Göygöldə yenidən nə qurulub və nə abadlaşdırılıb? -VIDEOREPORTAJ

GOYGOL 1Bu,məşhur Göygöl mahnısından bir fraqmentdir.

O Göygöl ki, gözəlliyilə adı dillərdə dastan olub. Göygölün bu gününü görmək üçün Vətənimizin bu misilsiz gözəlliyilə seçilən məkanına üz tutduq.

Həm də mətbuatdan bilirdik ki, bir neçə il əvvəl Göygöl rayonunda geniş miqyaslı abadlıq və quruculuq işlərinə başlanılıb. O da deyilmişdi ki, kompleks şəkildə həyata keçirilən tədbirlər çərçivəsində rayonun infrastrukturu yenidən qurulub.Yəni Göygölün içməli su və kanalizasiya xəttləri yenidən çəkilib, rayona su verilməsini təmin edən 25 kilometr uzunluğundakı borular da təzələnib.

Bu, Göygöl rayonunda son illərdə aparılan ən böyük tikinti-quruculuq işləri kimi təqdim olunub.

Nəhayət,Göygöl İstirahət Kompleksinin qapılarını açıq görüb, biz də ora yollandıq. Deyilənlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəyərləndirmək üçün Göygölü ziyarət etdik.

Yol boyu rastlaşdığımız hərbi maşınlar, hərbiçilər sərhəd postlarını xatırlatsa da, bunun zəruri olduğunu düşündük. Baxmayaraq ki, həmsöhbətimiz israrla burada rastlaşdığı qanunsuzluqlardan danışır və iddia edirdi ki, əslində mülki şəxlər olduqları halda bu adamlar hərbi geyimlərilə insanlar arasında xof yaratmağa çalışırlar. Kompleks Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olsa da, o adamların heç biri nazirliyin əməkdaşı deyillər və günlük qazanc hesabına çalışırlar.

Əslində abadlıq işlərinin hansı səviyyədə aparıldığını biz də yavaş-yavaş hiss etməyə başladıq. Dolanbaclarla yüksəkliyə qalxdıqca, avtomobilin sürəkli bizi atıb-tutması, abadlıq işlərinin yollara aid olmamasından xəbər verirdi. Çala-çuxur, asfaltı dağılmış bu yollar ilk xəyal düşüklüyümüzə səbəb oldu.

Göygöl postuna yaxınlaşandan sonra isə, gözləmədiyimiz mənzərə ilə üzləşdik. Vətənimizin bu dilbər guşəsini ziyarət etmək üçün sən demə hər Azərbaycan vətəndaşı adambaşına 2 manat ödəməliymiş. Hərçənd ki, bizdən əvvəl buranı ziyarət edən media nümayəndələri hər maşın üçün parking qiymətinin 2 manat olduğunu söyləyərək, ictimaiyyətə yalan məlumat vermişdilər.

Maraqlıdır ki, biletlər tələb olunduqdan sonra, bizə candərdi olaraq təqdim edildi. Daha sonra öyrəndik ki, ziyarətçilərin bir çoxuna ödəniş aparmalarına baxmayaraq, ümumiyyətlə bilet verilməyib.

Nəhayət, hər vətəndaşımız üçün 2 manatlıq bilet alandan sonra maşınımızı daha 100 metr irəlilətdik. Qarşımızı kəsən hərbi geyimli mülki şəxslər avtomobillərin xüsusi dayanacaqda saxlanılmalı olduğunu və hər maşın üçün daha 50 qəpik ödəməli olduğumuzu bildirdilər. Bu dəfə də ödəniş kağızını almaq üçün xatırlatma verdik.

Aldığımız ödəniş kağızı, biz Göygölü tərk edərkən əlimizdən alındı və digər maşının sürücüsünə təqdim olundu. Kiçik bir müşahidəmiz burada hansısa bir şəkildə “al-ver” getdiyini göstərdi.

Ərazidə olduğumuz müddətdə ziyarətə gələn yüzlərlə maşından və vətəndaşdan tutulan haqqın tam hesabıyla qeydiyyata alınmadığını, hətta kiçik marketlərdən tələb olunan kassa aparatının burada işləmədiyini gördük.

Dayanacaqdan sonra vətəndaşlardan daha 300 metr yüksəkliyə piyada qalxmaq tələb olunur. Nəzərə alınsa ki, ziyarətçilər arasında azyaşlı uşaqlar, yaşlılar, əlillər və xəstələr var, o zaman xidmətin hansı vəziyyətdə qurulduğunu görmək çətin deyil.

Bundan əlavə ziyarətdə olduğu müddətdə vətəndaşlara pulsuz olaraq su belə təklif olunmur. Əvvəldə deyildiyi kimi buranın su və kanalizasiya xətləri yenidən qurulsa da, vətəndaşların istifadəsi üçün bir bulaq belə nəzərdə tutulmayıb. Susuzluqdan yanan ziyarətçiləri mənzil başında çayxana gözləyir. Xidməti qənaətbəxş hesab olunmayan bu çayxanada dəyəri 10 manat olan adi çay sifariş verənlər arzuolunmaz qonaq kimi qarşılanır. Yeyib-içməklə məşğul olan ziyarətçilər xüsusi diqqətdə saxlanılır və sonda onlar da bazar qiymətlərindən çox baha olan hesabla qarşılaşırlar.

İstirahət kompleksində otel kimi təqdim olunan binaya isə ümumiyyətlə giriş qadağandır.

Digər bir məqam. Bu cür təbiət qoynunda olan komplekslərdə yerin asfaltlanması nə dərəcədə düzdür, o haqda mütəxəssislər fikir bildirəcəklər. Lakin 40 dərəcə istinin altında qaynayan asfaltın üzərilə payi-piyada hərəkət etmək ekzotika həvəskarı olan ziyarətçiləri də haldan saldığını gördük. Məgər şəhərin ortasında salınan və asfaltdan baha başa gələn daş döşəmələrdən burada istifadə oluna bilməzdimi? Bəs o zaman bu işlər üçün ayrılan milyonlarla vəsait hara xərclənib?

İradlarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin buradakı nümayəndəsinə bildirdikdə, maraqlı cavabla qaşılaşdıq: Kompleks cəmi 3 gündür fəaliyyətə başlayıb, imkan verin işləyək, iradlarınızı düzəldək.

Əməkdaşımızın, “olmazdımı ki, bütün problemləri həll edəndən sonra açılış edəydiniz?” sualı isə cavabsız qaldı.

Ağır təəsüratlarla dağılmış asfalt yolların üstü ilə geriyə qayıtdıq. Cavabını almadığımız bir sual haqda düşünə-düşünə:

Axı, biz adambaşına o 2 manatı hansı xidmətlər üçün ödədik?

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button