Göyçayda “Su və Rəng Harmoniyası” adlı rəsm sərgisi: “Qalereyasız çox çətindir”

Yayımlandı: 30 May 2024 11:58

Sərgi rəssamların öz təşəbbüsü ilə baş tutub

Göyçayda  rəssamlar “Su və Rəng  Harmoniyası” adlı növbəti qrup sərgisini keçiriblər.

Göyçay Gənclər Mərkəzində baş tutan sərgi rayon mədəniyyətinə töhfə vermək, sənətsevərləri rəssamlarla birgə görüşdürmək, təbiəti anlatmaq və rəssamların əl işini tanıtmaq məqsədlidir.

Artıq ikinci dəfədir ki, keçirilən qrup sərgidə 6 rəssamın birgə 90 əl işi nümayiş olunur. 

Onlar yenə öz təşəbbüsləri ilə bir araya gəliblər.

Rəssam pedaqoq Ehtiram Kərimov və onun tələbələrinin əl işlərinin yer aldığı sərgi bu dəfə sulu boya ilə işlənilməsinə görə diqqət çəkir.

Sərgidə nümayiş olunan 32 əl işi pedaqoqun özünə, digərləri isə tələbələrinə məxsusdur.

Rəssam-pedaqoq Meydan TV-yə deyir ki, nə qədər çətin olsa da, regionda rəsm qalereyası olana qədər sərgiləri davam etdirmək niyyətindədir:

Birinci qrup sərgimiz yağlı boya sərgisi idi. Belə qərara gəldik ki, böyük akvarel sulu boya sərgisi təşkil edək. 32 əsərimdən 20-si mənzərədir. Bir xeyli bu əsərlər üzərində zəhmət çəkdim. Sulu boyaları tapmaq və dəqiq işləmək çətindir. Zaman və vəsait tələb edir. Ancaq sənətə xidmət  zəhmət və fədakarlıq  istəyir.  Bakıda çalışan rəssam yetirmələrim də bu qrup sərgiyə məmnuniyyətlə qoşuldu və öz əsərlərini nümayiş etdirirlər. Əslində, niyə sulu boya ilə təqdimatı seçdik? Çünki təbiəti qorumaq və vətəndaşları  buna səsləmək, onların diqqətini buna cəlb etmək üçün bunu qərarlaşdırdıq. Rəsmlərdə günün bütün vaxtlarından  tutmuş fəsillərə qədər incəliklərə varmışıq”.

Təbiəti qoruyaq deyə bu dəfə tələblərimlə bir araya gəldik. Onlar daha çox məişət, portret, natürmor janrına üstünlük veriblər. İlk dəfə üçün məkan və təşkilatçılıq baxımdan çətin idi. İndi Gənclər Mərkəzi dəstək olsa da, yenə qalereya həsrətindəyik. Qalereyasız çox çətindir. Gətirmək, aparmaq, yerləşdirmək, mühafizə etmək, əsərə qiymət vermək. Daimi izləyicilərlə görüş və əsl sənət naminə qalereyanın  olması çox vacibdir. Əslində, sərgini ildə bir dəfə yox, bir neçə dəfə keçirməliyik”.

Region mühiti bu sənəti kölgədə qoyur, tanıtım imkanları məhduddur”

Rəsmlərə diqqət edəndə su və rəng harmoniyasının öz əksini rəssamların bütün əl işlərində incəliklərinə qədər tapdığının şahidi olursan. Hətta bəzi portretlərdəki süjetlər sanki izləyici ilə danışır.

17 əl işi ilə sərgiyə qatılan rəssam  Surə Mustafayevanın vermək istədiyi mesaj da bu idi. Onun əsərləri diqqət cəlb edənlərdəndir:

Gərgin işlədik. Ümumi sərgilərə qatılıram ki, rayonun mədəni həyatına və sənətimə yenilik olsun. Portret, natürmor və mənzərə janrında  idi rəsmlərim. Akvarel sulu boya olduğundan çalışdım ki, insanlara rənglərin ahəngini, uyğunluğunu, əlaqə və işlənmə  texnikası necə olmalıdır onu çatdırım. İnsanların da reaksiyasına baxanda o təəccübü hiss edirəm. Mövzunu rəssam rənglərlə tamaşaçıya çatdırmağı bacarmalıdır. İnsanlara bu sənəti sevdirmək, diqqət cəlb etmək və maraq oyatmaq üçün sərgiləri öz hesabımıza təşkil edirik, davam etdiririk”.

“Müasir dünya incəsənətinə maraq varkən niyə regionda sənətə maraq yaratmayaq? Düzdür, bu asan deyil, ancaq sərgilərin davamlı olması üçün əlavə dəstəyə ehtiyac var. Əlimdə 70-ə  yaxın əl işi var, könül istərdi ki, aparıb qalereyada nümayiş etdirək. Süjet əsərlərimin üstündə çox işləyirəm, Bakıda fərdi sərgimi keçirməyə hazırlaşıram, çünki tək regionla kifayətlənmək istəmirəm. Biz çox çalışsaq da, region mühiti bu sənəti kölgədə qoyur, tanıtım imkanları məhduddur. İçimdəki sənət sevgisi və potensialım daha geniş miqyasda və ölkə səviyyəsində işləməyə əsas verir” – deyən rəssam sərgini region məhdudiyyətindən paytaxta daşımaq niyyətindədir.

Asan deyil, amma istedad da mütləqdir”

Elə bir-bir rəsmlərin önündən gəlib keçən, diqqət kəsilən, rənglərin dili ilə rəsm süjetlərini anlamağa çalışan izləyicilərin də davamlı sərgiyə, incəsənətin inkişafına və onların sənət barədə məlumatlandırılmasına, mənəvi qidalanmasına ehtiyacları var.

Məsələn, gənc sənətsevər Suray Mirzəyeva  buna ümidlidir:

Bu mərkəzdə artıq ikinci sərgidir ki, iştirak edirəm. Əslində, qrup sərgi digər sərgilərin davamı kimi görsək də, bu dəfə çox fərqli rəsmlər yer alıb. İzləmək, rəsmləri anlamaq, rənglərin harmoniyasını, ifadə etdiyi məqamları dərk etmək özü bir düşüncə tələb edir. Bu tip sərgilər biz izləyicilərdə  bunu gəlişdirir. Birinci sərgidə portret janrı çox yer alsa da, ancaq bu sərgidə təbiət mənzərələri diqqətimi cəlb etdi. Rəng çalarları ilə bütün fəsilləri, bütün vaxtları yaxşı əlaqələndiriblər. Əslində sulu boya ilə bunları işləmək rəssam üçün nə qədər çətin olsa da, izləyiciyə maraqlı gəlir. Anlayırıq ki, bu heç də asan deyil, istedad isə mütləqdir”.

Sərgi üç gün davam edəcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button