Ramil Qənimət oğlu Hüseynov kiçik bizneslə məşğuldur. Özünün dediyi kimi Azərbaycanda imkan verilməməsi səbəbindən Türkiyədən ölkəmizə mal vurur. Bunun üçün Türkiyəyə gedir və orada karqo şirkətləri ilə Bakıya mal göndərir. Hadisə də elə bu karqo şirkətlərinin özbaşınalıqları ilə bağlıdır.
Ramil Hüseynov xural.com-a göndərdiyi müraciətində deyir: “22.12.2015-ci ildə İstanbulda “Azkafkaz kargo” ilə Azərbaycana mal göndərmişəm. Mətbəx qapaqları. Kargo şirkəti ilə anlaşmamıza görə onlar bizdən hər 1 kq başına 1.2 dollar haqq alırlar. Gətirdiyim malın çəkisi 231 kq-dır. Belə anlaşdıq ki, İstanbuldan mal gələn kimi burada karqonun pulunu ödəyəcəyəm. 231 kq mal 277.2 dollar edirdi. Bundan sonra mal mənə Bakıda təslim olunmalı idi”.
Elə Ramilin başına iş də bundan sonra gəlir. Anlaşılan mal  1 yanvar 2016-cı ildən TIR parkına gətirilir və 19.01.2016-cı il tarixində TIR karqoçular tərəfindən gömrükdən keçirilir. Bundan sonra Ramil Hüseynovu 20.01.2016-cı ildə malını götürmək üçün karqoya dəvət edirlər. Karqoya yaxınlaşanda Ramil Hüseynovdan nə az, nə də çox, düz 1850 dollar (!!!) tələb edirlər. İş adamı buna etirazını bildirir və şikayət etmək istədiyini deyir. Ona “sabah gedərik dərdini gömrükdə deyərsən” deyirlər. “Mənim heç bir günahım yoxdur, mən malın pulunu və karqo haqqını tam ödəməyə hazıram, amma anlaşdığımız məbləğdə. Prezident hər gün iş adamlarının yolunun açılmasını tələb edir, gömrüyü azaldır, siz isə bizə zülüm edirsiniz, sizdən mətbuata şikayət edəcəyəm və bu məsələni ictimailəşdirəcəyəm” deyə gömrükçülərə iradını bildirir Ramil Hüseynov. Və çıxıb gəlir. Məsələnin ictimailəşdirilə biləcəyini eşidən məmurlar həmin günün axşamı sahibkara zəng edirlər və ona 1850 dollar yox, 1850 manat dediklərini bildirirlər. Amma Ramil Hüseynov buna da etiraz edir: “Mən kiçik sahibkaram. Bu malı normal gətirib satsaydım, cəmi 150 manat qazanacaqdım. İndi isə mənim bu malı heç karqodan götürməyə gücüm çatmır.”
Məsələ haqqında apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Ramil Hüseynov kimi sahibkarlar az deyil. Onlar çoxdurlar və gömrük orqanları əllərindən gələni edirlər ki, bu iş adamlarının işləri yavər getməsin. Məlum oldu ki, bu da gömrük monopolistlərinin maraqları daxilindədir. Bütün monopolist qüvvələr birləşiblər. Qəsdən malı əvvəlcə TIR parklarında, sonra da sərhəd keçid məntəqələrində gecikdirirlər. Bunun da səbəbi var. Aylıq haqq verəcəklər deyə, az maşın açmaq lazımdır ki, büdcəyə də az pul girsin və beləliklə, bunların haqlı olduğu meydana çıxsın. Bunlar qəsdən islahatlara qarşı çıxır, prezidentin verdiyi qərarları sabotaj edirlər.
Bütün hallarda, sahibkarların başına açılan oyunlar ibrətamizdir və inanırıq ki, əlaqədar orqanlar bu sabotajın qarşısını alacaqlar.
Mövzu diqqətimizdə olacaq.
ramilin qaimesi
ramilin qaimesi1
ramilin qaimesi2
Ödənilən pulları əks etdirən qaimələr
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button