Göyçay müsavatçıları həbs edildi!

Hakimiyyət Müsavat Partiyasının yerli təşkilatlarına konfrans keçirməyə imkan vermir

 Dünən Müsavat Partiyası Göyçay rayon təşkilatının sədr müavini Neyman Əsgərov və partiya fəalı  Samir Abbaslı polis tərəfindən saxlanılıb. Bu barədə redaksiyamıza məlumatı S.Abbaslı verib. S.Abbaslının sözlərinə görə, dünən saat 11:30-da Göyçay şəhərinin mərkəzində bələdiyyə binası qarşısında N.Əsgərov polislər tərəfindən saxlanılaraq şöbəyə aparılıb: “Mən də polisin ardınca şöbəyə getdim. Şöbənin ikinci mərtəbəsində rəis müavini Əflatun Məmmədovla qarşılaşdıq. Onun göstərişi ilə məni də həbs etdilər. Təxminən bir saatdan sonra məni sərbəst buraxdılar. Neman bəy isə hələ də polis şöbəsindədir. Şöbənin qarşısına Müsavat Partiyasının fəalları toplaşıb. Biz dərhal Neman bəyin azad edilməsini tələb edirik”. S.Abbaslı N.Əsgərovun həbsinin səbəblərinə də aydınlıq gətirdi: “Daxili İşlər Nazirliyinin Neman bəyin guya polisə müqavimət göstərməsi barədə verdiyi açıqlama tamamilə yalandır. Neman bəy heç bir müqavimət göstərmədən polis maşınına əyləşib şöbəyə gedib. Həbsin əsas səbəbi sabah (bu gün-red) keçirilməsi nəzərdə tutulan rayon təşkilatının növbədənkənar konfransdır. Konfransda yeni sədrin və qurultay nümayəndələrinin seçilməsi nəzərdə tutulub. Eyni zamanda İctimai Palatanın yerli şöbəsinin yaradılması qərara alınmışdı. Biz 18 oktyabr bayramının da yüksək səviyyədə keçirilməsinə qərar vermişdik. Rayon təşkilatının konfransının keçirilməsi hakimiyyəti təşvişə salıb. Onlar Neman bəyin təşkilatçılıq etdiyini bilirdilər. Dəfələrlə Neman bəyə xəbərdarlıq edilmişdi ki, konfrans keçirilməsin. Üç gün bundan əvvəl isə Neman bəy polisə dəvət edilib. Orada ondan konfransın keçirilməməsi tələb edilmişdi. Neman bəy isə qanunsuz tələblərə etirazını bildirmişdi”. S.Abbaslı bizə konfransın keçiriləcəyini bildirdi: “İstənilən halda konfrans keçiriləcək. Hakimiyyət Göyçayda müxalifətin, xüsusən Müsavat Partiyasının aktivləşməsindən narahat olub. Onların narahatlığı da əbəs deyil. Çünki xalq bu hakimiyyəti sevmir və Müsavata acıq şəkildə rəğbətlərini bildirirlər”. Saat 11:30-da həbs edilən N.Əsgərov qəzetimiz çapa gedərkən də polis bölməsində idi. N.Əsgərov məhkəmə qərarı olmadan 12 saatdan artıq polis şöbəsində saxlanılmışdı.

 Əfqan

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button