Görək Gülərə neçə il verirlər…

Martın 11-də qəzetimizdə dərc edilmiş “General oğlu mitinqdə” adlı yazımda 10 mart aksiyasından danışmışdım. Yazmışdım ki, gənclərin “Əsgər ölümlərinə son!” şüarı ilə keçirdiyi etiraz aksiyası doğrudur və vicdanını itirməyən hər kəs bu etirazlara qoşulmalıdır.

Yazı bu cümlələrlə bitirdi: “…General oğlu Amil Beydullayevin də ”Əsgər ölümlərinə son!” aksiyasına çıxdığını eşitdim. Amma xəbəri dəqiqləşdirə bilmədim. Əgər belədirsə, çox düzgün eləyib. Əsgər ölümlərini vecinə də qoymayan generallardan biri Məmməd Beydullayevin oğlu da əsgər gedəcək axı. Həqiqəti bilmək, onun tərəfində indidən dayanmaq lazımdır…”

Bu yazıya Amilin bir neçə dostundan dərhal reaksiya gəldi. Onlar redaksiyamıza telefon açaraq, elektron poçtuma yazaraq Amilin həmin gün – martın 10-da ümumiyyətlə Bakıda olmadığını, Şabran rayonuna nənəsinin vəfatının ildönümünə getdiyini bildirdilər. Bir müəllif olaraq məndən də xəbərə dəqiqlik gətirməyimi xahiş etdilər. Təbii ki, insanlara inanmaq, bir də peşəkarlıq və qərəzsizlik prinsipinə riayət etmək borcumuzdur. Ona görə də qarşı tərəfi dinləyib onların fikrini artıq dəqiqləşdirdiyim fakt kimi yazıram: Amil o aksiyada olmayıb.
Amma gərək bir məqamı da deyək. Hər hansı aksiya sonda ölkənin, xalqın xeyrinədirsə, onun problemlərinin həllinə yönəlibsə, orada hamı – general oğlu da, nazir balası da iştirak edə bilər və etməlidir. Burada qorxmalı heç nə yoxdur…
Bu ölkəyə, bu xalqa küçə və meydanlardan qorxu yoxdur. Qorxmalı işlər küçə və meydanlarda deyil, kabinetlərdədir. Məsələn, məhkəmə zallarında, hakimlərin müşavirə otaqlarında, nazir-məmur kabinetlərində… Oralarda çox dəhşətli, iyrənc, təhlükəli şeylər olur. Sabitlik də oralarda pozulur, dövlətçiliyə, müstəqilliyə qarşı təxribatlar da oralarda törədilir, cinayətlər də oralarda işlənir, dövlətin bel sütunu da, vətəndaşların taleyi də oralarda sındırılıb xıncımlanır… Korrupsiya da oralardadır, rüşvət də, talan da, yalan da, yaltaqlıq da… Bir sözlə, Azərbaycan bu bərbəzəkli kabinetlərdə bədbəxt, şikəst, yazıq olur…
Uzağa getməyib adi və təzə bir misal deyim. Bakı Ağır Cinayətlər Məhkəməsi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya dünən 9 il həbs cəzası kəsdi. Əvəz bəy adam öldürməyib, körpü tikəndə, yol çəkəndə büdcənin on milyonlarını talamayıb, neft pullarını oğurlayıb xaricə daşımayıb, özünə xaricdə villa almayıb…
Əvəz bəy hazırda dələduzluq (əslində isə deputat mandatı satmaq, yəni dövlətin atributunu hərraca çıxarmaq) ittihamı ilə həbsdə olan keçmiş YAP-çı deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Əhmədova iddia edirdi ki, Əvəz bəy hansısa yazının dərc olunmaması üçün ondan rüşvət istəyirmiş. Fakt sübut olunmadı, bunun böhtan olduğu elə ilk günlərdə bilindi.
Amma Əvəz bəyi tutdular, çünki o, hakimiyyəti sərt tənqid edirdi. Elə bunun nəticəsi idi ki, baş redaktor tutulandan sonra daha bir neçə iri məmur (hamısı da eyni klanın üzvləri!) onun üzünə dirənib yeni ittihamlar irəli sürdülər. Ölkəni talayan dəstənin məqsəd aydın idi – sübut olunmayan böhtançı iddianı ayrıları ilə əvəz edib Əvəzdən o yazıların əvəzini çıxmaq. Çıxdılar da – 9 illə…
9 il… “Nu, poqodi!” qədər maraqlıdır. Əvəz bəy Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət) maddəsi ilə həbs edilmişdi. Həbsdən sonra onun barəsində bir-birinin ardınca 311.4 (hədə ilə pul tələb etmə), 306 (məhkəmə qərarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələrlə də cinayət işləri açıldı. Gülər Əhmədova baş redaktoru ondan 10 min manat rüşvət istəməklə şantaj etmişdi. 10 minə 9 il verdilər…
Amma elə dünən – Əvəz bəyə hökm oxunan gün 40 min manat rüşvət əlində ikən tutulmuş, evindən də daha 150 min çıxmış bir ali məktəb müəlliminə 3 il həbs verdilər.
İndi görək sabiq ABU rektoru Elşad Abdullayevdən sonuncunu deputat seçdirmək üçün 500 min dollar alıb daha 500 min dollar tələb eləyən Gülər Əhmədovaya neçə il həbs verəcəklər. Əhmədova CM-in 178.3.2 və 307.2-ci maddələri ilə ittiham olunur. O, 307.2-ci maddə ilə 2-5 min manat arasında cərimə ödəməli, ya da 3 ilədək həbs cəzası almalıdır, daha 9 il yox…
Amma mən heç 2 il həbs də gözləmirəm. Əhmədovanı bəlkə elə zaldanca buraxıb hələ üzr də istədilər. Axı o, bu pulu onu tutanlara aparmaq üçün alırdı…

Famil CƏFƏRLİ

“Yeni Musavat” qəzeti

13.03.2013

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button