Göygöldə kəndi sel basıb, ölənlər var

Topalhəsənə dincəlməyə gələnlərin maşınını sel aparıb

Göygöl rayonunun Topalhəsənli kəndində fasiləsiz yağan leysan yağışlar nəticəsində əhaliyə ciddi ziyan dəyib. Ölən və yaralananların olduğu bildirilir.

İlkin məlumata görə, kənd sakinlərinə məxsus yüzə yaxın mal-qaranı,  toyuq-cücəni sel aparıb.

Turizm zonası olan kənddə onlarla restoran, istirahət mərkəzi var. Həmin obyektlər su altında qalıb, mərkəzə dincəlməyə gələnlərdən bir neçə nəfərin maşınını sel aparıb. Kənd sakinləri Meydan TV-yə bildiriblər ki, dünəndən işıq, qaz verilişi dayandırılıb. Evlərini basmış suyu vedrələrlə daşıyırlar. Digər kəndlərə gedən yollar dağılıb, hazırda yolları açmaq üçün texnika işləyir.

“Evdəki bütün ərzaqlar su içindədir. Televozor, soyuducu yəqin ki işləməyəcək. Heyvanları da sel apardı. Vəziyyətimiz necə olacaq, bilmirik”,-sakinlərdən biri deyib. Bildirib ki, işıq olmadığından mobil telefonlar da sönüb, əlaqə kəsilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun məlumatına görə, 2 nəfər sel axınına düşərək ölüb. Daha 3 nəfər isə xilas edilib. Həmin şəxslər Gəncədən kəndə istirahətə gedənlər olub.

Eşqin Qasımovun sözlərinə görə, dağılmış yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Göygöl İcra Hakimiyyətindən isə bildirilib ki, hazırda bütün əməkdaşlar sel basmış kəndlərdədirlər. Dəymiş zərər hələlik bəlli deyil.  Rayonun Kərəmli, Şəhriyar və Zurnabat kəndinə də sel gəlib.

The post Göygöldə kəndi sel basıb, ölənlər var appeared first on MEYDAN.TV.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button