Gorun çatlasın, Stalin!

Anormal gənclik və ya onlar televizora niyə baxmırlar?..

Hərdən dəliqanlılıq edib çayxanada gənclərin arasında otururam və hər zaman da oturmağıma peşiman oluram. Başa düşə bilmirəm ki, bu gənclik, bu dünya baxışı ilə hara gedir. Onları dinləyəndə adama elə gəlir ki, başqa bir plnetdədir. Elə şeylər danışırlar ki, adamın tükləri biz-biz durur.

O gün beşi yığışıb bir çaynik çayın başına, stəkanları ediblər mikrofon, ölkədəki iqtisadi-sosial problemləri müzakirə edirlər. Sən demə, çox işləyib az əmək haqqı alırlar. Onlara bir deyən yoxdur ki, maaşın azdır, gecə də işlə. Yox, hökümət işləmir, naftalin iyi verən nazirlər özlərinə işləyir. Guya ki, məmurlar rüşvət alır, büdcəni talayırlar (mən demirəm ha.., gənclər deyir). Biri isə hətta iddia edirdi ki, universitetlərdə rüşvət var. Ancaq korrupsiyaya qarşı mübarizə getdiyi üçün qiymətlər qalxıb. Digəri söylədi ki, hər yerdə belədir. Nə qədər ki, korrupsiyaya qarşı korrupsionerlər mübarizə aparacaq, belə də olacaq. Yazıq uşaq haradan bilsin ki, bu ölkədə yaxşı yaşamaq üçün ya korrupsioner olmalısan, ya da korrupsiyaya qarşı mübarizə aparmalısan. Bunu mən demədim ha.., deyəsən, yanımda əyləşən elə düşünürdü.

Daha nələr-nələr… Vallah, Stalin eşitsəydi, goru çatlardı. Ətrafda isə polislər rahat-rahat gəzişirlər. Biri onları dəyənəyin altına salmadı. Heç olmasa gözlərinə qaz da püləmədi ki, çox şey görməsinlər. Əgər bunu mən edəcəkdimsə, o zaman bunlar nə üçün maaş alır?

Danışırlar ki, işsiz qalmış, sosial təminat almayan gənc ailə başçıları uşaqların atıb, Rusiyaya iş dalınca qaçırlar və geri dönmürlər. Balaları da qalır yetim. Bir nəfər olsun işverən bunlara demədi ki; – Gedib, cəhənnəmə gedib. Əvvəla, Sosial Təminat Nazirliyinin işçiləri ilə dil tap. Altı aylıq bəri başdan… Dil tapa bilmirsən, Allahdan varam lap belə Afrikaya getsin. Orada da Nigeriya var.

Balalaları yetim qalıb, qalsın. Sağ olsunlar, Fondun hesabına beş-altı dənə də yetimxana tikdirərlər. Bu da yetim probleminin həlli. Yetim qoyduqları yetimlər də qarşılığında ömrü boyu bu iqtidara minnətçi olar.

Deyirlər, guya nazirlər məmləkəti öz aralarında bölüşdürüblər. Biri digərinin zonasına yaxın getmir. Gedəndə də təsadüfən silah açılır. Sonra danışdılar ki, guya hakimiyyətin PKK yönlü bir nümayəndəsi tez-tez İrəvana gedir. Ölkədə silahlı qoçu dəstəsi saxlayır. Vallah, elə şeylər danışdılar ki, mən Milli Təhlükəsizlik nazirinin yerinə əsəbiləşdim. Nə edə bilərdim ki? Və əgər mən edəcəmsə, o zaman cənab nazirin kabinetini verin mənə.

Bəli, bu gənclər danışır, mən də eşitməməyə çalışır və yanımda əyləşənin nə fikirləşdiyini bilməyə cəhd edirdim. O isə fikirləşirdi ki, gəncliyin ən böyük səhvi televizora baxmamaqdı. Əgər onlar televizora baxsaydılar, 2005-ci ilin noyabr ayında eşidərdilər ki, ölkə prezidenti nazirlərə dedi ki, «kabinetdə oturub öz işinizi görürsünüz və mən yaxşı bilirəm, kim nə iş görür. Heç kimə bir söz demirəm. Ancaq mənə qarşı gedənlərin axırı onlar ( Əli İnsanov, Fərhad Əliyev və başqaları) kimi olacaq.»

 

Əlövsət Qasımlı

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button