Göyçayda: “Hər gün 5-6 saat elektrik enerjisi olmur”

Bəzi kəndlərdə sakinlər işığın olmamasından, köhnə xətlərdən əziyyət çəkir

Göyçay rayonunun bəzi kəndlərinə elektrik fasilələrlə verilir. Sakinlər deyir ki, bu hal son vaxtlar daha intensiv hal alıb. Onlar günlük elektirik enerjisi kəsintisinin fəsadlarından boğaza yığıldıqlarını deyirlər.

“Hər gün 5-6 saatlıq elektrik enerjisi yoxa çıxır. Çox vaxt da eyni saatlarda olur. Saat 10-da söndürürlər, günorta saat 3-ə qədər qalırıq işıqsız. Bəzən daha gec yanıdırırlar. Nə bir iş görmək olur, nə də işini planlaşdıra bilirsən. Azacıq yağış, yüngül meh belə kifayət edir ki, işığı sutkalıq kəssinlər”, – Ləkçıplaq kənd sakini Nərgiz İsmayılova belə deyir.

O, elektrikin hər gün niyə kəsildiyini bilmədiklərini söyləyir:

“Bunun qışı payız var. Onda lap dəhşət olur”.

55 kəndə malik Göyçay rayonunda əksər kəndlilər eyni durumu bütün fəsillərdə yaşayır. Qışda yağış, yaz və payızda külək elektrik enerjisinin kəsintisinə əsas səbəb kimi gətirilsə də, yayda da eyni hal baş verir. Bu dəfə səbəb heç kimə açıqlanmır.

Foto: Meydan TV

Sakinlər deyirlər ki, rayon mərkəzindən 25-30 km uzaq məsafədə yerləşən kəndlərdə durum daha bərbaddır. Onların sözlərinə görə, xüsusilə Ləkçıplaq, Alpoud, Bəydövül, İnçə, Qaraxıdır, Mırtı, Alıkənd, Şəkər, Veysəlli kimi ucqar kəndlərdə sovet dövründən qoyulan ağac elektrik dirəklərin, köhnəlmiş transfarmatorların və yamaqlı elektrik xətlərinin istismar müddəti bitib. Nəticədə bir balaca meh və yüngül yağıntı olan kimi yüksək gərginli xətlərdə qırılma, dolanma yaranır, ya da qəflətən illərdir yüklənən transformatorlarda qısa qapanma baş verir.

Alıkənd sakini Səbinə Salmanova deyir ki, güclü küləkdə elektrik dirəkləri aşır, elektrik xətləri ağaclara yaxın olduğundan tez qırılır, ya da yüngül toxunma belə elektrik enerjisinin kəsilməsinə səbəb olur. Bu isə insanlar və digər canlılar üçün real təhlükə mənbəyidir. Əyilən elektirik dirəklərinə qoyulan dəstəklər belə çürüyür.

“Etibar etmək olmur. Onun yanında uşaq, heyvan olanda “tok” vurur”

Səbinə Salmanova deyir ki, köhnəlmiş elektrik xətləri təhlükə mənbəyinə çevrilib. Çox vaxt xətlər ağaclara dəyir, qırılır, kiminsə həyətinə düşür:

“Həyətində heyvanı, ev quşu olan var. Belə bədbəxt hadisələr olub kəndlərdə, güclü yağışdan, küləkdən yamaq xətt qırılıb düşüb aşağı, uşağı, ya kimisə vurub. Neçə dəfə ağac dirəklər aşıb. Camaat özü düzəldir. Hamısı yol kənarında, məhəllə daxilində, yaxud kiminsə həyətindədir. Kustar üsullarla düzəldilir, etibar etmək olmur”.

Alıkənddən olan başqa sakinlər də eyni fikirdədir:

Foto: Meydan TV

“Belə olmaz axı. Xətlər, dirəklər dəyişməlidir. Transfarmotorlar köhnədir, yenilənməlidir ki, yüklənmə olmasın. Bir də görürsən aşmaq üzrə olan dirək, bir-birinə calanmış yamaq xətlər və üstü açıq transfarmotorlar yan-yanadır. Nəzarət olmasa, bədbəxt hadisə yaşanar”.

Səbinə Salmanova deyir ki, elektrik enerjisinin kəsintisi, fasilələrlə verilməsi kəndlərdə sakinləri özündən asılı duruma salıb. Xüsusilə yayda sakinlərin çox işi elektrik enerjisindən asılıdır. Qadınlar daha çox əziyyət çəkir. Çünki məişət qayğıları və günlük rutin işlər elektrik enerjisinə görə yarımçıq qalır, onları daha çox əziyyətə salır.

“Enerji də kəsiləndə həyətdəki ağaclardan kəsib ocaqda edirik işimizi. Bu da çətindir”

Sakinlərdən Aygün Əliyeva Meydan TV-yə danışır ki, çörəkdən tutmuş çaya qədər, soyuducudan tutmuş internetə qədər bütün işlər elektrik enerjisi hesabına əldə olunur:

“Elektrik enerjisindən asılıyıq. Çünki günədlik biş-düş, hazırlıq, məişətimiz ondan asılıdır. Yay oldu, qazı çox zəif verirlər, elə bil şam yanır.Heç bəzən vermirlər. Məcbur qalıb elektirik enerjisi ilə çay qoyuruq, nehrə edirik, yemək hazırlayırıq. Yaydır, həm yuyunmaq, həm paltar yumaq üçün tez-tez su isidirik. Su belə gəlmir, işığa bağlıdır. Məcburuq uzaqdan vedrə ilə lilli su gətirək. Hava çox isti olur, kondisioner, yaxud sərinkeş işləmir”.

Foto: Meydan TV

Aygün Əliyeva deyir ki, elektrik enerji kəsiləndə məcbur olub həyətdəki ağacları kəsir, ocaq qalayırlar:

“Bu da çətindir. Bu istidə niyə ocaq yandıraq? Ocaqla, odunla necə hər gün əlləşəsən? Elə bil bütün çətinliklər bizim üçündür. Heç bir səbəb olmadan işığın kəsintisi və hər gün təkrarlanması nə deməkdir axı?!”

Elə olub ki, iki gecə yağış düşüb deyə sutka ilə işığa həsrət qalmışıq”

Qaraxıdır kənd sakini Sevinc Xəlilova da eyni problemdən gileylidir. Deyir ki, dəfələrlə xəmiri əlində qalıb, yəni çörəyini bişirə bilməyib. Gecələri isə şam işığında keçirməli olub. Yayda soyuducunun işləməməsi ərzaqların da yararsız hala düşməsinə səbəb olur:

“Elə olub ki, iki gecə yağış düşüb deyə sutka ilə işığa həsrət qalmışıq. Son günlər hər gün söndürürlər. Qaraxırdakı enerji problemi 90-cu illəri xatırladır. Transformatorların təhlükəsizliyi yoxdur. 140 voltdur. O gün axşam xəmir yoğurmuşam ki, səhər durub çörək bişirəcəm, sabahısı işıq günortaya qədər söndu. Xəmir də çox acıdı, bişirilməyə yaramadı. Dəfələrlə özümün də, qonşularımın da başına gəlib, gəlir”.

Foto: Meydan TV

“Bəzi xətlər yamaqlıdır, ağaclar xətlərə toxunur deyə işıqlar da kəsilir. Müraciət etsən də, baxan olmur. Bu xətlər və dirəklər dəyişilməlidir. işıq sönən kimi internet də gedir. Olur günlərlə, saatlara qohum-əqrabadan, ailə üzvlərindən, ölkədən xəbər tuta bilmirsən, məlumatsız qalırsan”, – Sevinc Xəlilova gileylənir.

Hər transformator 60-70 evi əhatə edir”

Sakinlər deyir ki, 2015-ci ilə qədər bu problemin içində olublar. Həmin ildən etibarən tikilib istifadəyə verilən, Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsindəki stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək ümumi rayon tələbatının 25 faizini ödəməli idi. Hazırda həmin stansiyadan rayonun 16 kəndi elektirik enerjisi alır. Tez-tez stansiyada yaşanan texniki problemlər, həmin 16 kənddə özünü daha qabarıq göstərir.

Meydan TV əməkdaşı rayonun Alpoud, Bəydövül, Bığır, Ləkçıplaq, Çaxırlı, Qarabaqqal, Mırtı, Alıkənd kimi onlarla iri və ucqar kəndlərində sakinlərlə əlaqə saxlayaraq mövcud durumu araşdırıb. Məlum olub ki, bütün kəndlərdə günlük elektirik fasiləsi var və bu kəndlər və eləcə də digərlərinin elektirik xətlərində son illər hansısa təmir işləri həyata keçirilməyib. Hamısında da durum eynidir: çürük ağac dirəklər, yamaqlı xətlər və tez-tez kəsilən elektrik enerjisi.

Foto: Meydan TV

Alpout kənd bələdiyyəsinin sədri Əliheydər Rzayev bildirib ki, 3 minə yaxın əhalisi olan kəndin 5-6 transformatoru var ki, onlardan biri tamamilə sıradan çıxdığından kənddə tez-tez elektrik enerjisi ilə bağlı problem yaranırdı. İki aya yaxındır, yenisi istifadəyə verilib, amma o da yüklənmə çox olduğundan zəif işləyir. Nəticədə zəif işləyən transformator üzündən kənddə sakinlərin məişət avadanlıqlarına ziyan dəyir. Tez-tez elektirik xətlərində qıs qapanma olur ki, bu da qoşulu vəziyyətdə olan məişət avadanlıqların sırada çıxarır.

“Neçə soyuducu, televizor, kondisioner, paltaryuyan, elektrik sobası, kompyuter, su motoru və digər avadanlıqlar bu səbəbdən yararsız olub. İsti hava şəraitində soyuducuda nə varsa xarab olur”, – bələdiyyə sədri deyir.

Onun sözlərinə görə, hər transformator 60-70 evi əhatə edir ki, bu da azdır:

Foto: Meydan TV

“Gərək transformatorlar çox olsun ki, yüklənmə olmasın. Hə, buna görə narahatlıq var. Bu transformatorlar da çox yüklənir və gücü çatmır tam sutka işləməyə. Bu transformator, məsələn, 60 ailəni təmir edir, onu da tam edə bilmir. Bu da sakinlərin etirazına səbəb olur. Dəyişilsə, yaxşı olar. Yaxın 3 ildə dəyişiləcəyini deyiblər, ancaq hələ ki, başlanılmayıb. Yəqin nə vaxt vəsait ayrılar, onda da iş gedər. Xətlərdə də problem var, ağaclara yaxındır. Toxunan kimi elektirik enerjisi keçir. Ümumiyyətlə, problemin tam həllini tapması üçün hamısı dəyişilməlidir”.

“Elə ki, işə başlayıram, işin qızğın vaxtında işıqlar keçir, qalıram belə”

Problemdən yalnız qadınlar deyil, işi elektirik enerjisindən keçən kişilər də əziyyət çəkir. Xüsusilə ustalar və qaynaqçılar. Mırtı kənd sakini Fariz Musayev deyir ki, illərin ustasıdır. Elə ki, tikinti və təmirə başlayır, işıqlar kəsilir. Nəticədə onun da işi yarımçıq qalır. Beləcə günlərlə iş yubanır:

“İşin qızğın vaxtında işıqlar keçir, qalıram belə. Çünki çox vaxt “tok”a ehtiyac var. Gərək ıəvazimatları yonum, kəsim, rəndələyim, evlərə xətt çəkirəm, onu yoxlayım, məişət avadanlıqları söküb, düzəldib yoxlayım. Bunlara mütləq enerji lazımdır. Olmayanda işi yarımçıq saxlayıram. Həm işim yubanır, həm vaxtım gedir, həm də özüm əsəbi oluram. Neçə işim günlərlə işığa görə gecikib. İki-üç günə görəcəyim iş günlərlə gecikib. Üstəlik qoşulu olan avadanlıqlarım sıradan çıxıb”.

Təhlükəli transformatorlar

Kəndlərdə bir ciddi problem də əksər transformatorların hasarlanmaması və yol kənarında, məktəb ərazisinə yaxın yerlərdə qoyulmasıdır. Ləkçıplaq kənd sakinlərini də bu məsələ çox narahat edir. Kənd məktəbinin yaxınlığında yerləşən transformator əsas magistrala çox yaxındır. Bu da məktəblilər, nəqliyyatdan istifadə edənlər, eləcə də ərazidə tikilən obyektlər üçün təhlükəlidir.

“Ləkçıplaq çox böyük kəndir. İki məktəbi var. Bu məktəb əsas məktəbdir ki, yola çox yaxındır. Məktəbə şagirdlər transformatorun yanından gəlib keçirlər. Burda həm də əsas obyektlər yerləşir. İnsanların ən çox olduğu yerdir. Müraciətimizdən sonra yola yaxın transformatorun ətrafı hasarlanıb. İstəyirik ki, burdakı transformatorların hamısı hasarlansın, köhnələr yenilənsin və yol kənarındakılar, məktəbə yaxın olanın yeri dəyişdirilsin”, -deyə Ləkçıplaq kənd sakinlərindən biri bildirib.

Foto: Meydan TV

Sakinlər deyir ki, günlərlə işıqsız qalmaq neft-qaz ölkəsinə yaraşmaz. Səbəbsiz enerji kəsintisi ilə bağlı aidiyyəti quruma edilən müraciətlərə isə daha çox “müvvəqqəti çətinlikdir”, “kəndlərdə budama, təmir işləri gedir” yaxud da “enerjinin ödənişini etməyən sakinlərin xətləri kəsilir” kimi bəhanələrlə yola verilir. Kənd sakinləri deyirlər ki, aylıq 30-50, bəzən 70-80 manat civarında elektrik enerjisi sərf edirlər ki, onu da əksəriyyəti vaxtında ödəyir.

“Əks halda yubanma olduğu və borclanma limiti keçdiyi üçün ailə dərhal elektiriksiz qalır. Odur ki, bunlar aidiyyəti qurumun illərdir sakinlərə sıradığı yalanlardır”, – kəndlilərdən biri deyib.

Mən heç kimə hesabat vermirəm”

“Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Göyçay Elektrik Şəbəkəsinin rəisi Ruslan Məmmədov isə sakinlərin dediklərini rədd edir. Meydan TV-nin sorğusuna öncə “kəndlərdə heç zaman enerji kəsintisi faktı olmayıb” deyən rəis sonra problemi “müvəqqəti çətinlik” adlandırıb və sualdan əsəbləşib:

“Kəndlərdə 4-5 saatlıq elektrik enerjisi kəsintisi yoxdur. Ola bilməz. Daim işıqlar yanır. Məsələn, keçən həftə ərzində iki gün yanmadı, onu da xəbərdar etmişdik. Mırtı kəndində ağac budama işi gedirdi, ona görə. Müvəqqəti çətinlikdir. Mən heç kimə hesabat vermirəm. Deyirəm ki, heç bir işıq kəsintisi yoxdur. Heç kimin işığı kəsilmir, nə də enerji satılmır. Bizə də müsahibə verməyi qadağan ediblər. Enerji fasiləsi niyə olur, qurumun mətbuat katibi ilə əlaqə saxlayın, onlar açıqlama versin”.

Foto: Meydan TV

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu isə kəndlərdə elektrik enerjisi ilə bağlı problemin olduğunu etiraf etdi. Fasiləli enerji verilməsini isə kəndlərdə müəyyən işlərin aparılması ilə əlaqəndirib:

“Düzdür, əksər rayonların sovet dövründən qalma, 50-60-cı illər çəkilmiş elektrik dirəkləri, xətləri, transformatorları var. Bunu danmırıq, hər zaman da göstəririk. Bununla bağlı hətta, istirahət günləri də paylaşmışıq ki, belə bir problem var ölkədə. Bu uzun müddət tələb edir. Ancaq mərhələli şəkildə həll olunur. O ki qaldı harda problem var və hansı kəndlərdə nə vaxt işıqlar söndürülüb, hansı kəndlərdə bu sahə üzrə problem yaşayır, bunu yazılı şəkildə bizə yönləndirin, araşdıraq”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button